Hərbçilər üçün muzeylərə ekskursiya təşkil edilib

 

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitlərinin muzeylərə ekskursiyaları təşkil edilib.

Zabitlər əvvəlcə Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, muzeydə Azərbaycanın bu qədim bölgəsinin tarixi və mədəni irsi ilə bağlı 50 minə yaxın eksponat qorunub saxlanılır.

On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, PaleolitNeolit dövrlərinə aid əşyalar, dən daşları, daş çəkiclər, sümük bizlər, Naxçıvan ərazisində aşkar olunan misgümüş pullar, Əcəmi Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.

Zabitlər “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə xatın türbəsi və Açıq səma altında muzey kompleksi ilə də tanış olublar. Muzeydə Naxçıvan xanlığının tarixinə dair 900-dən çox eksponat var. Möminə xatın türbəsi yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir. Açıq səma altında nümayiş etdirilən, Naxçıvan Muxtar Respublikası ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr qonaqlarda böyük maraq oyadıb.

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitləri Xatirə muzeyini, eləcə də muxtar respublikanın rayonlarında yerləşən tarix-diyarşünaslıq muzeylərini də ziyarət ediblər.

 

Mədəniyyət.- 2018.- 27 iyul.- S. 7.