Ölkəmiz növbəti dəfə UNESCO-nun Hökumətlərarası Komitəsinə
üzv seçilib
4-6 iyun tarixində
UNESCO-nun Paris şəhərindəki baş qərargahında
təşkilatın Qeyri-maddi mədəni irsin qorunması
haqqında Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının 7-ci sessiyası
keçirilib. Sessiyada ölkəmiz
növbəti dəfə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinə
üzv seçilib.
Bununla bağlı
Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi və Mədəniyyət
Nazirliyi birgə bəyanat yayıb. Bəyanatda bildirilir ki, sessiyada Qeyri-Maddi
Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitədəki boş
yerlərə seçkilər zamanı 2-ci qrup
üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya
olmaqla 7 dövlət namizədliyini irəli
sürüb. “Aparılmış geniş təbliğat-təşviqat
kampaniyası nəticəsində Azərbaycan qrupda
90 səslə namizədlər arasında ən çox səs yığaraq Komitəyə üzv seçilməyə nail
olub. Digər yerə 52 səslə Polşa seçilib. Azərbaycanın
UNESCO Hökumətlərarası Komitəsinə namizədliyini
dəstəkləyən bütün
dövlətlərə təşəkkürümüzü
ifadə edirik”, - deyə bəyanatda
vurğulanır.
Bildirilir
ki, Azərbaycan Respublikası
2010-2014-cü illərdə Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitədə təmsil olunub və
ölkəmizə yenidən bu etimadın
göstərilməsi beynəlxalq müstəvidə, o cümədən UNESCO-da
Azərbaycanın qazandığı nüfuzun
növbəti təsdiqidir. Ölkəmiz üçün mühüm əhəmiyyət
kəsb edən belə bir qərarın qəbul
olunması Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın dəstəyi və
qayğısı, Azərbaycan Respublikası Xarici
İşlər və Mədəniyyət nazirliklərinin
birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq
münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Mehriban
xanım Əliyevanın dəstəyi sayəsində ötən
müddətdə Azərbaycan muğamı, aşıq sənəti,
xalça sənəti, Azərbaycan tar ifaçılıq sənəti, kamança, kəlağayı, misgərlik sənəti,
milli mətbəximizin nümunələri
olan lavaş və dolma, eləcə də Novruz
bayramı - ümumilikdə 11 qeyri-maddi mədəni irs
nümunəsi UNESCO-nun müvafiq
siyahısına daxil edilib.
“2018-2022-ci
illəri əhatə edən dövr ərzində
Hökumətlərarası Komitəyə üzv
dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi mədəni
irsin qorunmasına öz
töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv
dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-maddi
mədəni irsin qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin
həyata keçirilməsinə yaxından dəstək vermək,
həmçinin, qeyri-maddi mədəni irs incilərimizi beynəlxalq səviyyədə
təşviq etmək istiqamətində səylərini əsirgəməyəcəkdir”,
- deyə bəyanatda qeyd olunur.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.4.