Yazıçı Nəriman
Əbdülrəhmanlının 60 illiyi qeyd olunub
Azərbaycan Tərcümə
Mərkəzində tanınmış yazıçı Nəriman
Əbdülrəhmanlının anadan olmasının 60 illik
yubileyi qeyd edilib.
Mərkəzin direktoru,
yazıçı Afaq Məsud
yubilyarın ədəbiyyat, kino, televiziya və digər sahələrdə fəaliyyətindən
danışıb. Qeyd olunub
ki, 1980-ci illərdən publisistik
yazıları ilə mətbuatda çıxış edən
N.Əbdülrəhmanlı tezliklə hekayə və povestləri
ilə də oxucuların rəğbətini qazanıb. Kinopublisistika və kino tarixi ilə də ciddi məşğul
olan N.Əbdülrəhmanlı “Azərbaycan
kino sənəti tarixi”
monoqrafiyasını yazıb. Qələmə
aldığı ssenarilər üzrə bədii və sənədli
filmlər çəkilib. O, həmçinin folklor
araşdırmaları aparıb, bir çox aşıq və şairlərin
yaradıcılığını toplayaraq
kitab halında nəşr etdirib,
onlarla kitabın tərtibçisi və redaktoru olub.
2000-ci illərdə
romanları işıq üzü görən
yazıçı bədii tərcümə ilə də məşğul
olur, gürcü, rus və türk dillərindən
dünya ədəbiyyatı nümunələrini
dilimizə çevirib. 2011-ci ildə Mədəniyyət
Nazirliyinin “Qızıl kəlmə”
mükafatına layiq görülüb.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.12.