Azərbaycan təsviri
sənətinə töhfələr
Xalq rəssamı Hüseyn
Əliyevin geniş auditoriyaya
məlum olmayan əsərləri
aşkarlanıb
XX əsrin 40-cı illərindən başlayaraq Azərbaycanın yaradıcılıq məkanında özünəməxsusluğu ilə seçilən məşhur sənətkarlardan biri Xalq rəssamı Hüseyn Əliyev (1911-1991) olub. Mövzu və janr müxtəlifliyi, bədii təsvir vasitələrinin rəngarəngliyi rəssamın yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdir.
Təsviri sənətin müxtəlif janrlarında fırçasını sınayan rəssamın yaradıcılığında cəmiyyətdəki çatışmazlıqları, savadsızlığı, dini mövhumatçılığı, cəhaləti kəskin tənqid edən karikaturalara və qrafik rəsmlərə, vətənpərvərlik mövzusunda plakatlara, əməkçilərin, görkəmli ədiblərin, mütəfəkkirlərin və tarixi şəxsiyyətlərin obrazlarını canlandıran portretlərə, Azərbaycan təbiətinin valehedici gözəlliyini əks etdirən mənzərələrə, təbiətin nemətlərini təsvir edən natürmortlara, o cümlədən məişət janrlı əsərlərə rast gəlinir.
Hüseyn Əliyevin mətbuat orqanlarında rəssam kimi fəaliyyəti qrafik rəsmlər və karikaturalar ilə səciyyələnir. Onun mütərəqqi ideyalarla zəngin olan karikaturaları yaradıcılığının erkən dövrlərini əhatə edir. 1929-cu ildə o, hələ tələbə ikən “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etməyə başlamış, dövrünün görkəmli maarifçiləri ilə tanış olmuşdu. Rəssam burada Cəlil Məmmədquluzadə kimi böyük mütəfəkkirin əsərlərindən, mütərəqqi fikirlərindən bəhrələndi. İlk qrafik rəsmləri bu mətbu orqanda dərc olunmuşdu. 1931-ci ildən isə “Kommunist” qəzetində çalışmışdı. Qəzetdə dünyada baş verən proseslər, daxili və xarici hadisələr bir çox hallarda satirik və yumoristik üsulla təsvir edilirdi.
Mövcud siyasi rejim və cəmiyyət arasında olan münasibətin təsvirində rəssam ən uğurlu səhnələrin tapılıb əks olunmasını böyük professionallıqla həyata keçirməyə müvəffəq olmuşdur. O, bu sahədə Əzim Əzimzadə ilə həmfikir idi. Öz dövründə yaşanan ictimai-siyasi hadisələri obyektiv təhlil edə bilirdi. Bu baxımdan o, “Molla Nəsrəddin” jurnalında dövrün ziyalısı kimi elmi dini xurafatdan ayıran, dini öz mənafeyinə yönləndirən mühiti tənqid atəşinə tutan karikaturalar yaradırdı. Cəlil Məmmədquluzadənin satirik felyetonları, məqalələri rəssamın çəkdiyi karikatura və qrafik rəsmləri ilə birləşərək vahid bir kompozisiya yaradırdı. Söz və rəsm burada sanki bir-birini məntiqi cəhətdən tamamlayırdı. Bu karikaturaları araşdırarkən biz Hüseyn Əliyevin simasında nəinki bir karikaturaçı rəssam, eyni zamanda maarifpərvər insanı görürük.
1952-ci ildə “Kirpi”
jurnalının nəşrə başlaması satirik qrafikanın inkişafında yeni mərhələ oldu.
Jurnal “Molla Nəsrəddin”in varisi kimi onun ənənəvi
üsulunu izləyirdi.
Karikaturaların bədii-estetik həllində
“Molla Nəsrəddin”
ənənələrindən ustalıqla istifadə olunurdu.
Məhsuldar yaradıcılığı ilə seçilən rəssam “Kirpi”nin
ilk saylarından başlayaraq
jurnalla sıx əməkdaşlıq edirdi.
O dövrdə qrafikanın,
xüsusilə də satirik qrafikanın qarşısında duran əsas məqsəd sülh uğrunda mübarizə, yeni müharibə qızışdırıcılarının
ifşası kimi mövzular olmuşdur. Hüseyn Əliyevin satirik qrafikası insan şüurunda kapitalist qalıqları, burjua ideologiyasının tör-töküntüləri
ilə mübarizə
aparır, istehsalatda, kolxozda və məişətdə olan
çatışmazlıqları ifşa edirdi.
“Kirpi” jurnalında
ictimai mülkiyyəti
dağıdan, tüfeyli
həyat tərzi sürən, vəzifədən
sui-istifadə edən
adamlar güclü tənqid atəşinə
tutulurdu.
Məlum olduğu kimi, karikaturaların əsas məqsədi ironiya və sarkazm vasitəsilə mənfi keyfiyyətləri ifşa
edərək cəmiyyətdə
onları tənqid etmək və insanlarda bu xüsusiyyətlərə
qarşı acı gülüşlə mənfi
reaksiya yaratmaqdır. Bu baxımdan
rəssamın “Köhnə
əlifbanın dəfni”,
“Kişi evlənir”, “Məktəblərimizdə”, “Çadramı
saxla, dərsdən sonra götürəcəyəm”,
“Tarixin dərsini yaddan çıxaranlar üçün”, “Elmlər
doktoru”, “Bir sirrin sərgüzəşti”,
“Sərxoş ayna qabağında” və başqa əsərləri
ibrətamiz məzmunu
ilə böyük əhəmiyyət kəsb
edir.
Hüseyn Əliyevin yaradıcılığı
və bədii irsi bu gün
də aktuallığını
qoruyub saxlayaraq müxtəlif elmi işlərin tədqiqat obyektidir. Karikatura rəssamın yaradıcılığının
ən geniş tədqiq edilmiş sahəsidir. Lakin buna
baxmayaraq onun
1953-cü ildə nəşr
olunmuş “Kirpi” jurnalından başqa heç bir yazılı mənbədə
işıqlandırılmamış karikaturaları, eləcə
də plakat və məişət janrlı tabloları tədqiqatçılar tərəfindən
yenicə aşkar edilmişdir. Onlardan həmin
ildə jurnalın
7-ci və 9-cu saylarında
dərc olunmuş karikaturaları nümunə
göstərmək olar.
Bunlar “İki məktəblinin söhbəti”
və “Rayonların çoxunda süd təhvili planı yerinə yetirilmir” adlı rəsmlərdir.
Birinci əsərdə
fikirləri bir-birinə
zidd olan iki məktəbli təsvir olunmuşdur. Əsərin mənasını açmağa
xidmət edən köməkçi detallardan
belə məlum olur ki, onlar
arasında söhbət
elm və asan yolla əldə edilmiş qazancın müqayisəsindən gedir.
Məktəbli forması geyinmiş
oğlanın əlində
kitab, sərbəst geyimli onunla həmyaşıdının əlində
isə müxtəlif
ərzaq dolu zənbil və papiros qutusu diqqətçəkən detallardandır.
Bu karikaturada tüfeyli
həyat tərzi ilə elmi fəaliyyətin
nəticələri təzadlı
şəkildə qarşılaşdırılmışdır.
“Rayonların çoxunda süd təhvili planı yerinə yetirilmir” adlı karikatura “Kirpi”nin
9-cu nömrəsində çap
olunmuşdur. Hüseyn Əliyevin
tənqid hədəfinə
çevrilən növbəti
mövzu vəzifə
başında duran məsul şəxsin öz işini icra etməməsidir.
Burada süd qəbul edən məntəqə təsvir olunub. Müəllif satiranı daha
da kəskinləşdirmək
üçün kompozisiyanın
mərkəzində buzovla
böyük bir inək yerləşdirmişdir.
Məsul
şəxsin südü
təhvil almamaqdan ötrü uydurduğu bəhanələri kəsmək
üçün rayon sakinlərindən
biri hətta inəyi onun gözü qarşısında
sağır. Məntəqə qarşısında əllərində
süd dolu qablarla hələ növbə gözləyənlər
çoxdur. Məmurun masasının
yanında rayon sakinlərindən
təhvil alınan südlə doldurulmalı
olan boş bidonlar əsərin ideyasının açılmasına
xidmət edən detallardır.
Kağız üzərində sulu boya ilə işlənmiş hər iki karikaturanın
üzərində görkəmli
rəssamın imzası
var.
Rəssamın tədqiqatdan kənarda
qalmış və bir ay öncə üzə çıxarılan
əsərlərindən pambıqçılara,
kənd təsərrüfatında
qadınların böyük
roluna, hərbi hava qüvvələrinə
yardım cəmiyyətinə
və s. mövzulara həsr olunmuş plakatlar, “Corat. Sumqayıt” adlı məişət tablosunu da qeyd
etmək lazımdır.
Hüseyn Əliyev öz qrafik rəsm və karikaturalarında, əsasən, cəmiyyətdə
baş verən siyasi və ictimai hadisələrə
öz münasibətini
bildirərək bədii
təsvir vasitələrindən
düzgün və yerində istifadə etməklə ideyalarını
tamaşaçıya çatdırırdı.
Görkəmli fırça ustası Azərbaycan təsviri sənətində göstərdiyi
xidmətlərinə görə
1977-ci ildə “Əməkdar
rəssam”, 1982-ci ildə
isə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür. O, əsərlərini
işləyərkən yaşadığı
təəssüratları tamaşaçıya
da yaşatmağa və dərk etdirməyə qadir olan böyük sənətkar kimi Azərbaycan təsviri sənətində öz yerini həmişə saxlayacaqdır.
Səyyarə
SADIXOVA, sənətşünas
Mədəniyyət.- 2018.- 27 iyul.-
S. 12.