Onları cəmiyyətin
bərabərhüquqlu fərdləri kimi görməliyik
Xüsusi
istedadı, yaradıcılıq qabiliyyəti olan fiziki
qüsurlu insanlarla görüş
İyulun 26-da “Park İnn” mehmanxanasında Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz (MEMM) tərəfindən xüsusi istedadı, yaradıcılıq qabiliyyətləri olan fiziki qüsurlu insanlarla “Hər şeyə rəğmən” adlı müzakirə xarakterli görüş təşkil olunub.
Görüşün keçirilməsində məqsəd əlilliyi olan şəxslərin digərlərindən fərqləndirilməməsi, onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, mənəvi cəhətdən yardım göstərməyə, onları dinləməyə və anlamağa çalışmaq lazımdır.
Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, əlilliyi olan insanlarla çalışan təşkilatların təmsilçiləri iştirak ediblər.
Əlilliyi olan vətəndaşların məşğulluq
imkanlarına yiyələnmələrinə daha geniş
şərait yaradılması, bu istiqamətdə yeni layihələrin
həyata keçirilməsi, sağlamlıq imkanları məhdud
şəxslərin mədəniyyət sahəsində fəaliyyətinə
dair müzakirələr aparılıb.
Mədəniyyət.- 2018.- 27 iyul.-
S. 4.