Əməkdar
elm xadimi haqqında biblioqrafiya çapdan
çıxıb
Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət
mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm
Qasımlının anadan olmasının 60 illiyi münasibətilə
“Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya”
adlı kitab nəfis tərtibatla çap olunaraq oxucuların
ixtiyarına verilib.
Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlu bildirib ki, “Uğur” nəşriyyat-poliqrafiya
mərkəzində işıq üzü görən kitab
görkəmli ziyalı, alim və Orxan Paşa təxəllüsü
ilə gözəl şeirlər müəllifi kimi tanınan
şairin elmi və ədəbi-bədii fəaliyyətinin
mühüm bir qismini əhatə edir.
Nəşrdə Məhərrəm
Qasımlının ana dili ilə yanaşı müxtəlif
ölkə və dillərdə nəşr olunan əsərləri
haqda məlumatlar da kitabda yer alıb. Bütövlükdə
13 bölmədən ibarət nəşr alimin tərtib
etdiyi, elmi məsləhətçisi və redaktoru olduğu
kitabları, dövri mətbuatda və məcmuələrdə
dərc edilmiş məqalələri, şeir və tərcümələrini
də əhatə edir.
Kitabı tərtib edən Xalidə Vəliyeva,
redaktoru Yeganə Məmmədovadır.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.12.