Azərbaycanlı dirijorun idarəsi ilə

 

İyulun 26-da TÜRKSOY Gənclər Kamera Orkestrinin ikinci dəfə çıxdığı Balkan turu Kosovonun paytaxtı Priştinada konsert proqramı ilə başlayıb.  Orkestr 2002-ci ildən ənənəvi olaraq keçirilən “Sənətlə oyanmaq” festivalının bağlanış mərasimində səhnəyə çıxıb. Azərbaycanlı gənc dirijor Mustafa Mehmandarovun idarə etdiyi orkestrin budəfəki qastrol səfəri TÜRKSOY-un 25 illik yubileyinə həsr olunub.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə qurulan orkestrin dirijoru Azərbaycandan Mustafa Mehmandarovdur. Orkestrdə bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyədən sənətçilər yer alıb. Azərbaycanlı skripka ifaçısı Hüseynəli Hüseynəliyev kollektivin qastrol turuna ilk dəfə qatılıb.

Balkan səfəri çərçivəsində növbəti konsert iyulun 27-də Kosovonun Prizren şəhərində olacaq. 30 iyulda orkestr Çernoqoriyanın (Monteneqro) Çetinje (Tsetine) şəhərində, avqustun 1-də Bosniya və Herseqovinanın Mostar şəhərində, ayın 3-də ölkənin paytaxtı Sarayevoda və 4 avqustda Bosniya və Herseqovinanın Zenica (Zenitsa) şəhərində dinləyicilərlə görüşəcək.

Konsertlərin proqramı iki hissədən ibarətdir. Birinci hissədə dünya bəstəkarlarının klassik əsərləri, ikinci hissədə isə türk ölkələrinin tanınmış bəstəkarlarının əsərləri ifa edilir.

 

Mədəniyyət.- 2018.- 27 iyul.- S. 3.