"Euronews" telekanalında
dolma haqqında növbəti veriliş
"Azərbaycanda bayram süfrəsini onsuz təsəvvür etmək
mümkünsüzdür"
"Euronews" telekanalının
"Açıqcalar" silsiləsinin
növbəti buraxılışı
Azərbaycan mətbəxinin
ən ləzzətli təamlarından olan dolmaya həsr olunub.
Bu milli mətbəx
nümunəsinin müxtəlif
növləri var və ona olan
sevgi ölkənin bütün bölgələrini
və xalqlarını
birləşdirir. Dolma Azərbaycana məxsus kulinariya növü kimi 2017-ci ildə UNESCO-nun
qeyri-maddi mədəni
irs siyahısına
daxil edilib.
Verilişdə "Euronews" telekanalının
reportyoru Qalina Polonskaya dolma haqqında ətraflı məlumat verib: "Dolma Azərbaycanın qədim milli xörəklərindən biridir,
ölkədə dolmanın
386 növü var. Dolma
bükmək zərgərlik
işidir və hər bir xanımın
onu hazırlamaq sirri var".
Verilişdə dolmanın hazırlanma qaydası haqqında Azərbaycan Milli Kulinariya Mərkəzi rəhbərinin müavini
Ceyran Əsgərova danışıb. O, dolma hazırlamağı nənəsindən
öyrəndiyini bildirib:
"Azərbaycanda özünəməxsus
dolma reseptini nəsildən-nəslə ötürmək
ənənədir. Ət, düyü,
göyərti, soğan,
müxtəlif növ
üzümün yarpaqlarından
hazırlanan Azərbaycan
dolmasının ləzzətli
olmasının əsas
səbəbi yerli keyfiyyətli məhsullardır".
Ceyran Əsgərova
qeyd edib ki, dolma hazırlamağın
çətin tərəfi
odur ki, dolmalar balaca və səliqəli bükülməli, yumru formada olmalı və bişmə prosesində açılmamalıdır.
Reportajda qeyd
olunub ki, Azərbaycanda
bayram süfrəsini dolmasız təsəvvür
etmək mümkünsüzdür.
Mədəniyyət.- 2018.- 1 iyun.-
S.16.