Uşaqlara beşik nəğmələri kimi musiqilər gərəkdir

1 iyun - Beynəlxalq uşaqların müdafiəsi günüdür

  

1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində 1 iyun - Beynəlxalq uşaqların müdafiəsi günü təsis olunub. Bu əlamətdar gün, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd edilir...

Xatırlayıram, 2012-ci ildə keçirilən "Uşaq mahnıları: dünəni, bu günü, sabahı" mövzusunda dəyirmi masada belə bir fikir səslənmişdi: "Bu gün uşaqlar böyüklər üçün yazılmış mahnıları daha çox tanıyır və ifa edir, nəticə etibarilə mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər. Uzun illər ruhumuzu oxşayan uşaq musiqiləri son zamanlar unudulmaqdadır". Ötən illərdə bu mövzuda müxtəlif konfranslar, təqdimat və tədbirlər keçirilsə də, yeni uşaq musiqilərinin yaradılması sahəsində hələlik istənilən nəticəni əldə edə bilməmişik.

Bu baxımdan cari ilin aprel ayında Mədəniyyət Nazirliyinin istifadəyə verilən Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı ölkəmizdə musiqi sənətinin sistemli şəkildə tədrisinə çox qiymətli töhfə oldu. Köklü ənənələrə malik Azərbaycan musiqi mədəniyyətinin gələcək nəsillərə çatdırılmasının gözəl örnəyi olan portal bu sahənin mütəxəssisləri və şagirdlər üçün qiymətli mənbə rolunu oynayacaq.

 

Uşaq musiqisinin bir problemi ifaçılıqdır

 

Beynəlxalq Uşaqların müdafiəsi günü ərəfəsində ölkəmizdə həyata keçirilən layihələrlə bağlı bir neçə mütəxəssisin fikirlərini öyrəndik. Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının professoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva bildirdi ki, ötən il Bəstəkarlar İttifaqında "Uşaq musiqisi müasirlik" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda uşaq musiqisinin aktual problemləri ortaya qoyulub. İmruz xanım deyir ki, Azərbaycanda uşaq musiqisi Üzeyir Hacıbəyli ənənələrinin davamı olaraq inkişaf edib. S.Rüstəmov, Q.Hüseynli, Ş.Axundova, T.Bakıxanov, D.Dadaşov, O.Rəcəbov onlarla görkəmli bəstəkarımız uşaq musiqisinə töhfələr veriblər: "Bilirsiniz ki, uşaqlar üçün ilk baleti Əşrəf Abbasov yazmışdır. Onun "Qaraca qız" baleti yeni quruluşda da nümayiş olunmuşdur. İlk opera-balet isə 1964-cü ildə "Tülkü Alabaş" İbrahim Məmmədov tərəfindən yazılıb. Zamanla uşaq musiqimizə yeni qüvvələr daxil olurdu. 60-70-80-ci illərdə isə bu sahə daha da inkişaf edirdi. Oqtay Zülfüqarov ilk növbədə uşaq musiqisinə teatrallıq gətirmişdi. Bəstəkarın hər bir uşaq mahnısı, fortepiano üçün yazılmış əsəri sanki bir canlı səhnəciyi xatırladır".

   Həmsöhbətim deyir ki, bu gün uşaq musiqisinə müraciət edən bəstəkarlarımız, az da olsa, var. Amma bu janrın aktual problemlərindən biri ifaçılıq məsələsidir: "Bəlkə bəstəkarlar uşaqlar üçün səhnə əsərləri, kamera-instrumental vokal əsərləri, xor üçün kompozisiyalar yazsalar da, bu əsərlər geniş auditoriyaya bəlli deyil. Aktual problemlərdən biri müntəzəm olaraq bəstəkarların uşaqlar üçün yazdıqları əsərlərin çap olunmamağıdır. Çünki bir çox bəstəkarlar əsərlərini çap etdirməkdə çətinlik çəkir, sponsor axtarışında olurlar".

   Sənətşünas radio televiziyada uşaq musiqisinin təbliğini zəruri hesab edir: "Radioda vəziyyət qənaətbəxş olsa da, eyni fikri televiziyalarla bağlı deməkdə çətinlik çəkirəm. Uşaq verilişlərimizin sayı çoxalsa da, bu verilişlərdə Azərbaycan bəstəkarlarının uşaq musiqisi haqqında az informasiya verilir. Həqiqətən, uşaqlar üçün yazmaq çətindir məsuliyyətlidir. Biz uşaq musiqisinin bu günü haqqında düşünməliyik onları yeni-yeni əsərlərlə sevindirməliyik".

  

Balacalar üçün həm öyrədici mahnılar yazılmalıdır

  

Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı deyir ki, hazırda uşaq mahnıları ya yazılmır, ya da ayrı-ayrı bəstəkarlar tərəfindən sifarişlə yazılır: “Bura irihəcmli əsərləri daxil edərdim. Uşaq operaları, muzikl s. bağlı yenilikləri çox az eşidirik. Son müzikl şəklində təqdim edilən əsər Ələkbər Hüseynov tərəfindən 2000-ci illərdə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində "Bremen musiqiçiləri" əsəri idi ki, burada da çoxsaylı uşaq mahnıları yer almışdı. Bəstəkarı Cahangir Zülfüqarov, mətnlərin müəllifi isə mən idim. Son dövrdə uşaq operalarına gəldikdə isə Oqtay Rəcəbov tərəfindən iki opera yazılmışdı. Hər ikisinin libretto müəllifiyəm. Biri kiçikyaşlı uşaqlar üçün "Sərçəciyin macəraları", digəri isə "Bahar qız əfsanəsi" adlanır. Bu əsərləri Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının şagirdləri hazırlayırlar. Son dövrdə müasir uşağın istədiyi musiqini ona ötürə bilən bəstəkarlardan biri kimi Məryəm Əlibəylini göstərə bilərəm. Onun müasir temp, dinamika enerji ilə dolu mahnıları bütün uşaqlar tərəfindən sevgi ilə qəbul edilir. Uşaqlar üçün öyrədici mahnılar yazmaq mütləqdir. Çox az zəhmət bahasına biz uşaqlarımıza layiqli hədiyyələr etməliyik uşağa beşik nəğmələri gərəkdir".

   Sevinc xanım musiqili didaktik tədris vəsaitlərinin azlıq təşkil etdiyini bildirir. Qeyd edir ki, Oqtay Rəcəbovun ideyası ilə musiqili riyaziyyatın öyrədilməsi məqsədilə iki il əvvəl "Təhsil" nəşriyyatında "Riyaziyyat əyləncəli ola bilərmiş" adlı kitab nəşr olunub.

   Bu gün hazırlanan uşaq tamaşalarında rejissorlar bəstəkarlarla işləməyə o qədər də meyl göstərmirlər. Bu barədə fikrini soruşduğumuz rejissor, Əməkdar artist Nicat Kazımov bildirdi ki, hazırladığı uşaq tamaşalarından ikisində bəstəkarlarla əməkdaşlıq edib. Digər tamaşalarda isə əsasən hazır musiqilərdən yararlanıb. Səbəb isə bəstəkarlara qonorar verilməsi ilə bağlıdır.

   Fikrimizcə, problemin kökündə yenə də uşaq mahnılarına həm telekanallarda, həm də radioda efir vaxtının olduqca az ayrılması, disklərin buraxılmamağı, təbliğ edilməməyi kimi amillər durur. Əfsus ki, cavan bəstəkarlar da bu sahəyə maraq göstərmirlər.

  

Lalə Azəri

Mədəniyyət.- 2018.- 1 iyun.- S.10.