Bakı Xoreoqrafiya Akademiyası buraxılış kursunun sənət hesabatı

 

“Xoşbəxt evliliyin qaydaları” tamaşası nümayiş olunub

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) buraxılış kursunun tələbələri iyunun 4-də Azərbaycan Dövlət Musiqili Teatrında sənət hesabatlarını verdilər. Teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının motivləri əsasında hazırlanmış “Xoşbəxt evliliyin qaydaları” adlı buraxılış-kurs tamaşası təqdim olundu.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev, akademiyanın kollektivi, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Əvvəlcə akademiyanın fəaliyyəti, son illərdə həyata keçirilən tədbirlər və gələcək planlar haqqında məlumat verildi. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə akademiya statusu alan bu sənət məbədinin inkişafı və ənənələrinin qorunması istiqamətində görülən işlər qeyd olundu.

Mədəniyyət Nazirliyi və BXA-nın birgə təşkilatçılığı ilə təqdim olunan tamaşanın xoreoqrafı Xalq artisti Yusif Qarayev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Səhnə əsəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.

Əməkdar incəsənət xadimi Sonaxanım İbrahimovanın layihə rəhbəri olduğu rəqs-tamaşada BXA-nın orta, orta ixtisas, bakalavriatmagistratura pillələrinin şagird və tələbələri çıxış etdilər.

Səhnə əsərinin maraqlı zəngin dekorasiyası, iştirakçıların məharətli çıxışı tamaşanı daha baxımlı edirdi. “Xoşbəxt evliliyin qaydaları” buraxılış-kurs tamaşası maraqla qarşılandı.

Qeyd edək ki, bundan öncə BXA-nın tələbələri Azərbaycan Dövlət OperaBalet Teatrının səhnəsində “Don Kixot” buraxılış-tamaşası ilə çıxış ediblər. Tamaşanın xoreoqrafı Əməkdar müəllim Pellumb Aqalıyay, dirijoru Əməkdar artist Əyyub Quliyevdir.

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.6.