Azərbaycançılıq
ideologiyasına xidmət edən əsər
Xalq
yazıçısı Elçinin Misirdə
nəşr olunmuş “Baş”
romanının təqdimatı keçirildi
İyunun 1-də Milli Kitabxanada görkəmli
nasir, dramaturq, tənqidçi,
Xalq yazıçısı Elçinin Misirdə ərəb dilində nəşr
olunmuş “Baş”
romanının təqdimat mərasimi keçirildi.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan
Tərcümə Mərkəzi və Milli
Kitabxananın birgə təşkilatçılığı
ilə gerçəkləşdi.
Əvvəlcə Xalq yazıçısının
yaradıcılığına həsr olunan
film nümayiş olundu. Filmdə görkəmli ədəbiyyat
və sənət adamlarının Elçinin
yaradıcılığı haqqında fikirləri yer alıb.Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
tədbiri açaraq bildirdi
ki, Elçin müasir Azərbaycan ədəbiyyatının
ən istedadlı nümayəndələrindən biridir. Onun bədii
yaradıcılığının janr
müxtəlifliyi ümumi
yaradıcılıq istedadının çoxşaxəliliyi
qədər diqqəti cəlb edir. Qeyd olundu ki,
müəllifin ərsəyə gətirdiyi hər bir əsər ədəbiyyatımızda
hadisəyə çevrilir. Daim axtarışda olan ədibin
əsərləri təkcə ölkəmizdə deyil, Azərbaycandan kənarda da
sevilə-sevilə oxunur və xarici dillərə tərcümə olunaraq çap edilir.
* * *
Mədəniyyət
naziri Əbülfəs Qarayev
tədbirdə çıxış edərək görkəmli
ədibin Azərbaycan ədəbiyyatında öz
dəst-xəttini yaradan
yazıçılardan olduğunu diqqətə
çatdırdı. Bildirdi ki, Elçinin əsərləri
hər zaman elmi
araşdırmaların mövzusuna çevrilib, həm gənc, həm də
yaşlı nəslin masaüstü
kitabı olaraq sevilib.
Bu əsərlər öz
ikinci ömürlərini filmlərdə
və teatr səhnələrində davam etdirirlər: “Elçin
yazıçılıqla yanaşı, həm də
tanınmış ədəbiyyatşünas alimdir.
Yazıçı ömrü boyu azərbaycançılıq
ideyalarının yorulmaz təbliğatçısı
olub. O, yeni fəlsəfi
mövzulara müraciət edir,
daim axtarışdadır. Onun
ədəbi irsinə müraciət edən oxucu
hər zaman yeni istiqamətlər
kəşf edir”.
Nazir
Elçinin yaradıcılığında
hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin
materialın mövcud olduğunu
vurğuladı. Qeyd etdi
ki, “Baş”
romanının Misirdə ərəb dilində nəşr
olunması görkəmli ədibin
yaradıcılığına yüksək diqqətin göstəricisidir.
Əbülfəs
Qarayev çıxışının sonunda bildirdi ki, Prezident İlham
Əliyev Azərbaycan Respublikasında müasir
ədəbiyyatşünaslığın və ədəbi
tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə
görə 11 may 2018-ci il
tarixində Elçinin “Şöhrət”
ordeni ilə təltif edilməsi
haqqında sərəncam imzalayıb. Nazir
ölkə başçısının təbriklərini
çatdıraraq “Şöhrət” ordenini
Xalq yazıçısına təqdim
etdi.Ədib çıxış edərək dedi:
“Həyatımın böyük
bir hissəsini sovet
dövründə yaşamış bir insan kimi deyə bilərəm
ki, bu orden
və bundan öncəki dövlət təltifləri
mənim üçün adi
mükafatlar deyil.
2003-cü ildə Azərbaycan ədəbiyyatının
inkişafında xidmətlərimə görə “İstiqlal” ordeni almışdım. 2013-cü ildə Azərbaycan mədəniyyətinin
inkişafında xidmətlərimə görə “Şərəf”
ordeni, bu gün isə müasir ədəbiyyatşünaslığın
və ədəbi tənqidin inkişafı sahəsində səmərəli
fəaliyyətimə görə “Şöhrət” ordeni ilə təltif edilirəm. Bu ordenlər mənim üçün
ona görə adi
ordenlər deyil ki, bunlar müasir müstəqil
Azərbaycanın ordenləridir. Bu ordenlərlə
qürur duyuram.
Fürsətdən istifadə edib Prezident İlham Əliyevə
göstərdiyi diqqətə görə minnətdarlığımı
bildirirəm”.
* * *
Təqdimat mərasimində
çıxış edən Azərbaycanda Atatürk
Mərkəzinin direktoru, Milli
Məclisin üzvü, akademik
Nizami Cəfərov bildirdi
ki, müəllifin “Baş”
romanı bədii sözün
gücündən ustalıqla istifadə olunan
tarixi əsərdir. Yazıçı siyasi mübarizə və müharibə tarixlərinə
diqqət yetirib, tarixi
şəxsiyyətlərin daxili aləmini
ustalıqla açıb. “Baş”
romanı həm də azərbaycançılıq
ideologiyasına xidmət edən dəyərli
yaradıcılıq nümunəsidir.
Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu
qeyd etdi ki, Elçinin
yaradıcılığı müasir dünya ədəbiyyatında özünəməxsus
yer tutur.
Vurğulandı ki, ədəbi gəncliyin
mənəvi-tərbiyəvi həyatında Elçinin
yaradıcılığı böyük
əhəmiyyət kəsb edir. Onun əsərləri Rusiyada
da geniş oxucu kütləsi tərəfindən sevilir və tanınır.
Misirin ölkəmizdəki
səfiri Adel İbrahim
səfirlik tərəfindən Azərbaycan Tərcümə
Mərkəzi ilə birgə layihələr həyata keçirildiyini, bir çox kitabların ərəb dilinə tərcümə
edilərək nəşr olunduğunu bildirdi. Qeyd olundu ki, Elçinin
“Baş” romanını ərəb dilinə
Bakıdakı Misir Mədəniyyət və
Təhsil Əlaqələri Mərkəzinin direktoru
Əhməd Sami əl-Aydi tərcümə
edib. Kitab Misirin “Əl-Ədəb” nəşriyyatında
çap olunub. Əsər
Azərbaycan haqqında həqiqətləri ərəb
dünyasına çatdıracaq.
Daha sonra səfir Misir Ərəb
Respublikasının Ali Təhsil Nazirliyinin mükafatını
yazıçıya təqdim etdi.
Ədəbiyyatşünas
alim, filologiya elmləri
doktoru, professor Qəzənfər
Paşayev çıxışında
söylədi ki, 60-cı illərin əvvəllərində
ədəbiyyata gələn Elçin ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı
manerası, həyat hadisələrinə orijinal
baxışı ilə diqqəti cəlb edib.
Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, Xalq artisti
Azərpaşa Nemətov bildirdi ki, Azərbaycan teatrının ölkəmizin
hüdudlarından kənarda tanınmasında Elçin
dramaturgiyasının xüsusi yeri var. Dramaturqun
“Mənim sevimli dəlim” pyesi
Türkiyədə Azərbaycan dramaturgiyası nümunələrindən
tamaşaya qoyulan ilk pyes idi.
Türkiyə mediası “Dəlixana qaçqını”nı
(“Mənim sevimli dəlim” əsərini)
Azərbaycan-Türkiyə mədəni əlaqələrinin
inkişafında mühüm hadisə kimi dəyərləndirib. Londonda
müəllifin “Şekspir” əsərinin
tamaşası da böyük
müvəffəqiyyətlə nümayiş
etdirilib və geniş
tamaşaçı rəğbəti qazanıb. “Mənim sevimli dəlim” pyesi Londonun “Tristan Bates” teatrında uğurlu
səhnə təcəssümünü tapıb. Azərpaşa
Nemətov Elçinlə teatr sahəsində
yaradıcılıq əlaqələrinin tarixindən bəhs
edərək bu əlaqələrin bu gün də davam etdiyini diqqətə
çatdırdı.
“Baş” romanının ərəb dilinə tərcüməçisi,
Misir Mədəniyyət və Təhsil
Əlaqələri Mərkəzinin rəhbəri Əhməd
Sami əl-Aydi çıxış edərək
Misirin ilk azərbaycanşünas
alimi kimi 30-dan çox Azərbaycan
yazıçısının
yaradıcılığını tədqiq etdiyini
dedi: “Sevindirici
haldır ki, bu gün Azərbaycanda tərcümə sahəsində
də böyük işlər görülür,
Misir ədəbiyyatından tərcümələr
edilir. Mərkəz olaraq
məqsədimiz iki ölkə arasında mədəni
əlaqələri inkişaf etdirməkdir.
Romanın tərcüməçisi kimi deyə bilərəm ki,
bu əsər tək bizim
ölkədə deyil, eyni
zamanda bütün ərəb
ölkələrində sevilə-sevilə oxunmaqla
bərabər iki xalqın tarixinin,
mədəni irsinin tanınmasına xidmət
edəcək”.
Fələstinin
Azərbaycandakı səfiri Nasser Abdul Karim Al
Rahim, tənqidçi, filologiya
üzrə fəlsəfə doktoru Nərgiz
Cabbarlı, tənqidçi Əsəd Cahangirin
çıxışlarında vurğulandı ki, Elçinin “Baş” romanı klassik ənənələri
əks etdirməklə yanaşı, müasir
tendensiyaları da özündə ehtiva edir. Əsər həm tarixi faktları, həm də poetik
göstəriciləri qoruya bilib. Roman dünyanın
görünən və görünməyən tərəflərini
sintez edir.
* * *
Sonda Xalq yazıçısı Elçin
tədbirin iştirakçılarına və təşkilatçılarına,
kitabın ərsəyə gəlməsində xidmətləri
olan hər kəsə təşəkkürünü
bildirdi. Vurğuladı ki,
roman yazmaq fiziki və zehni cəhətdən
çətin prosesdir: “Baş”
romanını yazıb qurtaranda düşündüm ki, bir daha roman
janrına müraciət etməyəcəyəm. Lakin bu gün
roman haqqında eşitdiyim
gözəl fikirlər yenidən təzə bir
romana müraciətimə səbəb olacaq. Milli Kitabxana
mənim üçün doğma
bir məkandır. Tələbəlik və
aspirantura illərimdə günümün
mühüm bir hissəsini
bu məkanda keçirmişəm. Ona görə də doğma
divarlar arasında belə bir
təqdimatın keçirilməsi mənim üçün
çox xoş oldu”.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 6 iyun.- S.5.