“Cavad xan mövzusu sanki taleyimə çevrildi...”

 

Akademik Opera və Balet Teatrında Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası olacaq

 

İyunun 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun “Cavad xan” baletinin premyerası olacaq. Səhnə əsəri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. XIX yüzilliyin əvvəllərində Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan (1748-1804) olmaqla Çar Rusiyası işğalına qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.

Premyera öncəsi Sərdar Fərəcovla görüşüb söhbət etdik.

Baletin yaranma ideyasından danışan müəllif qeyd etdi ki, Cavad xan mövzusu hər bir azərbaycanlı üçün doğma və qəlbində vətənpərvərlik hisləri doğuran mövzudur. Cavad xan tarixi şəxsiyyət olmaqla yanaşı, ideallaşmış bir obrazdır: “2009-cu ildə rejissor Rövşən Almuradlı Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında “Cavad xan” bədii filmini çəkərkən bəstəkar kimi məni dəvət etdilər. Biləndə ki film tarixi mövzudadır, bəstələdiyim musiqi canlı alətlər üzərində olacaq, elektron alətlərdən istifadə edilməyən bir musiqi yazmalıyam bu iş məni daha da həvəsləndirdi. Əlbəttə ki, film üçün o qədər də böyük həcmli musiqi bəstələmək lazım deyildi. Düşündüm ki, əgər belə bir imkan varsa, Cavad xan mövzusunda daha geniş bir əsər yaradım. Yeni obraz və yeni hadisələr əlavə edərək gələcəkdə bunu bir balet kimi görməyə başladım. 20 dəqiqəlik musiqi lazım idisə, 1 saatlıq simfonik musiqi bəstələdim. Rejissor filmdə musiqidən ona lazım olan qədər istifadə etdi. Bir neçə ildən sonra musiqiyə yenidən müraciət etdim və əsəri yenidən balet kimi işlədim”.

 

- Həmkarlarınız əsəri necə qarşıladılar?

- Ötən il əsəri Bəstəkarlar İttifaqının komissiyasına təhvil verdim və müsbət rəy bildirildi. Bəstəkarlar İttifaqı məktubla Opera və Balet Teatrının rəhbərliyinə müraciət etdi. Cavab özünü çox gözlətmədi. Əsər tez bir zamanda hazırlanmağa başladı. Buna görə teatrın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Əsərə dinamik səhnə həyatı vermək qərarına gəldilər. Moskvadan Əjdər Ulduz dəvət olundu və librettonu yeni obrazlarla zənginləşdirərək qüvvətləndirdi. Qeyd edim ki, səhnə əsərinin quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Xalq rəssamı Rafiz İsmayılovdur. Balet-tamaşada rolları Xalq artisti Gülağası Mirzəyev (Cavad xan), əməkdar artistlər Nigar İbrahimova (Cavad xanın həyat yoldaşı), Samir Səmədov (general Sisianov), Makar Ferştandt (I Aleksandr) və aparıcı solist Ayan Eyvazova (gürcü şahzadəsi) ifa edəcəklər. Çox məmnunam ki, bu əsər öz taleyini yaşamaq haqqı qazandı. Çünki baletin ərsəyə gəlməsində ən peşəkar sənətkarlar yaxından iştirak edirlər.

- “Cavad xan” baleti səhnəmizdə həm də yeni bir səhifədir. Əsərin musiqisi barədə nə deyə biləsiniz?

- İstər operada, istərsə də baletdə hər bir obrazla bağlı müəyyən tərəddüdlər olur. Məgər Ə.Bədəlbəyli “Qız qalası” yazanda azərbaycanlı qızını, xan obrazını baletə gətirmək haqqında düşünmək, həllini tapmaq onun üçün çox asan idi? Lakin bu gün Azərbaycan balet məktəbinin böyük təcrübəsi var. O, “Qız qalası”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Babək” kimi milli əsərlərlə böyük bir yaradıcılıq yolu keçib...

Etiraf edim ki, Cavad xan mövzusu sanki taleyimə çevrildi. Musiqini son dərəcə həvəslə, qəlbimdəki bütün hisləri notlara köçürərək yazmışam. Əsər yaddaqalan melodiyalarla zəngindir. Ümumiyyətlə, baletdə melodiyalı musiqinin çox böyük əhəmiyyəti var. Bununla belə musiqidə dünyəvilik, xəlqilik, milli musiqimizin ruhu ilə bərabər müasir musiqi də öz əksini tapıb. Xarakterlər, obrazlar dəyişdikcə musiqidə ifadə vasitələri də dəyişir. Baletin ən çox sevilən hissəsi isə “Dua” səhnəsidir. İnanıram ki, tamaşaçılar yaxşı qarşılayacaqlar.

- Yaradıcılığınızda balet janrına ilk dəfə müraciət edirsiniz...

- Bəli, ilk dəfədir. Buna görə də premyeraya qədər içimdə qammalı həyəcanlar hökm sürəcək. Bu günə kimi özümü müxtəlif janrlarda sınamışdım. Əlimdə yarımçıq qalmış operam da var. O da vətənpərvərlik, milli dəyərlər mövzusundadır. Milləti millət edən onun mənəvi dəyərləridir. Dəyərləri qorumalı və gələcək nəslə aşılamalıyıq. Cavad xanın həyatı nümunə olacaq bir məktəb, ibrət dərsidir. Xüsusilə gənclərimiz bu şəxsiyyətlərin həyatını öyrənib tarixdən nəticə çıxarmağı bacarmalıdır. Torpaq uğrunda necə vuruşmaq, onu necə qorumaq lazımdır - bütün bunlar Cavad xan obrazında cəmlənib.

- Tarixi mövzulara daha çox müraciət etməyiniz nə ilə bağlıdır?

- Belə mövzular mənə yaxındır. “Şah Xətai” simfoniyası, “Şəhidlərə ağı” simfonik lövhəsi, “Əbədiyyət karvanı”, “Dədə Qorqud” oratoriyaları və s. tarixi mövzularla yanaşı 50-dən çox tamaşaya musiqi yazmışam, 4 operetta müəllifiyəm. Üzeyir bəyin “Ər və arvad” operettasını, onun itmiş “Şeyx Sənan” operasının fraqmentini bərpa etmişəm. Bu, taleyin işidir. Hər bəstəkar özünə yaxın olan mövzularda əsərlər ərsəyə gətirir.

- Fəaliyyətiniz çoxşaxəlidir. Bəstəkarlar İttifaqı, Üzeyir bəyin ev-muzeyi, televiziya... Zamanı necə bölürsünüz?

- Yəqin ki, buna görə sağlamlığıma borcluyam. Vaxtı özümüz özümüzdən “oğurlayırıq”. Düzdür, hərdən yorulduğumu da hiss edirəm. Bəstəkarlar İttifaqında təkliflərimdən biri kütləvi halda Azərbaycan bəstəkarları haqqında nəşrlərin dərc olunması idi. 20-30 ildir ki, bəstəkarlarımız haqqında heç bir məlumat, kitablar nəşr olunmurdu. Bu boşluğu doldurmaq üçün ilk təklifim bu oldu ki, yaşı əllini keçən bəstəkarlar haqqında kitablar nəşr olunsun. İttifaqın rəhbərliyinin köməkliyi ilə bu kitablar çap olunaraq ictimaiyyətə təqdim edildi. Televiziyada isə Azərbaycan bəstəkarlıq məktəbini təbliğ edən verilişin aparıcısıyam. Bu gün bəstəkarlarımızın tanıdılmasına ehtiyac var. Unudulmuş bəstəkarları yada saldığımıza görə insanlardan təşəkkür eşidirəm.

 

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.13.