Xalq Cümhuriyyəti Türkiyə mənbələrində

 

 

 

İstanbulda nadir sənədlərdən ibarət toplular nəşr olunub

Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda ilk dəfə nadir sənədlərdən ibarət dörd toplu və "Yeni Kafkasya" dərgisinin bütün saylarını əhatə edən dörd kitab nəşr edib.

"Azerbaycan Cümhuriyyeti. 1918-1920. Osmanlı arşiv belgeleri" adlanan sənədlər toplusunda Cümhuriyyətin tarixi ilə bağlı mindən çox sənəd yer alıb. Bütün sənədlər transkripsiya edilərək iki yüzdən çox adda qruplaşdırılıb və xülasələr yazılıb. Sənədlər Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir.

"Azerbaycan Cümhuriyyeti Osmanlı basınında" toplusunda Türkiyədə həmin dövrdə nəşr olunan dövri mətbuat orqanlarının materialları verilib. Həmçinin topluda dövrün ən mühüm problemlərinə dair Əhməd Ağaoğlu, Yunus Nadi, İbrahim Hilmi Tüccarzadə, Fuad Köprülüzadə, Əhməd Nəbizadə, Ruşen Əşrəf, Refi Cavad, Süleyman Nazif və Türkiyə mətbuatında iz qoymuş digər müəlliflərin məqalələri yer alıb. Bu materiallarda Qafqazda və Azərbaycanda cərəyan edən siyasi proseslər, Bakının azad edilməsi, Paris sülh konfransı tərəfindən Cümhuriyyətin de-fakto tanınmasının Türkiyədə yaratdığı ruh yüksəkliyi və digər problemlərə dair indiyədək dəyərli informasiyalar var.

"Birinci Dünya savaşı ve Azerbaycan. Osmanlı arşiv belgeleri" adlı topludakı sənədlərin böyük bir qismi o dövrdə Cənubi Azərbaycanda baş verən hadisələri əks etdirir. Bunun nəticəsində Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq həm Şimali, həm Cənubi Azərbaycanın I Dünya müharibəsi dövrü tarixini paralel şəkildə izləmək mümkün olur.

"Kafkasyada "ermeni meselesi". 1895-1912. Osmanlı arşiv belgeleri" adlı toplu xronoloji cəhətdən əvvəlki illərə aid olsa da, Cümhuriyyətə aparan yola işıq salır. Burada Qafqazda "erməni məsələsi"nin mahiyyəti, ermənilərin Şimali Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törətdikləri qətliamlara dair arxiv sənədləri toplanıb.

Tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov Qiyas Şükürovun nəşrə hazırladığı sənədlər toplusuna tarix elmləri doktoru, professor Kərim Şükürov geniş ön söz yazıb.

"Yeni Kafkasya" dərgisi 1923-27-ci illərdə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstanbulda nəşr olunub. Dərginin materialları uzun müddətdir ki, Azərbaycan oxucusu üçün əlçatmaz idi. Avropa Azərbaycan Cəmiyyətinin layihəsi əsasında dərginin bütün sayları latın əlifbasına transkripsiya edilibdörd cilddə nəşr edilib. Dərgini nəşrə Yavuz Akpınar, Səlcuq Türkyılmaz və Yılmaz Özkaya hazırlayıb. Professor Yavuz Akpınar nəşrə ön söz və "Yeni Kafkasya"nın nəşr tarixi, müəllifləri, məqalələri və s. haqqında geniş məqalə yazıb.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.12.