“Mən ki gözəl
deyildim”
Milli kino salnaməsini vərəqlədikcə bir-birindən maraqlı, yaddaqalan, eyni zamanda rejissor peşəkarlığı, aktyor sənətkarlığı ilə səciyyələnən xeyli ekran əsərinin olduğunu görürük. Azərbaycan kinosunun 120 yaşının qeyd edildiyi bir zamanda on illərdir tamaşaçıların sevə-sevə izlədiyi filmlərimizi xatırlayırıq. Bu dəfə 50 yaşlı “Mən ki gözəl deyildim” bədii filmindən söz açacağıq.
Ekran əsəri 1968-ci ildə yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında çəkilib. Quruluşçu rejissorları Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, operatoru Aleksey Polkanov, rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Fikrət Əmirovdur. Filmin ssenarisini Bayram Bayramov, Ağarza Quliyev və İqor Strekov birgə yazıblar.
Kinolentdə unudulmaz aktyorlar İsmayıl Osmanlı, Eldar Əliyev, Sadıq Hüseynov, Ələddin Abbasov, Rza Əfqanlı, Şahmar Ələkbərov, Sədayə Mustafayeva və başqaları rol alıb.
Hamı üçün yaşamaq istəyi
Filmdə hadisələr Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycanın dağ kəndlərinin birində cərəyan edir. Uşaq ikən anasını itirən, atasını cəbhəyə yola salan gənc qız Səidənin taleyi ekran əsərinin mərkəzində durur. Filmin yaradıcıları əsas diqqəti qəhrəmanı əhatə edən mühitlə ayrılmaz surətdə bağlı olan düşüncələrinin açılıb göstərilməsinə yönəldiblər. Film mesaj verir ki, insanlar arasında əlaqə və anlaşma olmalı, bir-birinə qarşı biganəlik göstərilməməlidir. İnsana təkcə özü üçün deyil, hər şeydən əvvəl başqaları üçün yaşamağı da bacarmaq, fayda vermək, insanlara sevinc gətirmək kimi hislər aşılanır.
Səidənin atası cəbhədən göndərdiyi son məktubunda qızına yer üzünün hər yerində uzanan və ayrı-ayrı adamları, bütövlükdə bəşəriyyəti birləşdirən cığırlardan söz açır. Film boyu gənc qəhrəmanın qarşısına qoyduğu məqsədə çatmaq üçün atdığı addımların onun mənəvi aləminin zənginləşməsinə, cəmiyyətə yararlı insan kimi formalaşmasına həlledici təsir göstərdiyinin şahidi oluruq.
Ekran əsərini bütövlükdə rejissorun müharibə haqqında düşüncələri adlandırmaq olar və bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin obrazları çox inandırıcı boyalarla təqdim olunur. Hansı məqamda olursa-olsun, insan yaşamağa can atır. Rejissor filmdə zamanın obrazını yaradıb, zaman və insan taleyinin harmoniyasına nail olub.
Filmdə baş qəhrəmanı canlandıran Xalq artisti Xuraman Qasımova Azərbaycan musiqi sənətində əvəzsiz simalardandır. O, ilk dəfə yazıçı Həsən Seyidbəylinin “Xidmət lifti” hekayəsinin motivləri əsasında çəkilmiş “Liftçi qız” qısametrajlı filmində Lalə obrazını yaratmışdı. Filmdə gənc qızın taleyindən, ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanaraq həyatda düzgün yol tapmasından danışılır. “Mən ki gözəl deyildim” filmində Səidə rolunu məharətlə oynayan Xuraman Qasımova böyük tamaşaçı məhəbbəti qazanır.
Film müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil edilib. 1969-cu ildə Kiyevdə keçirilən kinofestivalda mükafat qazanan ekran əsərində Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə birinci yerə layiq görülüb...
Nikbin xarakterli Məzahir
Bu il 75 illiyi qeyd edilən mərhum sənətkar, görkəmli kinoaktyor, Xalq artisti Şahmar Ələkbərovun yaradıcılığında Məzahir obrazının özünəməxsus yeri var. “Mən ki gözəl deyildim” filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil aktyorun xarakterinə biçilmişdi. O, heç bir improvizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır. Müharibənin ağır günlərində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahir kinomuzda yeni bir obraz idi. Sürücü oğlanın nikbin ruhu filmin faciəvi yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir. Məzahirin sevgisində də bir səmimiyyət var.
Filmin çəkilişində faciə
“Mən ki gözəl deyildim” filmi kino tariximizdə
həm də kədərli tarixi ilə yadda qalıb. Çəkiliş
prosesində böyük faciə yaşanıb. Əməkdar
incəsənət xadimi Əbdül Mahmudbəyov həmin
hadisəni müsahibələrinin birində belə
xatırlayır: “Kinoda bəzən hadisələrin
gedişatına proqnoz vermək olmur. “Mən ki gözəl deyildim” filminin
çəkilişində mən ikinci rejissor, Rasim Ocaqov
operator idi. Çəkilişlər Lənkəranda gedirdi. Filmdə
Dneprin alınması səhnəsi lentə alınanda
çaya iki qayıq buraxıldı. Birində aktyorlar idi, digərində
çəkilişin texniki heyəti. Partlayış səhnəsində
zabitin səhlənkarlığındanmı, yoxsa
ehtiyatsızlığındanmı, həqiqi partlayış
baş verdi. Faciə çox böyük idi, o hadisənin təsirindən
uzun müddət çıxa bilmədik. Çox istedadlı
cavan rejissorumuz Ramiz Əliyevi, Arif adlı operatoru və daha
iki kino işçisini itirdik. Bizə döyüş səhnələrində
kömək edən rus əsilli polkovnikin ayaqlarını kəsdilər.
Rasim Ocaqov operator kimi filmdən imtina etdi, sonradan başqa tərkib
cəlb olundu və filmi rəhmətlik Tofiq Tağızadə
başa çatdırdı”.
Rejissor
Rasim Ocaqovun xatirələrində isə oxuyuruq: “1967-ci ildə
“Mən ki gözəl deyildim” filminin birinci yaradıcı heyəti
ilə Lənkəranda faciəli hadisə baş verdi. Orda
müharibə vaxtı bizim əsgərlər qayıqla
üzür və ətrafda partlayışlar baş verməli
idi. Birinci çəkiliş ərəfəsində biz
pirotexniklərlə döyüşün təfsilatını,
qamışlar arasından keçib gedəcək desant
qayıqları arasındakı altı partlayışın
hündürlüyünü, ölçülərini
götür-qoy etdik. Budur, Port-İliç körfəzi, 21
iyul 1967-ci il. Səhər indi açılıb. Çəkiliş
qrupu xüsusi hərbi sal üzərində öz yerini tutur.
Aktyorların mindiyi qayıqlar görünür. Pirotexniklərə
işarə verilir: “Çəkiliş başladı. Birinci kadr.
Birinci dubl”. Birinci, üçüncü... beşinci
partlayış - hər şey əladır. Altıncı!
Ayaqlarımızın altında nəsə guppuldayır və
tam sakitlik çökür. Özümə gələndə
dəhşətli mənzərə gördüm. Hər
şey tüstü içində idi. Birdən sükutu vahiməli
bağırtılar pozdu. Xaos. Çaxnaşma. Kimsə
kömək etməyə çalışır. Desantlar
qayıqda avar çəkirlər. Onlara, deyəsən,
heç nə olmayıb, təkcə aktyor Ələddin
Abbasovun əlindən qan axırdı. Bizi vertolyotlarda
apardılar. Dörd nəfər həlak oldu. Dörd nəfər
yaralandı. Sonralar məlum oldu ki, pirotexnik partlayıcı
qurğunu səhv salıb, üstünə mindiyimiz
saldakı qurğunu partladıb...”.
* * *
“Mən
ki gözəl deyildim” filmi Azərbaycanın bir neçə
dilbər guşəsində lentə alınıb. Çəkiliş
prosesindən 50 il keçməsinə baxmayaraq, Daşkəsən
rayonunun Bayan kəndində Səidəgilin evində hələ
də yaşayış var. Kəndin görkəmi də bir o
qədər dəyişməyib.
Evin sakini
Ramazan Hüseynov buranı təsadüfən
aldığını söyləyir. Bu film müharibə illərinin
kino salnaməsinin bir səhifəsi olmaqla bərabər Bayan kəndinin
də adını tarixə yazıb.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 27 iyul.-
S. 10.