"Əsərimi Azərbaycanın gözəlliyinə və tarixinin faciəli səhifələrinə həsr etmişəm"

 

 

Tallinn şəhərində "Rahva raamat" kitab şəbəkəsinin mağazasında eston yazıçısı Kersti Kivirüütin "Küləklər şəhəri" romanının təqdimatı keçirilib. Yazıçı təqdimatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edib. Mərasimdə Azərbaycan icmasının nümayəndələri və qonaqlarla yanaşı, kitab şəbəkəsinin daimi müştəriləri də iştirak ediblər.

Romanı Azərbaycan dilinə tərcümə etmiş Sənəm Əliyeva və yazıçı Kersti Kivirüüt tədbirdə çıxış ediblər. Yazıçı əsəri Azərbaycanın gözəlliyinə və bu ölkənin tarixinin faciəli səhifələrinə həsr etdiyini söyləyib. Bildirib ki, romanı Tur Heyerdalın "Odinin səyahəti" əsərindən ilhamlanaraq yazıb.

Sonra əsər əsasında hazırlanmış slaydlar təqdim edilib.

Yazıçı çıxışında Qarabağ müharibəsinə və Xocalı qətliamına toxunaraq deyib: "Düzdür, romanın qəhrəmanları - eston qız və azərbaycanlı oğlandır və onların yaşadığı macəra dolu məhəbbət hekayəsi çox maraqlıdır. Lakin mənim üçün bu əsərin qəhrəmanı Qarabağ qaçqını olan Əhməddir, mən onun dili ilə sülh mesajı vermək istəmişəm".

Tallinn şəhərindəki Azərbaycan həftəsonu məktəbinin şagirdləri eston və Azərbaycan dillərində romandan hissələr səsləndiriblər.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.15.