Bəşəriyyətin
mədəni irsində Azərbaycan xəzinəsi
Muğam sənətimizin
UNESCO-nunsiyahısına daxil edilməsinin
ildönümü qeyd
edilib
Parisdə UNESCO-nun
baş qərargahında Azərbaycan muğam ifaçılığının Bəşəriyyətin
qeyri-maddi mədəni irs
üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi
münasibətilə qəbul və konsert
keçirilib.
Ölkəmizin
UNESCO yanında daimi nümayəndəliyinin
təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi
və UNESCO üzrə Milli Komissiyanın
dəstəyi ilə keçirilən tədbiri daimi nümayəndəliyin rəhbəri, səfir
Anar Kərimov açaraq
muğam ifaçılığı, onun musiqi dünyasında və
azərbaycanlıların həyatındakı yeri
haqqında ətraflı məlumat verib.
Bildirib ki, mədəni dəyər və milli kimliyimizin əsası
kimi muğam
xalqımız tərəfindən yüksək qiymətləndirilir.
A.Kərimov muğam sənətinin
tarixi sınaqlardan uğurla
keçərək müasir dövrdə
tamamilə yeni bir səviyyəyə
qalxması və UNESCO-nun Qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil
edilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın müstəsna rolundan söz açıb.
Xatırladaq ki,
Azərbaycan muğamı 7 noyabr
2003-cü il tarixində UNESCO tərəfindən
“Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri”
elan olunub. UNESCO-nun “Qeyri-maddi mədəni
irsin qorunması haqqında” 17 oktyabr 2003-cü il tarixli Konvensiyasına ölkəmiz 2006-cı
ildə qoşulub. 2008-ci ildə Azərbaycan
muğam sənəti UNESCO-nun
Qeyri-maddi mədəni irs
üzrə siyahısına salınıb.
A.Kərimov Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası
Komitəsi üzvlüyünə namizədliyi barədə də
danışıb. O, ölkəmizdə mədəni irsin qorunması istiqamətində bir çox milli qanunvericilik
aktlarının qəbul edildiyini və bu sahədə bir çox layihələr həyata keçirildiyini diqqətə
çatdırıb.
UNESCO üzrə
Azərbaycan Respublikası Milli Komissiyasının
baş katibi, xüsusi tapşırıqlar üzrə səfir
Elnur Sultanov
muğamın milli və beynəlxalq səviyyədə
təşviqində Azərbaycanın Birinci
vitse-prezidenti, UNESCO-nun
xoşməramlı səfiri Mehriban
Əliyevanın böyük rolu olduğunu bildirərək,
onun ölkəmizlə təşkilat
arasında əlaqələrin inkişafına böyük töhfələr verdiyini
diqqətə çatdırıb. Səfir ölkəmizin mədəniyyətlər
və dinlər arasında dialoq mərkəzinə
çevrildiyini vurğulayıb. O, 2010–2014-cü illərdə Qeyri-maddi
mədəni irsin qorunması üzrə
Hökumətlərarası Komitəsinə üzvlüyü
dövründə Azərbaycanın qurumun
fəal və etibarlı tərəfdaşı olduğunu xatırladaraq, yenidən seçildiyi təqdirdə bu
tərəfdaşlığın daha dinamik olacağını vurğulayıb.
Bildirib ki,
sözügedən Komitəyə üzv
seçilməsi ölkəmizin zəngin təcrübəsini
digər üzvlərlə bölüşmək və onlarla əməkdaşlıq ruhunda
işləmək imkanı yaradacaq.
E.Sultanov
tədbir iştirakçılarını UNESCO-nun
Qeyri-maddi mədəni irsin
qorunması üzrə Hökumətlərarası Komitəsinə
Azərbaycanın namizədliyini dəstəkləməyə,
qlobal qeyri-maddi mədəni
irsin müdafiəsi kimi
nəcib vəzifəyə birgə səylərlə töhfə
verməyə çağırıb.
Sonra
“Mugham Souls” qrupunun üzvləri Elnur
Mikayılov (kamança), Kamran
Kərimov (nağara), Ələsgər Məmmədov
(tar), Vasif Hüseynzadə
(piano), Şirzad Fətəliyev
(balaban), Yusif
Əzizovun (bass nağara)
müşayiəti ilə xanəndə Qoçaq
Əsgərov və Pyer Treqomen
“Sarı gəlin”, “Rast”, “Şur”,
“Bayatı-Şiraz”, “Bayatı-kürd” kimi muğamları ifa
ediblər. Musiqiçilərin ifası alqışlarla
qarşılanıb.
Mədəniyyət
Nazirliyinin UNESCO-nun Qeyri-maddi mədəni irsin
qorunması üzrə Hökumətlərarası Komitəsinə
ölkəmizin namizədliyinə dair nəşri,
“İRS” jurnalının UNESCO-nun
siyahısına daxil edilmiş
Azərbaycan mədəni irs nümunələrinə
həsr olunmuş xüsusi
nömrəsi tədbir iştirakçılarına hədiyyə
edilib.
Sonra tədbir
iştirakçıları milli mətbəximizin
təamlarına qonaq ediliblər.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.6.