“Azərbaycanım” uşaq
rəsm festivalı başa çatdı
İyunun 6-da Xətai
Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti
ili” çərçivəsində təşkil olunan “Azərbaycanım”
Respublika uşaq rəsm festivalının yekun tədbiri
keçirildi.
Mədəniyyət
Nazirliyi, Azərbaycan Dövlət Rəsm
Qalereyası, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf
Mərkəzi, “Azərbaycan Televiziya və
Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti,
Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə gerçəkləşən tədbir
qaliblərin mükafatlandırılması ilə başa çatdı.
Festivalın
finalçıları olan 35 uşaq öncə Xətai Rayon
İcra Hakimiyyətinin həyətində
sərbəst mövzuda rəsmlər
çəkdilər. Tədbirdə icra
başçısı Razim Məmmədov
və başqa məsul şəxslər iştirak edirdilər.
Sonra
finalçı uşaqlar Milli
İncəsənət Muzeyinə gedərək Azərbaycan və
dünya rəssamlığının
incilərilə yaxından tanış oldular.
Günün ikinci yarısında isə uşaqların parkda çəkdikləri rəsmlərdən
ibarət sərgi keçirildi və
qaliblər mükafatlandırıldılar.
Mərasimdə
çıxış edən Azərbaycan Dövlət Rəsm
Qalereyasının direktoru Qalib
Qasımov festivalın uşaqların bədii dünyagörüşünün
formalaşmasında rolundan söz açdı, iştirakçılara uğurlar dilədi.
Rəssamlar
İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov
festival çərçivəsində
gerçəkləşən işləri dəyərləndirdi,
günün uşaqlar
üçün yaddaqalan
keçdiyini bildirdi.
Xətai İH-nin
şöbə müdiri Pənah İmanov və Xətai Sənət Mərkəzinin
direktoru Zahid Avazov finalçıları təbrik etdilər,
iştirakçılara gələcək işlərində uğurlar dilədilər.
Sonra
mükafatçılar elan edildi. Qalib Pirvəlizadə, Zəhra Mahmudova,
Ruslan Xanmətova, Cəfər Hadizadə,
Aysun Kərimova, Nurdan
Qurbanova, Fidan Ağayeva, Fatimə Həbibli, Leyla
Ələsgərli, Ömər Məmmədzadə, Əminə
Hüseynzadə həvəsləndirici yerlərə, İradə
Yəhyayeva III, İnci Məsimli II, Nərmin
Abdullayeva I yerə layiq
görüldülər.
Bütün
iştirakçılara diplomlar verildi.
Xatırladaq ki,
festival çərçivəsində
eyniadlı uşaq rəsm müsabiqəsi
keçirilmiş, müsabiqəyə 15 yaşa qədər 800-ə yaxın uşaq əl işlərini təqdim etmişdi.
Onların içərisindən
seçilən 35 uşaq festivalın yekun mərhələsində iştirak
imkanı qazanmışdı.
S.QALİBOĞLU
Mədəniyyət.- 2018.- 8 iyun.- S.5.