"Qodonun intizarında" olanların həsrəti bitdi
Mayın 31-də Azərbaycan Dövlət Musiqili Teatrı mövsümün
növbəti premyerasını
təqdim etdi. Kollektiv bu dəfə dünyada absurd teatrın yaradıcılarından sayılan
fransız əsilli irland yazıçı-dramaturqu,
ədəbiyyat üzrə
Nobel mükafatı (1969) laureatı
Semuel Bekketin məşhur "Qodonun intizarında" pyesini səhnəyə çıxarıb.
Pyesin əsasında hazırlanan
eyniadlı tamaşanın
bədii rəhbəri
teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru isə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
magistr pilləsi üzrə diplomçusu Yunis Vəlipurdur.
S.Bekketin əsərlərinə, o cümlədən adıçəkilən
pyesə indiyədək
bütün dünyada
müraciət olunsa da, ilk dəfədir ki, "Qodonun intizarında" pyesi Musiqili Teatrda səhnələşdirilir. Yəqin ki, bu da
təsadüfi deyil.
Çünki ilk dəfə
Azərbaycan bəstəkarı,
Xalq artisti Fərəc Qarayev ötən əsrin 80-ci illərində dünya
absurd teatrının şah
əsəri sayılan
"Qodonun intizarında"nı
nəzərdə tutaraq,
"... İntizarında" adlı ansambl,
yaxud kamera orkestrinin müşayiəti
ilə dörd solistin teatr səhnəsində ifa etməsi üçün
musiqi əsəri yazıb.
Fərəc Qarayevin musiqisi əsasında hazırlanan
absurd-tamaşada əməkdar
artistlər Əzizağa
Əzizov, Şövqi
Hüseynov, aktyorlar Əliməmməd Novruzov,
Səmədzadə Xasıyev,
Əmrah Dadaşov, Hüseyn Əlili və yeniyetmə aktyor Hüseyn Nağıyev məşğuldurlar.
Tamaşanın
quruluşçu dirijoru
və musiqi tərtibatçısı Əməkdar
incəsənət xadimi
Fəxrəddin Atayev,
dirijoru Səməd Süleymanov, quruluşçu
baletmeysterləri əməkdar
artistlər Zakir və Yelena Ağayevlər,
səhnə tərtibatçısı
Qabil Gözəlovdur.
Pyesi Azərbaycan dilinə Şövqi Hüseynov çevirib.
***
Tamaşadan əvvəl bəstəkar
Fərəc Qarayevdən
qəzetimiz üçün
eksklüziv müsahibə
aldıq:
- Fərəc müəllim, bu yaxınlarda Azərbaycanın
Xalq artisti fəxri adına
layiq görülməyiniz
və bu tamaşa münasibətilə
Sizi təbrik edirik.
- Çox sağ olun.
Düzünü deyim ki, hər iki xəbər
məni sevindirsə də, bu tamaşa
barədə xəbər
alanda həm də heyrətləndim.
Bilirsiniz,
Bekketin əsərini tamaşaya qoyan teatr artıq bu seçimi və əməli ilə deyir ki, o, tamam başqa
səviyyəli kollektivdir,
onun teatr təfəkkürü başqadır.
- Hətta tamaşa zəif olsa belə?
- Əlbəttə!
Digər tərəfdən,
bu tamaşaya universitetin diplomçusu quruluş verir. Gənclər isə təcrübəli
insanlardan fərqli düşünürlər. Mən əminəm ki, tamaşanın bədii rəhbəri Əliqismət
Lalayev başda olmaqla tamaşa üzərində çalışan
ən son işıqçıyadək
hər kəs bu tamaşadan ötrü bacardığını
əsirgəməyib.
- Otuz il əvvəl
isə sizin bu əsərinizin taleyi gətirməmişdi...
- Bəli. O zaman Böyük Teatrda "Qodonun intizarında" səhnələşdirildi.
Tamaşa Zaqrebdə festivalda
nümayiş olunmalı
idi, amma sovet hökuməti onu qadağan etdi. Bu gün
başqa dövrdür
və mənim əsərim vətənimdə
ilk dəfə səhnəyə
qoyulur. Mən hələ orkestri
dinləməmişəm, heç
bir məşqdə iştirak etməmişəm,
amma əminəm ki, tamaşa uğurlu alınıb.
Qeyd edək ki, premyera müvəffəqiyyətlə
keçdi. Premyerada Prezident
Administrasiyasının Humanitar
siyasət şöbəsinin
müdiri Fərəh
Əliyeva, tanınmış
mədəniyyət və
incəsənət xadimləri
iştirak edirdi.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2018.- 1 iyun.-
S.2.