Vokalçıların Bülbül adına VII Beynəlxalq
müsabiqəsi keçiriləcək
"Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" ölkə Prezidentinin 11 may 2017-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə cari ilin 4-7 iyun tarixində Bakıda Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbül adına vokalçıların VII Beynəlxalq müsabiqəsi keçiriləcək.
Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan və Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər.
Beynəlxalq miqyaslı müsabiqələrin hər dəfə yeni sənət ulduzlarını meydana çıxardığını nəzərə alsaq, 4-7 iyun tarixinin də bu baxımdan əlamətdar olacağını zənn edə bilərik.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi müsabiqənin şərtlərinə görə, sənət yarışına 18-35 yaşlı vokalçılar qatıla bilərlər. Müsabiqədə ümumilikdə 79 iddiaçı mübarizə aparacaq. Onlar müsabiqənin kifayət qədər iri məbləğləri olan Qran-pri, I, II və III mükafatları uğrunda yarışacaqlar. Bundan başqa, "Ən yaxşı tenor" və "Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifası üçün" mükafat, müsabiqə iştirakçıları ən yaxşı müşayiətə görə üç konsertmeyster üçün də mükafat nəzərdə tutulub. Təşkilat komitəsi və münsiflər həyətinin birgə qərarı ilə yeni mükafatlar təqdim edilə, yaxud bir mükafat bir neçə iddiaçı arasında bölüşdürülə bilər. Yeri gəlmişkən, I turun dinləmələrinə buraxılmış 79 iddiaçıdan 9 nəfəri Azərbaycan təmsilçiləridir.
Müsabiqənin şərtlərinə görə, iştirakçılar öz seçimlərinə əsasən I turda opera, kantata və ya oratoriyadan ariya ifa etməlidirlər. II tura keçənlər isə repertuar seçimində artıq təşkilat komitəsinin qərarını nəzərə almalıdırlar: əgər hər hansı operadan ariya seçimində iştirakçı sərbəstdirsə, Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan", Asəf Zeynallının "Ölkəm", Fikrət Əmirovun "Ulduz" romanslarından birini mütləq öz proqramına daxil etməlidir. Bülbülün ilk ifaçısı olduğu bu romansların müsabiqə iştirakçıları tərəfindən təqdimatı həm böyük müğənnimizin xatirəsinə ehtiram əlaməti, həm də Azərbaycan vokal musiqisinin təbliği baxımından əhəmiyyətlidir. Bütün klassik vokal müsabiqələrində olduğu kimi, Azərbaycan bəstəkarlarının romanslarının orijinalın dilində ifa edilməsi vacib şərtdir. Simfonik orkestrin müşayiəti ilə keçəcək III turun proqramına isə münsiflər heyətinin qərarı ilə iştirakçıların dünya opera repertuarından seçərək əvvəlcədən təqdim etdiyi üç ariyadan ikisi daxil edilir.
Münsiflər
heyətinin sədri Rusiyanın Xalq artisti Sergey Leyferkusdur. Dünya
şöhrətli bariton
vokalçının sənət yolu Sankt-Peterburq Malı Teatrında
başlayıb. 1992-ci ildən Londondakı Kovent Qarden teatrının
solisti kimi karyerasını davam etdirib. Artıq 10 ildir ki, Portuqaliyada yaşayır.
SSRİ Xalq artisti, professor, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli
münsiflər heyətinin
üzvüdür.
Münsiflər heyətinin daha
bir üzvü Rusiyanın Əməkdar incəsənət xadimi, Xor Sənəti Akademiyasının professoru
Dmitri Vdovindir. O, həm
musiqi tənqidçisi,
həm də vokalçı kimi ali təhsili
alıb, solo ifaçılığından
daha çox pedaqoji fəaliyyətlə
məşğul olub,
dünyanın müxtəlif
ölkələrində vokal
üzrə ustad dərsləri verməklə
də tanınır.
Azərbaycan operasevərlərinin yaxşı
tanıdığı, opera səhnəmizdə tez-tez
çıxış edən
Gürcüstanın Xalq
artisti, Z.Paliaşvili adına Tbilisi Dövlət
Akademik Opera və Balet Teatrının solisti, professor Teymuraz Ququşvili də münsiflər heyətində
yer alıb.
Münsiflər heyətinin yeganə
xanım üzvü -
Ukrayna vokal məktəbinin nümayəndəsi,
öz ölkəsinin
bütün fəxri adlarına layiq görülmüş Mariya
Stefyuk 1972-ci ildən çalışdığı Kiyev Opera və Balet Teatrının səhnəsindən 2013-cü ildə
uzaqlaşaraq, pedaqoji fəaliyyətlə və
kamera ifaçılığı
ilə məşğuldur.
Hans-Yoahim Frayın adı musiqi həvəskarlarının
geniş auditoriyasına
tanış olmasa da, onun
klassik musiqi janrında ən böyük layihəsinin adını çəkmək
kifayətdir ki, peşəkarlıq səviyyəsi
haqqında təsəvvür
yaransın. Fray 14 il əvvəl təməlini qoyduğu Drezden opera balına rəhbərlik edir. İki min beş
yüz nəfərdən
çox qonağın
təşrif buyurduğu
bal altı saat televiziya ilə canlı yayımlanır. "Competizione del'Opera"
beynəlxalq opera müsabiqəsinin
prezidenti, Soçidəki
"Sirius" Elm və Mədəniyyət
Parkının art-direktoru
da olan almaniyalı
mütəxəssisin diqqətini
çəkə biləcək
müsabiqə iştirakçılarının
sənət karyerasında
parlamaq şansı
var.
Müsabiqənin seçim turları
4-7 iyun tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. 4-6 iyunda müsabiqənin I və II turları, 7 iyunda III tur olacaq.
İyunun 8-də Heydər Əliyev Sarayında Bülbülün 120 illiyinə
həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Qəzetimizin növbəti saylarında
müsabiqənin gedişi,
fərqlənən iştirakçılar
və münsiflər
heyəti üzvlərinin
fikirləri ilə oxucularımızı daha
ətraflı tanış etməyə
çalışacağıq.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2018.- 1 iyun.-
S.7.