Bir gündə iki premyera
Gündüz balacalar üçün “Şirinlər”, axşam seansında benefis-tamaşa
Komiks-romanın səhnə variantı
İyunun 2-də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı iki premyera ilə
seyrçilərin görüşünə gəldi.
Gündüz teatrın səhnəsində
belçikalı rəssam və komiks-romanlar
müəllifi Pyer Cullifordun
“Şirinlər” əsəri əsasında
hazırlanmış eyniadlı tamaşa
göstərildi. Paytaxt məktəbliləri
tərəfindən böyük coşqu və maraqla
qarşılanan tamaşa əslində onlara məşhur
cizgi filmindən tanış idi. Tamaşada xeyirxahlıq,
insanların bəd əməllərdən
uzaqlaşdırılması, hər kəsin dost
və mehribanlıq şəraitində yaşaması kimi nəcib hislər aşılanır.
Teatr son dövrdə maraqlı uşaq
tamaşaları ilə azyaşlıları sevindirib.
C.Sviftin
“Qulliver Cırtdanlar ölkəsində”,
“Çeburaşka”, R.Hovardın “Qrinç”, H.Andersenin “Qar
kraliçası” və Sten Linin “Hörümçək adam”
tamaşalarından sonra səhnə tərtibatı,
kostyum, rəssam işi,
musiqi tərtibatı, aktyor
oyunu baxımından “Şirinlər” balaca tamaşaçılarda əsl şirin hislər yarada bildi. Dinamik aktyor oyunu, səhnədən
uşaqlarla ünsiyyət, aktyorların
plastikası, müasir uşaqların
dünyagörüşünə uyğun
rejissor həlli tamaşanı
baxımlı etmişdi.
Balacalara şirin istirahət yaşada
biləcək tamaşanın quruluşçu
rejissoru Elşad Rəhimzadə,
rəssamı Şahin Hüseynli,
kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Musiqi
tərtibatını İradə Muradova,
tamaşanın plastik həllini Ceyhun Dadaşov verib. Rolları Rasim Cəfər,
Şəfəq Əliyeva, Ədalət Əbdülsəməd,
Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira
Əbdülsəmədova, Günel Məmmədova,
Asya Atakişiyeva, Xəyalə
Meydanova və başqaları ifa edirdilər.
Qeyd edək ki, “Şirinlər” Pyer Kullifordun cizgi
romanıdır. 1958-ci ildə tamamlanmış cizgi romanı 1981-ci ildə animasiya
filmi olaraq ekranlara çıxıb. Geniş
tamaşaçı auditoriyasının marağına səbəb
olan bu cizgi
serialı dünyanın bir çox ölkələrində müxtəlif
dillərdə ekranlaşdırılıb. İndi
isə azərbaycanlı uşaqlar sevimli cizgi film
qəhrəmanlarını teatr səhnəsində
görmək imkanı qazanıblar.
“Ana”
Həmin gün teatr
axşam seansında böyük şair-dramaturq Hüseyn
Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı
tamaşanı təqdim etdi. Premyera eyni zamanda Əməkdar
artist Nübar Novruzovanın
benefis-tamaşası idi.
Pyesdə xeyirlə
şər, qəddarlıqla
mərhəmət üz-üzə
qoyulub. Humanist ideyaların carçısı
olan əsərin baş qəhrəmanı
Səlma ananın qəlbi sanki mərhəmətdən, insanpərvərlikdən
yoğurulub. O, hətta
oğlunun qatilini belə bağışlaya
biləcək qədər
geniş ürəyə
malikdir. Nübar Novruzovanın yaratdığı
ana obrazı milli xarakterik xüsusiyyətləri ilə
tamaşaçı yaddaşında
iz qoya bilir.
Teatrın
baş rejissoru, Əməkdar incəsənət
xadimi Bəhram Osmanovun yozumunda səhnə həyatı verilən “Ana” tamaşası
H.Cavidin insanpərvərlik,
humanizm kimi ideyalarının səhnədə
təcəssümüdür. Tamaşa boyu izləyiciyə bir həqiqət ötürülür ki, həyatda bütün yaxşılıqlar kimi, heç bir pislik də cavabsız qalmır.
Səhnə əsərində
İradə Rəşidova,
Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva
və Aydın Dəmirov çıxış
edirlər. Aktyorların oyununda mənfi
qəhrəmanlar mənən
nə qədər qəddar təqdim edilirsə, müsbət qəhrəmanlar bir o qədər həyatda doğru yol tutan, mərd və alicənab obrazlardır.
Tamaşanın quruluşçu rəssamı
Telman Şıxıyev,
musiqi tərtibatçısı
Zaur Rəşidovdur.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.11.