“Qələmim deyir ki...”
Bəzən öz-özünə sual
edirsən ki, ölməz şairimiz Mikayıl Müşfiqin
(1908-1938) poeziyası niyə
bu qədər sevilir? Cavab çox sadə olur: Müşfiqin lirikasında
insana, torpağa, dünyaya sevgi və işıqlı gələcəyə inam
hissi güclü olduğu üçün.
Qısa ömründə
deyim-duyum tərzi ilə seçilən, başdan-ayağa humanizm mücəssəməsi olan
bədii irs
qoyub getdiyi üçün...
M.Müşfiq “İnsan qəlbinin
mühəndisi postunda”
adlı kiçik məqaləsini bu sözlərlə başlayırdı:
“Mən 1908-ci ildə
irticanın amansız
və zülm ilə dolğun günlərində müəllim
Mirzə Qədir İsmayılzadənin ailəsində
anadan olmuşam”. Dövrün
amansızlığı azmış
kimi, o, xoşrəftar,
mehriban bir qadın olan anası Züleyxanı
lap erkən itirir.
Südəmər körpə ikən
isti ana nəfəsindən, həzin,
şirin ana laylasından, məhəbbətindən
məhrum olur. 6 yaşında isə
balaca Mikayıl atasını itirir. Əmisinin, ata nənəsi Qızqayıt ananın himayəsində böyüyür.
Dayəsi Arina Rodionovna
görkəmli rus şairi A.S.Puşkinə necə təsir göstərmişdisə, o da
Mikayılın qəlbində
şifahi xalq ədəbiyyatımıza hüsn-rəğbət
oyatmışdı. Qızqayıt
nənənin danışdığı
nağıllar, xalq dastanları, tez-tez misal çəkdiyi atalar sözləri, astadan zümzümə etdiyi bayatılar, laylalar gələcək şairin zəngin xalq yaradıcılığı
ilə tanış
olmasında əhəmiyyətli
rol oynamışdı.
Bu gün də uşaqların, məktəblilərin
sevə-sevə oxuduqları
“Şəngül, Şüngül,
Məngül”, “Kəndli
və ilan” və s. nağıllar Azərbaycan şifahi xalq ədəbiyyatının
şairin yaradıcılığına
qüvvətli təsiri
olan nümunələrindəndir.
Deyilənə görə, Mikayıl hələ kiçik yaşlarından mütaliəni
çox sevərdi, əlinə keçən
kitabı oxuyub qurtarmamış yerə qoymazdı. Ev adamları onu
tez-tez zəif lampa işığında,
sinəsi üstə kitab olduğu halda görərdilər.
Zəngin hafizəsi varmış.
Oxuduğu hər bir şeiri yadında saxlaya bilirmiş. Onu sinif yoldaşlarına
sevdirən də çox gözəl şeir oxuması imiş...
1926-cı ildən dövri
mətbuatda ilk şeirləri
dərc olunan şair elə o vaxtdan oxucuların sevgisini qazanır. İlk kitabı
“Küləklər” çapdan
çıxanda o, Bakı
Dövlət Universitetinin
III kursunda oxuyurdu.
Sonralar müəllifin doqquz kitabı (“Günün səsləri”, “Buruqlar arasında”, “Vuruşmalar”
və s.) işıq üzü gördü və ədəbi ictimaiyyət tərəfindən
maraqla qarşılandı.
1935-37-ci illərdə yazdığı şeir və poemaları daxil edilən “Çağlayan” kitabını
nəşr etdirmək
isə müəllifə
qismət olmadı.
Poeziyası bulaq kimi çağlayan şair 1938-ci ildə, 30 yaşında repressiyaya məruz qalaraq parlaq ömrü yarıda kəsildi...
Gözəllik aşiqi düşəndə
yada...
M.Müşfiqin ürək yanğısı
ilə yaratdığı
şeirlər haqq verir deyək ki, o, sözün həqiqi mənasında, lirika ustasıdır. “Küləklər”,
“Həyat sevgisi”, “Sənin gülüşlərin”,
“Sənin gözlərin”,
“Mənim eşqim”, “Bir də baxsan
mənə”, “Yenə
o bağ olaydı” və s. lirika nümunələrini, ədəbi
inciləri kim unuda bilər?!
Sən onun eşqilə,
məhəbbətilə,
Vurmadın ömrünü, başa,
ürəyim.
Sevgi hədəfini nişan alanda
Dəydimi oxların daşa,
ürəyim?!
Hicran dəryasında qəlbim
bir ada,
Fırtınam ziyada, dalğam
ziyada.
O ellər gözəli düşəndə
yada
Az qalır xəyalım
şaşa, ürəyim.
“Əbədiyyət nəğməsi”
şeiri onun lirikasının canıdır,
ruhudur desək, yanılmarıq. Müəllifin fikrincə, həqiqi şeriyyət əbədidir,
kainat mövcud olduqca poeziya da var olacaq:
Bu dumanlı dağın başı mən olsam,
Dibinin ağlayan daşı
mən olsam,
Hal bilən, dil bilən qara gözlərin
Qələmim deyir ki, qaşı mən olsam.
Ellərin ürəyi kövrəkləşəndə,
Dolu gözlərinin yaşı
mən olsam,
Bəzi adamları bilməyim
deyə,
Hislərim korşalıb, naşı
mən olsam.
Bir sərxoş ölümün
əlindən düşüb
Nə zaman qırılan
kaşı mən olsam,
Şair yeni-yeni sözlər
bulacaq,
Kainat olduqca şeir olacaq!
M.Müşfiqin yaradıcılığında “Yenə o bağ olaydı...” şeirinin isə məxsusi yeri var. Bu şeirin yazılma tarixi ilə əlaqədar olaraq Müşfiqin tədqiqatçısı, mərhum
professor Gülhüseyn Hüseynoğlunun
“Həmişə oxucuların
yanında” adlı mənsur şeirini yada salaq: “Biri
vardı, biri yoxdu... Bir şair
vardı, od
kimi alışıb yanardı, yandırardı...
Bakı bağlarına yolu düşdü bir gün onun, nə düşdü. Odlu qəlbinə od
düşdü, alovlandı,
alovlandı. Müqəddəs Olimp dağlarından
öz məcrasını
götürən müqəddəs
Olimp meşəli bu gün də
müasir, sönməzdirsə,
şairin ecazkar söz fırçası
da o cür məharətlə neçə-neçə
sevən ürəklərdə,
sevən qəlblərdə
məhəbbət, müqəddəs
sevgi atəşi alovlandırdı.
İsti yay günləri yerini yağışlı,
pəjmürdə payıza
təhvil verir. Çal-çağırlı, səs-küylü Bakı bağları boşalır, yetim qalır. Şair də digər
sakinlər kimi bu gözəlliyi tərk edir. Amma özü getsə də, ürəyi orda – arzularının, istəyinin məkanı Bakı bağlarında qalır. Gecə yarısı qəlbinin hərarəti az qala kağızı yandırır...”.
Şairin
yanar qəlbinin odu oxucuların da qəlbinə od salır,
həsrət oyadır.
“Yenə o bağ olaydı...” şeirini oxuyan hər kəsin dodaqları qeyri-ixtiyari tərpənir,
ürəklər riqqətlə
bu məhəbbət himnini, nəğməsini
təkrar edir, pıçıldayır:
Yenə o bağ olaydı,
yenə yığışaraq
siz
O bağa köçəydiniz...
Biz də muradımızca fələkdən
kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı,
səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?
Zaman keçsə
də, yenə o göydəki ay, xırçın
ləpələr, qumlu
sahillər gələcək
nəsillərin, gənclərin
üzünə güləcək. Fərəhli,
xoşbəxt anlarda Müşfiqin nakam ruhu onların başının üstündə
olacaq...
Müasirlərini özünü dərk edən, zamanın sınaqlarından, mühitinin
hadisələrindən baş
çıxaran, “xalqilə
titrəyən, xalqilə
gülən” görmək
istəyən Müşfiq
“Alqış, varlığını
duyan insana!” misrasını heç də təsadüfən işlətməyib. Çünki özünü dərk
edən insanın nəcib sifətlərindən
biri də xalqına, millətinə,
yurduna əbədi, sonsuz məhəbbət bəsləməsidir. Müşfiq müasir insanı həmişə belə görmək istəyirdi.
Şair gözəl təbii mənzərələr, lirik
peyzajlar ustasıdır. Bu ustalıq
ana yurdun təbiətinə qəlbən
bağlılıqdan, ona
sonsuz sevgidən qaynaqlanır:
Ulduzlar ətrafa nur səpələr,
Bir bölük uşaqdır
şən ləpələr,
Onların əlində top kimi
ay,
Sevgilim, başında ağ kəlağay
Sahilə gəl,
Seyr elə, gəl!
Şair
“Sənin gülüşlərin”
şeirində insanları
xoşbəxt, gülərüz
görmək arzusunu dilə gətirir, qaraqabaq halı normal hesab etmir:
Cahan ki solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən
ölmək!
Yazıq o şəxsə
ki qaraqabaqdır.
Nə qədər yaraşır
insana gülmək!
Sonuncu misra hazırda zərb-məsəl kimi də dillərdə dolaşır...
* * *
Bir dəfə
Bakı məktəbliləri
arasında ən qısa, məntiqli, məzmunlu sərbəst inşa müsabiqəsi keçirilirmiş. Müsabiqədə
baş mükafata layiq görülən yazı işi yalnız bircə cümlədən ibarət
olur: “Sokrat insanları çox sevirdi, ona görə
də onu zəhərləyib öldürdülər”.
Nə qədər düşündürücü,
yerində deyilmiş ifadədir. Mən isə bu ifadəni Mikayıl Müşfiqin taleyi ilə bağlayardım.
Vətəni, xalqı,
geniş mənada, bəşəriyyəti sevən
bir qələm sahibinin, gözəllik aşiqinin ömür yoluna daş qoymaq əslində gözəlliyə, humanizmə
qənim kəsilmək
idi... “İşıqlı
dünyadan necə əl çəkim” deyən 110 yaşlı şairin işıqlı
yaradıcılığından doymaq mümkündürmü?!
Ruhu şad olsun.
Əmrah HÜSEYNOV,
Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı
rayon nümayəndəliyinin əməkdaşı,
Əməkdar mədəniyyət işçisi
Mədəniyyət.- 2018.- 25 iyul.- S. 13.