Səs
yarışının həyəcanı
Bakıda
Vokalçıların Bülbül
adına VII Beynəlxalq Müsabiqəsi keçirilir
Həftənin ilk
günündən Bakıda yüksək və melodik səslərin yarış həyəcanı
yaşanır. Bəs necə? Azərbaycanın müstəqillik
dövrünün ilk
beynəlxalq sənət yarışması olan
Vokalçıların Bülbül
adına VII Beynəlxalq Müsabiqəsi başlayıb...
Bir təbəssüm
yetər ki...
İyunun 4-də başlanacaq müsabiqənin
yolu əvvəlcə
Azərbaycan vokal məktəbinin qaranquşu,
SSRİ Xalq artisti,
opera səhnəmizin əvəzsiz
Koroğlusu, professor Bülbülün
abidəsini ziyarətdən
başladı. Bir
zamanlar böyük
müğənninin yaşadığı, indisə mənzil-muzeyinin
yerləşdiyi binanın arxasındakı kiçik xiyabanda,
Bülbül prospektindəki abidəsinin
yanında toplaşdıq. Şəxsən görənlər
də, böyük müğənnini yadigar foto və lentlərindən
tanıyanlar da bilir ki, onun üzündən xəfif
təbəssüm heç vaxt əskik olmayıb. Elə heykəlinin
üzündən də həmin təbəssümlə
baxır hər kəsə. Kim deyir ki, heykəllərin üz cizgiləri əbədidir? Bəlkə də elədir, amma
ölkənin musiqi ictimaiyyətinin
sayılıb seçilən nümayəndələri,
müsabiqənin münsifləri, fəxri qonaqları ilə
birlikdə ziyarətə gələn, yolu
ilk dəfə Bakıdan düşən,
bəlkə də ömür boyu Bakının adı onun
üçün elə Bülbül adına müsabiqə ilə assosiasiya olunacaq gənc
vokalçılar heykəlləşmiş tenorun
bu təbəssümünü böyük sənət yoluna
çıxan ardıcıllarından ötrü
“yolun açıq olsun!”
xeyir-duası kimi qarşıladılar.
Bülbül
Fondunun prezidenti, Xalq artisti, Azərbaycanın
Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun
səsi düşüncələrdən, gənc
vokalçıların içlərindəki həyəcanlarını
boğaraq özlərini təmkinli aparmaq cəhdlərinin müşahidəsindən
ayırır.
O, gənclərə Azərbaycanda sənət adamlarına,
görkəmli musiqi xadimlərinin
istedadına verilən dəyərdən, onların xatirəsinə
bəslənilən ehtiramdan, bu abidənin qoyulma
tarixçəsindən danışır...
Ziyarətimiz başa
çatır. Yolumuz M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasınadır. Açılış mərasimi də,
müsabiqə dinləmələri də bu
məkanda keçiriləcək.
Salondakı
hər kəs sizin dostunuzdur...
Açılış mərasimində əvvəlcə mədəniyyət
naziri Əbülfəs
Qarayev və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu səhnəyə
çıxdılar.
Nazir
çıxışının əvvəlində qeyd etdi ki,
artıq 7-ci dəfədir Azərbaycanda beynəlxalq vokal müsabiqəsi keçirilir:
“Mən çox şadam ki, müsabiqənin
təməli qoyulandan indiyədək
keçən illər ərzində bu sənət
yarışında uğur qazanmış
gənc vokalçılar bu gün Rusiya Böyük Teatrından Nyu-Yorkdakı
“Metropoliten-opera”yadək dünyanın ən böyük
opera səhnələrində
çıxış edirlər. Bu
müsabiqə gənc vokalçılar üçün
sənət aləminə yaxşı tramplin
sayıla bilər. Mən əminəm ki, münsiflər heyəti onadək ölkəni
təmsil edən gənc vokalçıların məharətini
ədalətlə qiymətləndirəcək,
iştirakçılar isə həm münsiflərin qərarından,
həm də qonaqpərvərliyi ilə məşhurlaşmış
Bakıdan məmnun qalacaqlar”.
Nazir
diqqətə çatdırdı ki, builki müsabiqə “Bülbülün
120 illik yubileyinin
keçirilməsi haqqında” Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 11 may
2017-ci il tarixli sərəncamına
uyğun olaraq keçirilir və yubileyin
qeyd edildiyi günlərə
təsadüf edir. Müxtəlif
ölkələrin vokal məktəbləri
təmsilçilərinin bu tədbirlərdə
iştirakı isə yubileyə beynəlxalq status
bəxş edir.
Sonra
çıxış edən Polad Bülbüloğlu bildirdi
ki, ulu öndər
Heydər Əliyevin 1997-ci ildə Bülbülün
100 illik yubileyi ilə
bağlı imzaladığı sərəncama əsasən bu beynəlxalq müsabiqənin təməli qoyulub. Müsabiqənin keçirilməsində
Mədəniyyət Nazirliyinin rolunu qeyd edən P.Bülbüloğlu indiyədək keçirilmiş müsabiqələrin tarixi barədə məlumat verdi.
O, həmçinin ardıcıl olaraq
münsiflər heyətinə başçılıq etmiş, müsabiqənin formatının dəqiqləşməsində
xidmətləri olmuş İrina
Arxipova, Yevgeni Nesterenko kimi dünya şöhrətli
vokalçıların əməyini xüsusi
vurğuladı.
Artıq ikinci dəfə Bülbül
adına müsabiqənin münsiflərinə sədrlik edən
Rusiya Federasiyasının Xalq
artisti Sergey Leyferkus isə çıxışında gənc
iddiaçılara uğurlar arzuladı.
O, nikbin notlara köklənmiş,
iştirakçıların həyəcanını azacıq
da olsa, azaltmağa hesablanmış çıxışını
bir qədər uzaqdan
başladı: “İnsanlar əsrlər boyu öz hislərini – kədərini,
sevincini ifadə etmək üçün
mahnıya üz tutublar.
Getdikcə musiqi, ifaçılıq sənəti
bizim həyatımızın ayrılmaz
hissəsinə çevrilib. Ümidvaram ki,
qarşıdakı günlərdə bu salonda yalnız sevinc hisləri
səslənəcək. Kimin qalib gələcəyi vacib
deyil. Əsas odur ki, siz burdasınız və
özünüzü döyüşçü
olaraq göstərmək imkanınız var. Biz münsiflər sizi qəlbimizlə dinləyib ürəyimizin
səsilə seçəcəyik. Hər birinizə uğurlar arzulayıram”.
* * *
Qısa fasilədən sonra müsabiqənin I turunun dinləmələrinə
start verildi.
Vokalçıların çıxışlarını
beynəlxalq jüri –
Rusiya Federasiyasının
Xalq artisti, professor
Sergey Leyferkus, Azərbaycandan
SSRİ Xalq artisti,
professor Fərhad Bədəlbəyli,
xalq artistləri, professorlar Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Gürcüstanın
Xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq artisti, professor Mariya Stefyuk və Rusiya Akademik Böyük Teatrının
gənclər proqramının
rəhbəri, Əməkdar
incəsənət xadimi
Dmitri Vdovin qiymətləndirirdilər.
Müsabiqənin ilk turunda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna,
Qazaxıstan, Moldova, Monqolustan,
Özbəkistan, Gürcüstandan 58 nəfər
gənc vokalçı iştirak edirdi. Üç hissədən ibrət I turdan sonra 26 nəfər ikinci tura keçdi.
II tura vəsiqə
qazananlar arasında Azərbaycandan Əməkdar
artist Elnarə Məmmədova,
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev,
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının III kurs
tələbəsi Mahir
Tağızadə də
vardı.
İyunun 5-də müsabiqənin
II turu keçirildi. Dinləmələr axşamdan xeyli
keçənədək davam
etdi və III tura 12 nəfər vəsiqə qazandı.
Onların 2-si (Elnarə Məmmədova
və Mahir Tağızadə) Azərbaycan
təmsilçisidir.
Son turun iştirakçıları
iyunun 6-da Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Rauf Abdullayev) müşayiəti
ilə məşq edəcəklər. İyunun 7-də isə həlledici yarışmada filarmoniyanın
səhnəsinə çıxacaqlar.
İyunun
8-də Heydər Əliyev
Sarayında SSRİ Xalq
artisti, Dövlət mükafatları laureatı,
professor Bülbülün 120 illiyinə həsr olunmuş yubiley gecəsi və müsabiqə qaliblərinin
iştirakı ilə
qala-konsert keçiriləcək.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2018.- 6 iyun.- S.3.