“Şairlər günü”
Bakıda da qeyd edilib
İyunun 6-da Beynəlxalq
Muğam Mərkəzində “Şairlər günü” ilə
bağlı tədbir keçirilib. Artıq səkkizinci dəfə
təşkil olunan layihə ötən həftə
bölgələrdən başlanıb. Bu
il “Şairlər günü”
Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan,
Özbəkistan, Qazaxıstan, Qırğızıstan
şairlərinin xatirəsinə həsr edilib.
Tədbirə müxtəlif
ölkələrdən qələm adamları, millət vəkilləri,
ədəbi ictimaiyyətin nümayəndələri
qatılıb.
Mərasimdə bu
il 110 illik yubileyi qeyd edilən
Mikayıl Müşfiq haqqında qısa
film göstərilib.
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar layihənin səkkiz
ildir davam etməsini ədəbiyyatın
və mütaliənin təbliği baxımından müsbət
hal kimi dəyərləndirib.
Azərbaycan
Yazıçılar Birliyinin mətbuat
xidmətinin rəhbəri Xəyal Rza layihə
haqqında ətraflı məlumat verib. Bildirib ki, hər il dünyanın müxtəlif ölkələrindən
gələn qələm sahibləri Azərbaycan ədəbiyyatı
haqqında ətraflı məlumat alır, azərbaycanlı
yazıçıların yaradıcılığı ilə
tanış olurlar.
Daha sonra Milli Məclisin
deputatları Jalə Əliyeva, Qənirə Paşayeva,
Türkiyə Elmi və Ədəbi
Əsər Sahibləri Birliyinin sədri Mehmet Nuri Parmaksız və
başqaları çıxış ediblər.
Sonda “Mikayıl Müşfiq” mükafatları sahiblərinə
təqdim edilib.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.4.