Cümhuriyyətin 100 illiyi şərəfinə

 

“Mədəniyyət” qəzetinin xüsusi buraxılışı çapdan çıxıb

 

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”.

“Mədəniyyət” qəzetinin “Cümhuriyyət 100” adlı xüsusi buraxılışının ilk yazısı Prezident İlham Əliyevin mayın 28-də Cümhuriyyətin yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda dediyi bu sözlərlə başlayır.

Ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 17 may 2017-ci il tarixli və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ilielan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin xüsusi buraxılışı hazırlanıb. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış “Mədəniyyət” qəzeti redaksiyasının və “Baku GuideMMC-nin birgə nəşri olaraq ərsəyə gəlib.

“Cümhuriyyət 100” xüsusi buraxılışında dövlətçilik tariximizin bu şanlı səhifəsinin zəngin irsi, 1918-1920-ci illərdə milli dövlət quruculuğunda əldə olunan nailiyyətlər, o dövrün mədəni irsimizə verdiyi töhfələr, eləcə də Mədəniyyət Nazirliyinin Cümhuriyyətin yubileyi ilə bağlı həyata keçirdiyi bir sıra layihə və tədbirlər, bütün ölkə boyu bu münasibətlə gerçəkləşən mədəni-kütləvi mərasimlər əksini tapıb.

İstiqlal hər bir millətin ən taleyüklü amalıdır. Amma müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Milli istiqlal irsimizə böyük ehtiram bəsləyən, onun öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini daim vurğulayan ulu öndər Heydər Əliyev Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, möhkəmləndirilməsi yolunda müstəsna xidmətlər göstərib. Xüsusi buraxılışdakı “Cümhuriyyət və tarixi varislik məsuliyyəti” başlıqlı yazıda bu barədə söz açılır. Qeyd olunur ki, Heydər Əliyevin Cümhuriyyətə həsr olunmuş bütün çıxışları Azərbaycanın keçmişinə, indisinə və gələcəyinə işıq salan proqram xarakterli nitqlərdir. O, Cümhuriyyətin 80 illiyi ilə bağlı mərasimdə demişdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Biz Respublika Gününü qeyd edərkən o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda mübarizə aparanları – Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi və başqalarını böyük minnətdarlıq hissi ilə yad edirik”.

Bu gün müasir Azərbaycan dövləti Cümhuriyyətin irsini yaşadaraq yoluna davam edir. “Dövlətçiliyimizin qurulmasında, milli kimliyinmilli maraqların formalaşmasında əvəzsiz rolu olan Xalq Cümhuriyyəti bizim bu günədək fəxr etdiyimiz saysız uğurlara imza atmışdır” –  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi buraxılışda iqtibas edilən bu sözləri də əsrlik yubileyini təntənə ilə qeyd etdiyimiz Cümhuriyyətin tariximizdəki yerini və əhəmiyyətini bir daha diqqətə çatdırır.

Xüsusi buraxılışda Cümhuriyyət Parlamentində asılan və 27 aprel 1920-ci il tarixində oradan götürülən, Cümhuriyyətin tanınmış simalarından Mirzəbala Məmmədzadə tərəfindən gizli olaraq saxlanılan, sonra Türkiyəyə aparılan üçrəngli dövlət bayrağımızın vətənə qaytarılmasından, Cümhuriyyətin diplomatik irsinə dair sənədlərdən bəhs edən məqalələr, eləcə də Azərbaycan İstiqlal Muzeyində “Cümhuriyyət” zalının və Qafqaz İslam Ordusuna həsr olunan sərginin, Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti - 100” sərgisinin açılışından, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən digər tədbirlərdən bəhs edən yazılar yer alıb. Respublika Günündə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Kristal Zalında gerçəkləşən möhtəşəm konsert, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakının Azadlıq meydanında təşkil olunan təntənəli hərbi parad, həmçinin paytaxtın mədəniyyət ocaqlarının “Cümhuriyyət ili”nə töhfəsi nəşrdə ətraflı işıqlandırılıb.

“Cümhuriyyətin tarixi və simaları ekranda” adlı yazıda sovet dövrü kinolentlərindəki tarixi məqamlara ekskurs edilməklə yanaşı, müstəqillik dövründə bu mövzuda çəkilən filmlərdən, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodüseri olduğu “Əli və Nino” bədii (2015), Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Əbədi ezamiyyət” (2016) və “Son iclas” (2018) sənədli-bədii filmləri, Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında istehsal olunan “Cümhuriyyət tələbələri” sənədli filmis. nümunələrdən bəhs edilir.

Xüsusi buraxılışın böyük bir hissəsi ölkəmizin regionlarında “Cümhuriyyət ili” çərçivəsində gerçəkləşən tədbirlərə ayrılıb. 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olan Naxçıvanda, Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin əhatə etdiyi şəhər və rayonlarımızda təşkil olunan konsert və sərgilər, konfrans və dəyirmi masalar, digər mərasimlər nəşrdə əksini tapıb. Nazirliyin Gəncə, Sumqayıt, Şəki, Xaçmaz, Biləsuvar, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Sabirabad, Ağdaş, Ağstafa, Bərdə, Ağcabədi, Şəmkir regional idarələri üzrə xüsusi səhifələr bölgələrimizin “Cümhuriyyət ili”ndə rəngarəng mədəni həyatını dolğun şəkildə işıqlandırır.

Mədəniyyət Nazirliyi tərəfindən “100 illik tariximiz” başlığı altında keçirilən “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına da nəşrdə ayrıca yer verilib.  Cümhuriyyətin 100 illiyinə həsr olunmuş festivalın məqsədi Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni zənginliyinin nümayiş etdirilməsi, bölgələrarası mədəni mübadilənin gücləndirilməsidir.

Bundan əlavə, xüsusi buraxılışda 1918-1920-ci illər tariximizin ayrı-ayrı səhifələri – Cümhuriyyətin elanı, Milli Şura və Cümhuriyyət Parlamenti, Milli Ordunun yaranması, Bakının işğaldan azad edilməsi, Cümhuriyyətin hökumətləri, milli dövlətimizin xarici siyasəti, Cümhuriyyətin süqutu barədə yazılar, habelə o dövrün ictimai-mədəni mənzərəsi haqqında “Musiqi mədəniyyətimiz Cümhuriyyət dövründə”, “Cümhuriyyət dövrünün teatr həyatı”, “İstiqlal düşüncəsinin formalaşmasında milli mətbuatın rolu”, “Cümhuriyyət dövründə kitabxanamuzey işi”, “İlk istiqlal dövrümüzün ədəbi salnaməsi” və s. başlıqlı məqalələr dərc olunub.

“Cümhuriyyət mövzusu təsviri sənətimizdə”, “Qərib məzarlar” (Cümhuriyyət qurucularının əbədi məkanlarına ziyarət), “Cümhuriyyətin mirası – dövlət simvollarımız” kimi yazılarda tariximizin şanlı salnaməsini yaradanlara dərin ehtiram hissi ifadə olunmaqla yanaşı, bugünkü müstəqil Azərbaycan dövlətinin onların xatirəsinə ucaldılmış ən böyük abidə olduğu vurğulanır. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” – ulu öndər Heydər Əliyevin bu tarixi sözləri “Cümhuriyyət 100” xüsusi buraxılışının ümumi leytmotivini əks etdirir.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 15.