Görkəmli
opera müğənnisinin xatirəsi anıldı
İyunun 6-da Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində görkəmli opera müğənnisi,
SSRİ Xalq artisti Lütfiyar İmanovun 90 illik yubileyinə həsr
edilən anım tədbiri keçirildi. Muzeyin salonunda sənətkarın həyat və
yaradıcılığını əks etdirən sərgi təşkil
olunmuşdu.
Tədbiri muzeyin direktoru, Əməkdar
mədəniyyət işçisi Alla Bayramova açaraq Lütfiyar İmanovun musiqi mədəniyyətimizin
inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, onun
yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni
bir mərhələ təşkil edir.
Muzeyin şöbə
müdiri Xanım Abdinova
sənətkarın ömür yolundan bəhs etdi. Qeyd olundu ki,
sənətkar 17 aprel 1928-ci ildə Sabirabad rayonunda dünyaya göz
açıb. Erkən çağlardan
musiqiyə, teatra maraq
göstərib. Bakıda Asəf Zeynallı
adına Musiqi məktəbində, daha sonra Azərbaycan
İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət
Universiteti)
təhsil alıb. 1958-ci ildən ömrünü
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına
bağlayıb. 1959-cu ildə Moskvada
keçirilən Azərbaycan dekadasında dahi bəstəkar Üzeyir
Hacıbəylinin “Koroğlu” operasında
baş rolu məharətlə
ifa edib. Onun adı opera səhnəmizdə
aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə
yazılıb. Sənətkar Azərbaycanın
“İstiqlal” ordeni ilə
təltif olunub. 21 yanvar
2008-ci ildə vəfat edib.
Xalq artisti Canəli Əkbərov opera
müğənnisinin ifaçılıq sənətinin yeni nəsil üçün
bir məktəb olduğunu
dedi.
Əməkdar
artist Bəsti Sevdiyeva
sənətkarın insani keyfiyyətlərindən
danışdı, opera müğənnilərinin
yetişdirilməsi istiqamətində böyük
işlər gördüyünü diqqətə
çatdırdı.
Çıxışlar
arası görkəmli vokalçının ifalarını əks
etdirən video-fraqmentlər göstərildi.
Sənətkarın
oğlu Rauf İmanov ailələri adından
atasının xatirəsinə göstərilən diqqət və
ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılara öz dərin
minnətdarlığını bildirdi.
Sonda
Opera və Balet
Teatrının solistləri, əməkdar artistlər Fərid
Əliyev, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə,
Fəridə Məmmədovanın ifasında vaxtilə L.İmanovun ifa etdiyi mahnılar və vokal
əsərlər səsləndirildi. Çıxışlar
alqışlarla qarşılandı.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2018.- 8 iyun.- S.7.