“Bakı Prosesi” dünya gündəliyinin önəmli hissəsidir
Bizim təşəbbüsümüzlə
on il bundan əvvəl başlanan “Bakı Prosesi” dünyada
yeganə genişmiqyaslı əməkdaşlıq
formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs
heç kim tərəfindən irəli sürülməmişdir.
“Bakı Prosesi” sırf Azərbaycan təşəbbüsüdür.
Bu il biz “Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik. Bu təşəbbüs
BMT və digər mötəbər beynəlxalq təşkilatlar
tərəfindən dəstəklənir.
Prezident İlham Əliyev bu fikirləri müqəddəs
Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində
bildirib.
Prezident deyib ki, “Bakı Prosesi” artıq dünya
gündəliyinin önəmli hissəsidir və bu illər ərzində
biz Azərbaycanda dünya dini liderlərinin zirvə
görüşü, BMT Sivilizasiyalar Alyansının Qlobal
Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası
dialoq forumları kimi çoxlu sayda böyük tədbirlər
keçirmişik.
Dövlət başçısı vurğulayıb
ki, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi
kimi artıq özünü təsdiqləyib: “Bu, həm
dövlət siyasətidir, həm cəmiyyətdən gələn
sifarişdir. Bu, böyük sərvətdir, xüsusilə
indiki zəmanədə. Azərbaycanda dini, milli zəmində
heç bir problem, heç bir anlaşılmazlıq yoxdur. Biz
istəyirik ki, dünyada da olmasın. Ona görə biz həm
ölkə daxilində bu məsələləri daim diqqət
mərkəzində saxlayırıq və hesab edirəm ki,
beynəlxalq təşəbbüslərlə bölgədə
və dünyada dinlərarası münasibətlərin
yüksək səviyyədə tənzimlənməsi
işinə öz töhfəmizi veririk”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan
dünyada İslam mədəniyyətinin təbliği
işində çox fəal və uğurlu rol oynayır:
“Biz dünyanın müxtəlif ölkələrində
İslam mədəniyyətinin təqdimatı ilə
bağlı bir çox tədbirlər keçiririk. Bu
addımlar bir məqsədi güdür ki, dünyaya İslam
mədəniyyətini, İslam dəyərlərini olduğu
kimi təqdim edək, bəzi hallarda İslam dini ilə
bağlı təhrif edilmiş və yanlış fikirlərə
qarşı öz səsimizi ucaldaq və real həqiqətləri
çatdıraq”.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.2.