Mühacirətdə keçən alim ömrü

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yüzlərlə milli düşüncəli ziyalımız doğma yurdu tərk etmək məcburiyyətində qalıb. Haqsız təqib və təhdidlər üzündən xaricə üz tutan belə ziyalılardan biri də tanınmış şərqşünas alim, poliqlot Məhəmməd Ağaoğludur.

   O, 24 avqust 1896-cı ildə İrəvan şəhərində ziyalı ailədə dünyaya göz açıb. Valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olur. İlk təhsilini mədrəsədə alır. 1904-1912-ci illərdə rus gimnaziyasında oxuyur. 1914-cü ildə Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunur. Burada qədim Şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olur. Universitetdə oxuduğu dövrdə onda tədqiqatçılığa maraq yaranır. 1916-cı ildə təhsilini ədəbiyyat ixtisası üzrə başa vurur. 1919-cu ilədək İran, İraq, Türkiyə və Suriyaya səyahət edir, bu ölkələrin ədəbi mühiti ilə yaxından maraqlanır.

   Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti illərində mədəni quruculuq işlərinə qoşulur. İstiqlal Muzeyi, "Qədim abidələrin müdafiəsi cəmiyyəti"nin yaradılmasında yaxından köməklik göstərir. 1920-ci ildə Cümhuriyyət süquta uğradıqdan sonra Türkiyəyə mühacirət edir. Orada bir müddət işsiz qalsa da, sonradan İstanbul Universitetinə daxil olur. İstanbul muzeylərinin direktoru Xəlil Ədhəmin məsləhət və köməyi ilə 1923-cü ildə şərqşünas alimlər kursuna qatılır. Şərq dilləri və mədəniyyəti sahəsində biliyini təkmilləşdirir və yüksək ixtisasa yiyələnir. 1923-1924-cü illərdə Berlinin Yena Universitetində təhsil alır. Vyanada (Avstriya) sənət tarixi üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alır. 1927-1928-ci illərdə İstanbulda Milli Muzeyin "Çinli köşk" islam incəsənəti bölməsində müdir işləyir. Eyni zamanda İstanbul Universitetinin İncəsənət kafedrasında professor assistenti olur. Türkislam əsərləri muzeyinin direktoru vəzifəsini icra edir. 1928-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində Türkislam sənəti kafedrasının professoru işləyir.

   M.Ağaoğlu Amerikanın Detroyt İncəsənət İnstitutunun dəvəti üzrə 1929-cu ildə okeanın o tayına gedir. Bu institutda fəaliyyətə başlayır və təhsil ocağında Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil edir. Burada müsəlman xalqlarının dekorativ sənət nümunələrindən ibarət böyük sərgi açır və zəngin kolleksiya toplayır. Onun gərgin əməyi sayəsində Detroyt İslam incəsənəti qalereyası zənginliyi ilə seçilir.

   Alimin Miçiqan Universitetində (ABŞ) Şərq xalqlarının incəsənəti tarixindən oxuduğu mühazirələri maraqla qarşılanır. Bu universitetdə İslam incəsənəti tarixi kafedrasını yaradır. 1934-cü ildə İrana gəlir. Məşhur fars-tacik şairi Əbülqasım Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunuMiçiqan Universitetini təmsil edir. Firdovsinin yubileyi mühacirətdəki Azərbaycan mətbuatında da əksini tapır. "V.Nuh oğlu Mirzəbala" imzası ilə Məhəmməd Əmin Rəsulzadənin Almaniyada nəşr etdirdiyi "İstiqlal" qəzetinin 10 may 1933-cü il tarixli sayında "Firdovsi" başlıqlı bir məqalə dərc olunur.

   Mənbələrdə geniş erudisiyalı şərqşünas alim kimi dəyərləndirilən M.Ağaoğlu ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilib. O, tez-tez mədəniyyət mərkəzlərinə mühazirə oxumağaİslam incəsənəti sərgisi təşkil etməyə dəvət edilib. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırıb. O, həmçinin "Arts islamika" ("İslam incəsənəti") adlı jurnalın naşiriredaktoru olub.

   Tədqiqatçının "Səfəvi xalçaları və parçaları", "İslam incəsənəti haqqında qeydlər" və s. kitabları, eləcə də Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqinin incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ-tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair xeyli elmi məqalələri ABŞ və Avropanın dövri mətbuatında dərc edilib. Bu məqalələr İstanbulun Topqapı Sarayı Muzeyinin kitabxanasında saxlanılan bəzi naməlum və bir neçə illüstrasiyalı əlyazmalar haqqında ilkin qeydlər və orta əsr Azərbaycan incəsənətinin bəzi səhifələrindən bəhs edir.

   Məhəmməd Ağaoğlu 1949-cu ildə ABŞ-ın Detroyt şəhərində vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.13.