Ellin-antik dövrünə
dair yeni bilgilər əldə edilib
AMEA-nın
müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası
may ayında Ağsu rayonunun Gəgəli kəndində yerli sakin Sahib Mirzəyevin həyətində 70 kvadratmetr
sahədə arxeoloji kəşfiyyat qazıntısı
aparıb.
Qazıntı zamanı 40 santimetr
dərinlikdən başlayaraq
şum işləri zamanı dağılmış
təbəqənin qarışıq
materialları və insan skeletlərinin qalıqları üzə
çıxıb. Ümumilikdə 25 qəbir qeydə alınıb, onların bəzilərində bir neçə skeletə rast gəlinib.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, Nərgizava
abidəsi eramızdan
əvvəl III və
eramızın III əsrlərində
Qafqaz Albaniyasının
Ellin-antik dövrlərinə
dair bilgilər verir. Abidənin qəbirləri pilləli şəkildə dəfnlə
xarakterizə olunur.
Qəbirlərə dördqulplu saxsı
maye qabı və digər saxsı su və
yemək qabları qoyulub. Qablar Ellin dövrünə
xas olan qırmızı oxra ilə rənglənib.
Skeletlərin ətrafından müxtəlif
rəngləri olan çaxmaqdaşılar da
götürülüb. Dəmirdən xəncər, bıçaq,
ox ucluqları və nizə ucluqları aşkar olunub. Əksər skeletlərin üzərində
ocaq qalanması ayininin izlərinə rast gəlinib.
Antropoloq Vüsal Həsənov qeyd edir ki, qazıntının
genişləndirilməsi bu
skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq. Qazıntı zamanı 9 saylı
qəbirdən bir ədəd Parfiya sikkəsi də üzə çıxıb.
Qeyd edək ki, qazıntı mövsümündə Gəgəli
kəndinin yaxınlığındakı
Yasamal qobusunun kənarında 20 kvadratmetr
sahədə yaşayış
yerinin üzə çıxarılması istiqamətində
də işlər görülüb. Həm nekropolda, həm
də ehtimal olunan yaşayış yerində işlər hələ sona çatdırılmayıb. İşlərin yekunlaşdırılması üçün Arxeologiya
və Etnoqrafiya İnstitutunun Nərgizava ekspedisiyasının yenidən
ezam olunması nəzərdə tutulur.
Mədəniyyət.- 2018.- 6 iyun.-
S.15.