Peşəkar
səhnəmizin “cənubda görünən ulduz”u
Ələkbər
Süheyli teatra ülvi tellərlə bağlı idi
Ötən əsrin
əvvəllərində milli
teatrımızın inkişafına töhfələr verən
bir çox
aktyorlarımız olub. Ələkbər Süheyli də yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyələnən
belə sənətkarlardan biridir.
Ələkbər Fərəculla
oğlu Əliyev (Süheyli)
1879-cu ildə Bakıda anadan olub. Atası onun üçün müəllim tutur,
ana dilindən başqa
rus, fars, ərəb
dillərini də öyrədir. Gənc yaşlarından ailəsinin
ticarət işlərinə kömək edir,
bununla əlaqədar olaraq
bir sıra xarici
ölkələrdə səfərdə olur.
O, həmçinin asudə vaxtlarında “Müsəlman dram artistləri cəmiyyəti”nə gedir. Burada göstərilən
tamaşalar onu sanki ovsunlayır.
İlk vaxtlar epizodik rollarda səhnəyə çıxan Ələkbər
teatra ülvi tellərlə
bağlanır. Səhnədə fəaliyyətini genişləndirən
aktyor özünə “Süheyli”
təxəllüsü götürür.
Bu söz ərəbcədən
tərcümədə “cənubda görünən ulduz” deməkdir. 1906-cı ildə yaranan “Nicat” mədəni-maarif
cəmiyyətinin teatr truppasına ilk üzv yazılanlardan biri də Ələkbər Süheyli
idi. O, sonralar “Səfa”,
“Müdiriyyət”, “Müsəlman artistləri
ittifaqı”nın teatr truppalarında
çalışır.
1919-cu ildə bugünkü
Akademik Milli Dram Teatrının truppasına götürülür. Dörd
il bu sənət
ocağında çalışır. 1923-cü ildə Azad Tənqid-Təbliğ Teatrına dəvət
edilir və ömrünün
sonuna kimi bu mədəniyyət ocağında aktyor və rejissor kimi fəaliyyət göstərir.
Teatrşünas,
professor İlham Rəhimli
“Azərbaycan teatr tarixi”
kitabında Ələkbər Süheylinin
Akademik Milli Dram Teatrının səhnəsində və
müxtəlif truppalarda Məhiz (“Tariq ibn Ziyad”
– Əbdülhəq Hamid), Səlim bəy,
Vəli bəy, Çoban (“Dağılan tifaq”, “Millət dostları” və “Pəri cadu” – Əbdürrəhim bəy
Haqverdiyev), Paşa
(“Bakı müharibəsi” – Cəfər Cabbarlı), Svistinov (“Müfəttiş” – Nikolay
Qoqol), Qubad (“Dəmirçi
Gavə” – Şəmsəddin Sami), Süleyman paşa (“Akif bəy” – Namiq Kamal) və başqa rollarda çıxış etdiyini
bildirir.
Onu da qeyd edək ki, teatrlarımızda qadın aktyorların
olmadığı bir vaxtlarda
Ə.Süheyli müxtəlif tamaşalarda xeyli qadın
rolları ifa edib. Onlardan Cahan xala (“Arşın mal alan” – Üzeyir
Hacıbəyli), Sona, Hafizə xanım
(“Dağılan tifaq” və “Pəri cadu” – Ə.Haqverdiyev), Hürzad (“Evliykən subay”
– Zülfüqar Hacıbəyov), Çərkəz
xanım (“Kəndxuda” – Mirmahmud
Kazımovski), Tuba (“Zorən təbib” – Jan Batist olyer)
obrazlarını göstərmək olar.
Araşdırmalarda qeyd edilir
ki, xüsusilə Hafizə xanım rolunun ən yaxşı ifaçısı
Ə.Süheyli hesab olunub.
Aktyorun Tənqid-təbliğ
teatrının səhnəsində canlandırdığı
Məşədi Ramazan (“Arşın
malı” – Əhməd Qəmərli), Tacir
(“Tufan” – Vladimir Bill-Beloserkovski), Hacı Həsən ağa (“Ölülər” – Cəlil Məmmədquluzadə)
rollarının da yaddaqalan
olduğu bildirilir. O,
həmçinin bu səhnədə Sidqi Ruhullanın, David
Qutmanın, Yevgeni Muromskinin
quruluşlarında hazırlanan tamaşalarda
rejissorluq edib.
Ələkbər Süheyli yaradıcılığının coşqun çağlarında, 26 fevral 1927-ci ildə 48 yaşında vəfat edib.
Savalan
FƏRƏCOV
Mədəniyyət.- 2018.- 6 iyun.- S.12.