Xalça Muzeyi beynəlxalq əlaqələrini
genişləndirir
Rusiya Dövlət
Şərq Xalqları İncəsənəti Muzeyi
ilə əməkdaşlıq sazişi
imzalanıb
Azərbaycan Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq sazişi bağlayıb. Sənədi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin baş direktoru Aleksandr Sedov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova imzalayıblar.
Muzeydən bildirilib ki, saziş çərçivəsində Azərbaycanın Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılan qədim mədəniyyət və incəsənət abidələrinin, eləcə də zərgərlik məmulatlarının, qədim xalçaların və digər maddi mədəniyyət nümunələrinin elmi tərəfdən araşdırılması həyata keçiriləcək. Həmin eksponatların Azərbaycanın maddi-mədəni irsinin nümunələri olaraq tanıdılması istiqamətində işlər görüləcək.
Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə 2016-cı ildən başlayaraq danışıqlar aparıldığını deyib. Bildirib ki, sözügedən muzey dünyada tanınmış muzeylərdən biridir.
"Zəngin
kolleksiyası ilə məşhur olan bu muzeydə tanınmış rəssamların,
o cümlədən məşhur Azərbaycan
rəssamlarının əsərləri, həmçinin Azərbaycana
aid sənət əsərləri, incəsənət
nümunələri, xalça və xalça məmulatları sərgilənir.
Muzeydə xalqımızın maddi-mədəni irsinə məxsus
olan çoxlu qiymətli
eksponatlar saxlanılır. Həmin
eksponatların atribusiyası, ikitərəfli sərgilərin
təşkili, elmi araşdırmaların
aparılması, zəngin və gözəl kolleksiyanın tədqiqi
mədəniyyətimiz üçün çox böyük
addım olacaq", - deyə o söyləyib.
Mədəniyyət.- 2018.- 1 iyun.-
S.6.