Təbiət
və dəbin vəhdəti
Heydər
Əliyev Mərkəzində “Moda məkanı”
sərgisi
İyunun 4-də Heydər
Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında
“Moda məkanı” adlı sərginin
açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva sərgi ilə
tanış olub.
Açılış mərasimində
Aleksandr Vasilyev Fondunun prezidenti,
kolleksiyaçı, moda tarixçisi,
sənətşünas Aleksandr Vasilyev sərginin konsepsiyası haqqında
danışıb.
Gözəl
məkanda - Heydər Əliyev Mərkəzində ikinci sərginin açılış mərasimində
bu qədər böyük
sayda insanı görməkdən çox şad olduğunu deyən qonaq qeyd edib ki,
budəfəki sərginin mövzusu Azərbaycana
yaxındır. Bu, Azərbaycanın
əsrarəngiz təbiəti ilə əlaqədardır. “Sizin ölkəniz dənizin
yaxınlığında yerləşir. Burada
gözəl dağlar, meşələr var”, - deyən kolleksiyaçı Azərbaycanın
zəngin flora və faunaya
malik olduğunu
vurğulayıb.
Dizaynerlərin təbiətə
həmişə valeh olduqlarını
diqqətə çatdıran A.Vasilyev təbiətin
əsrlər boyu ilham
mənbəyi olduğunu bildirib:
“Bizim sərgimiz də modanın XVIII-XXI əsrlərdə
ətrafımızda olan gözəlliyi
necə əks etdirdiyindən söhbət açacaq”.
O, diqqətə çatdırıb ki, çiçəklərin rəngi, çəmənliyin
rəng çalarları, dağlarda, savannalarda, cəngəlliklərdə və ya səhralarda yaşayan
canlılar, dənizdəki balıqlar, xərçənglər,
mirvarilər, mərcanlar – bütün bunlar rəssamların
yaradıcılığında əksini tapır. Eləcə
də kəpənəklərin, böcəklərin, çəyirtkələrin
özünəməxsus görünüşündəki incəlik
istənilən dizaynerin
hazırladığı paltardan üstündür.
Aleksandr Vasilyev Fondunun prezidenti çıxışında təbiətin
ilahi qanunu olduğunu vurğulayıb. Bildirib
ki, təbiətdə zövqsüz
heç nə yoxdur.
İstər bitki, istər heyvanlar
aləminin hər bir növü
özlüyündə gözəldir. Tanrı
onları lazımi cizgilər və atributlarla
yaradıb ki, bütün
bunlar bugünkü sərgidə
öz əksini tapıb. Ətraf mühiti qorumaq məqsədilə
kolleksiyada olan xəzlər
sərgidə bilərəkdən təqdim edilməyib,
onların yalnız imitasiyası verilib.
Sərginin yaradılma tarixindən
söhbət açan kolleksiyaçı
deyib: “Bu sərgi üç il əvvəl
yaradılıb. Riqada – Latviya
Milli Dekorativ Sənət
Muzeyində, sonra Vilnüsdə –
Litvanın Milli Dekorativ
Sənət Muzeyində nümayiş etdirilib. Lakin Bakı üçün biz yenilik etdik: Qədim paltarlar bərpa edildi”.
Sərginin Bakıda yaşayan, eləcə də bu
şəhərə gələn, modanı sevən
qadınlara, kişilərə və uşaqlara
əsl hədiyyə olduğunu deyən Aleksandr Vasilyev hər kəsin
zövq alacağına əminliyini bildirib.
İştirakçılar sərgi
ilə böyük maraqla
tanış olublar. Sərgi təbiət
və dəbin vəhdətinə həsr olunub.
Ekspozisiyada XVIII-XXI əsrlərə aid 400-dək eksponat – geyim və aksesuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət
əşyaları və s. nümayiş olunur.
Təbiət, tarix
və modanı bir məkanda birləşdirən
sərgi bir neçə bölmədən
ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə
də digər təbiət mövzularından ilhamlanaraq
yaradılmış dəb nümunələri təqdim edilir. Ekspozisiya
zalının dekorasiyası da mövzuya uyğun olaraq təbiət elementləri ilə zəngindir.
Sərgidə Paco Rabanne,
Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy,
Thierry Mugler və digər məşhur brendlərin eksponatları
yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina
Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların
şəxsi qarderobundan
geyimlər nümayiş
olunur.
Sərgi dekabrın 2-dək davam edəcək.
Xatırladaq ki, bu,
Aleksey Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim
etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il
aprelin 29-dək davam edən “Modernizm və moda” sərgisində
1960-cı illərə aid geyim
və aksesuarlar nümayiş olunmuşdu.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.9.