Aşıq Şəmşirin 125 illik yubileyi UNESCO-da qeyd edilib

 

    Parisdə, UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya”nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası çərçivəsində qurumda akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu keçirilib. Tədbirdə Azərbaycandan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi də təmsil olunub.

İctimai birlikdən bildirilib ki, UNESCO QHT Forumunda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edilib. İctimai birliyin nümayəndəsi Fazil Qasımov çıxış edərək Aşıq Şəmşirin ədəbi irsi haqqında ətraflı məlumat verib.

O, Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin bu xalq sənətinin yeni inkişafında əhəmiyyətindən bəhs edib. Həmçinin “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da məsləhətçi statusu qazanmasının önəmi diqqətə çatdırılıb.

Fazil Qasımov mənzil-qərargahda UNESCO-nun qeyri-maddi mədəni irs şöbəsinin müdiri Tim Kurtis ilə görüşüb. Görüşdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO ilə əməkdaşlığının yeni layihələrlə genişlənəcəyinə əminlik ifadə olunub. Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə ithaf olaraq düzəldilmiş saz və sənətkarın ifa etdiyi 75 saz havasından ibarət disk UNESCO-nun şöbəsinə hədiyyə edilib.

Qeyd edək ki, sessiya ərzində Baş Assambleyanın keçirildiyi binada “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin stendi qurulub. Ziyarətçilərə Azərbaycanın qeyri-maddi mədəni irsi, aşıq sənəti və ictimai birliyin fəaliyyəti barədə məlumat verilib.

 

 

Mədəniyyət.- 2018.- 8 iyun.- S.7.