Avropa Tarixi Termal Şəhərlər
Assosiasiyası ölkəmizlə əməkdaşlıqda
maraqlıdır
Mədəniyyət naziri
qurumun prezidenti ilə
görüşüb
Xəbər verdiyimiz kimi, mayın 30-da Şabran rayonundakı "Qalaaltı" kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının "Termal şəhərlər" beynəlxalq mədəni marşrutunun konfransı keçirilib.
Beynəlxalq konfrans çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev və assosiasiyanın prezidenti Giuseppe Bellandi arasında görüş oldu.
Nazir görüşdə EHTTA-nın bu mötəbər toplantısının ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, digər sahələrdə olduğu kimi, ölkəmizdə mədəniyyətin, turizmin inkişafı üçün beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Əbülfəs Qarayev ümidvar olduğunu bildirdi ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ilə əməkdaşlıq daha da inkişaf edəcək.
Nazir qeyd etdi ki, qədim mədəniyyətə və tarixə sahib olan ölkəmiz mədəni irs nümunələri ilə də zəngindir. Bu baxımdan mədəni turizmin inkişafı üçün də böyük potensialımız var. Bu turizm növünün inkişaf etdirilməsində yerli və beynəlxalq marşrutların xüsusi əhəmiyyəti var. Diqqətə çatdırıldı ki, ölkəmizdə "Böyük İpək Yolu", "Aleksandr Düma Qafqazda", "Azərbaycanda şərab yolu", "Azərbaycanda alman izləri" və başqa beynəlxalq turizm marşrutları fəaliyyət göstərir.
EHTTA-nın prezidenti Giuseppe Bellandi "Termal şəhərlər"
beynəlxalq mədəni marşrutunun
növbəti konfransının Azərbaycanda keçirilməsinə
göstərdiyi dəstəyə görə öz
minnətdarlığını ifadə etdi.
O, tədbirdə qurumun
yüksək səviyyəli nümayəndələrinin,
sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin iştirakının
önəmini vurğuladı. Ölkəmizlə əlaqələrin
daha da genişləndirilməsində
maraqlı olduğunu deyən assosiasiya prezidenti Azərbaycanın
zəngin mədəni irsinin və böyük turizm
potensialının buna geniş
imkanlar açdığını bildirdi.
Mədəniyyət.- 2018.- 1 iyun.-
S.8.