Xalqı,
vətəni sevən şairlər unudulmurlar
Mikayıl Müşfiq anadan
olmasının 110-cu ildönümündə yad
edildi
İyunun 5-də XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi
Mikayıl Müşfiqin 110 illiyi və doğum günü ilə əlaqədar şairin Bakıdakı büstü
ziyarət olundu.
Anım
mərasimində çıxış
edən mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, Mikayıl Müşfiq qısa ömür yaşasa da, özündən sonra böyük iz qoyub. Şairin fəaliyyəti, vətənə məhəbbəti,
həyat tərzi insanlarda rəğbət yaradır.
Vurğulandı
ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu
il şairin 110 illik yubileyi dövlət səviyyəsində
qeyd olunacaq: “Mədəniyyət
Nazirliyi, Yazıçılar Birliyi, Azərbaycan Milli
Elmlər Akademiyası və digər qurumlar
geniş tədbirlər planı
hazırlayıb və ilboyu biz bu yubiley
tədbirlərinin şahidi
olacağıq. Dövlətimiz yazıçılara,
şairlərə həmişə böyük
diqqət və qayğı ilə yanaşır. Elə il olmur ki,
ölkəmizdə qələm adamlarının yubiley tədbirləri keçirilməsin. Bu diqqət nəticəsində onların
yaradıcılığı geniş təbliğ
edilir”.
Vaqif Əliyev qeyd
etdi ki, Mikayıl Müşfiq heç zaman unudulmayacaq şairdir. Çünki o, dünyaya şair kimi gəlmişdi.
Müşfiq siyasi rejimin qurbanı olsa da, əbədiyyət qazandı, əsərləri
xalqın dilində əzbərə çevrildi:
“Azərbaycan milli musiqi aləti tarın aşiqi
olan Müşfiq
vaxtilə “Oxu, tar” deyərək
alətin müdafiəsinə qalxmışdı. Bu gün Azərbaycan
tarının UNESCO-nun Qeyri-maddi
mədəni irs siyahısında yer alması yəqin ki, nakam şairin də ruhunu şad edir”.
Nazirin birinci müavini onu da diqqətə
çatdırdı ki, ölkəmizdə
Müşfiqin xatirəsinin əbədiləşdirilməsi
məqsədilə adına küçə, qəsəbə
verilib, paytaxtdakı 18 saylı orta məktəb şairin
adını daşıyır. Şairin
Bakıda büstü qoyulub,
yaşadığı binanın qarşısına xatirə
lövhəsi
vurulub, Xızıda xatirə muzeyi yaradılıb.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar
çıxışı zamanı bildirdi
ki, bu gün
110 yaşlı gənc Müşfiqin
xatirəsini yad edirik:
“Coşqun qəlbi yazıb-yaratmaq eşqi ilə çırpınan Müşfiqin yubileyi ilə
əlaqədar dövlət başçısının sərəncamı
şairin ruhuna ən böyük ehtiramdır. Bu yubiley
poeziya bayramına çevriləcək. Çünki Mikayıl Müşfiqin
şəxsiyyəti milli şüur
və vətənpərvərliyin timsalı,
yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun
inkişaf etdirilməsi və gənclərimizdə
vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz
xəzinədir. Xalqı, vətəni sevən şairlər
heç zaman ölmür və unudulmurlar”.
Çıxışlardan
sonra şairin büstü önünə tər
çiçəklər düzüldü,
xatirəsi yad edildi. Tədbirdə
Mədəniyyət Nazirliyi, Bakı Şəhər
Mədəniyyət Baş İdarəsi,
Yazıçılar Birliyinin nümayəndələri,
şairin ecazkar
poeziyasının pərəstişkarları iştirak
edirdi.
Qeyd edək ki, iyunun 5-də Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəz, Yasamal Rayon İcra
Hakimiyyəti və Cəfər Cabbarlı Mədəniyyət
Fondunun birgə təşkilatçılığı
ilə Mikayıl Müşfiqin abidəsi
önündə “Əbədiyyət nəğməsi”
adlı poeziya günü
də keçirilib.
Tədbirdə
şairin həyat və
yaradıcılığından söz
açılıb, məktəblilərin ifasında ölməz
şeirləri səsləndirilib.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 6 iyun.- S.4.