Tanınmış aktyor Hacıməmməd Qafqazlının xatirəsi yad olundu

 

 

   Mayın 31-də Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət Nazirliyi, Akademik Milli Dram Teatrı və ittifaqın birgə təşkilatçılığı ilə görkəmli aktyor, Əməkdar artist Hacıməmməd Qafqazlının 120 illiyinə həsr olunan tədbir keçirildi.

   Xalq artisti Hacı İsmayılov tədbiri açaraq sənətkarın həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) 1898-ci ildə Lənkəran şəhərində anadan olub. İlk təhsilini mollaxanada alıb, 7-ci rus-tatar məktəbində təhsilini davam etdirib. Bakıda Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Seyid Hüseyn, Nəriman Nərimanov kimi tanınmış ziyalılarla yaxından tanış olub.

   O, 1920-ci ildə Maştağa kəndində ilk fəhlə-kəndli klubu yaradır və klubun nəzdində dram dərnəyi təşkil edir. Burada rejissor kimi Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyur. Onun fəaliyyətini təqdir edən Abbas Mirzə Şərifzadə Hacıməmmədi Dövlət Dram Teatrına dəvət ediraktyor ömrünün sonuna qədər bu sənət ocağında çalışır. Bu səhnədə ilk dəfə Hüseyn Cavidin "Uçurum" pyesinin tamaşasında rol alıb. H.Qafqazlı ümumilikdə 200-dən artıq müxtəlif səpkili obraz yaradıb. Teatr sahəsində xidmətlərinə görə 1943-cü ildə Əməkdar artist adına layiq görülüb.

   Qeyd edildi ki, H.Qafqazlı teatrda çalışmaqla bərabər "Fətəli xan", "Bir məhəllədən iki nəfər", "Yeddi oğul istərəm", "Şərikli çörək" və s. filmlərdə də çəkilib. Sənətkar 1982-ci ilin sentyabrında dünyasını dəyişib.

   Xalq artisti, rejissor Ağakişi Kazımov çıxış edərək aktyorun insani keyfiyyətlərindən, istedadından söz açdı.

   Xalq artisti Rafiq Əzimov sənətkarla bağlı xatirələrini bölüşdü. Bildirdi ki, onun siqareti tərgitməsində N.Qafqazlının rolu olub: "Bir gün siqaret çəkirdim. Hacıməmməd Qafqazlı mənə dedi ki, sən yaxşı aktyor olacaqsan, amma siqaret çəkmə. Mən də əlimdəki siqareti əzib atdım. Bir neçə gün keçdi. Yoldaşlardan siqaret alıb başımı yuxarı qaldıranda Hacıməmməd Qafqazlını gördüm. İstədim siqareti atam. Dedi ki, atma. Bundan bərk tutuldum. Bir daha siqaret çəkmədim...".

   Xalq şairi Sabir Rüstəmxanlı, şair Baba Vəziroğlu başqaları çıxış edərək H.Qafqazlının sənət yolundan danışdılar. Qeyd olundu ki, onun teatr kinoda yaratdığı koloritli obrazlar tamaşaçıların yaddaşına yazılıb. Çıxışlararası sənətkarın həyat yaradıcılığını əks etdirən video-çarx göstərildi.

   Sonda aktyorun qızı Nəzakət Qafqazlı çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılara öz dərin təşəkkürünü bildirdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.3.