Cümhuriyyətin
yadigarı, müstəqilliyimizin rəmzi
Goranboyda Bayraq muzeyinin
açılışı olub
Bu gün Azərbaycanın səmasında dalğalanan üçrəngli
bayrağımız hər bir vətəndaşımızın
qəlbində qürur və fərəh
hissi doğurur. Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli, ay-ulduzlu
bayrağımız müasir Azərbaycanın
müstəqillik rəmzidir. Prezident İlham Əliyev dövlət
atributlarımıza xüsusi ehtiramla yanaşır. Respublikamızın
bölgələrində bayraq
meydanlarının və muzeylərinin yaradılması bunun bariz nümunəsidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də
Goranboya səfəri zamanı rayon mərkəzində Bayraq
muzeyinin açılışında iştirak edib.
Goranboy şəhərindəki
Bayraq muzeyi Bayraq meydanının ərazisində yerləşir.
Meydanda hündürlüyü
72 metr olan dövlət
bayrağının postament hissəsi
abadlaşdırılıb, ərazidə
yaşıllaşdırma işləri aparılıb. Bayraq muzeyində sərgi zalı ilə
yanaşı, inzibati və
yardımçı otaqlar
yaradılıb.
Muzeyin sərgi
zalında 3 bölmə var. Burada Azərbaycan
xanlıqlar dövrünün xəritəsi,
orta əsrlərə aid
döyüşçüləri əks etdirən manekenlər,
orta əsr xanlıqlarının
bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin
gerbləri, qədim metal sikkələr,
kağız pullar nümayiş
olunur. Bundan başqa, muzeyin
eksponatları arasında Xalq Cümhuriyyəti
dövrünə aid rəsmi sənədlər,
Azərbaycan SSR dövründə və müstəqillik illərində
qəbul olunmuş konstitusiyalar,
habelə gerblər, bayraqlar, poçt markaları, orden
və medallar sərgilənir.
Bu
cür muzeylərin yaradılması Azərbaycan
dövlətinin müstəqilliyini təcəssüm etdirən
və hər bir vətəndaş üçün müqəddəs rəmzlərdən
sayılan üçrəngli bayrağımıza olan hörmət və ehtiramın göstəricisidir. Bayraq muzeyləri dövlət atributlarına olan sevgini nümayiş
etdirməklə yanaşı, gənc nəslin milli dəyərlərə hörmət, vətənpərvərlik
ruhunda tərbiyə olunmasına töhfədir.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.2.