Bakıda
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı
başlayıb
İyulun 26-da Bakıda, Xəzər sahilindəki “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalı başlayıb. Üçüncü dəfə təşkil olunan festivalın iştirakçılarının öncə qırmızı xalı üzərində ənənəvi keçidi olub.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
“Builki festivalın hazırlıq işlərinə təxminən bir il vaxt sərf olundu. Biz “Jara-2017” Beynəlxalq Musiqi Festivalını başa çatdırdıqdan sonra keçən il avqust ayının əvvəlində görüşdük və görəcəyimiz işləri planlaşdırmağa başladıq”.
Bu sözləri “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından Emin Ağalarov tədbir öncəsi keçirilən mətbuat konfransında deyib. Qeyd edib ki, budəfəki festivalda 75 ifaçı çıxış edəcək, ümumilikdə 1200-dən çox musiqiçi gəlib.
Həmçinin diqqətə çatdırılıb ki, festivalla bərabər “Bir dəfə “Jara”da” adlı filmin çəkilişlərinə başlanılıb. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb. Filmdə iştirak edəcək 58 artistdən biri də Stiven Siqaldır. O da ilk dəfə olaraq bu festivalda iştirak edir. Həmçinin hər bir artist üçün “Jara” albomunun hazırlanması nəzərdə tutulur.
Mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları – Qriqori Leps və Sergey Kojevnikov, məşhur rusiyalı ifaçılar Filip Kirkorov, Lyubov Uspenskaya jurnalistlərin suallarını cavablandırıblar.
“Jara” Beynəlxalq Musiqi Festivalı musiqi aləmində 2018-ci ilin ən vacib hadisələrindəndir. Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, deyə bilərəm ki, “Jara” festivalı təşkilatçılığının çox yüksək səviyyədə olması ilə digərlərindən seçilir”, - deyə Filip Kirkorov bildirib. O, göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qriqori Leps isə festivalda gənc ifaçıların iştirakını yüksək dəyərləndirib.
İlk dəfə bu festivalda iştirak etdiyini qeyd edən Lyubov Uspenskaya təşkilatçılığın yüksək səviyyədə olduğunu, Bakını da gəzəcəyini qeyd edib.
Bildirək ki, III “Jara-2018”
Beynəlxalq Musiqi Festivalı dörd gün davam edəcək və iyulun
29-da başa çatacaq.
Mədəniyyət.- 2018.- 27 iyul.-
S. 2.