Xəzər Universitetində Fikrət Əmirov
adına konsert mərkəzi
açılıb
Xəzər
Universitetində böyük bəstəkar, SSRİ Xalq
artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun
adını daşıyan konfrans-konsert mərkəzinin və
sənətkarın barelyefinin açılışı olub.
Mərasimdə ictimaiyyət nümayəndələri,
ziyalılar iştirak ediblər.
Xəzər
Universitetinin təsisçisi, Direktorlar və qəyyumlar
şurasının sədri, professor Hamlet İsaxanlı Fikrət
Əmirovun həyat və yaradıcılığından bəhs
edib.
Qeyd olunub ki,
yaradıcılığı zəngin milli köklərə əsaslanan
bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə
inkişafını təmin edən şəxsiyyətlərdəndir.
Onun simfonik muğam və muğam-poema janrlarında əsərləri
Azərbaycanın musiqi mədəniyyətinin zənginliyindən
xəbər verir. Müxtəlif janrlarda bir-birindən əsrarəngiz
musiqi əsərləri yaradan bəstəkarın “Azərbaycan kapriççiosu”,
“Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi”
kimi simfonik əsərləri , “Nizaminin xatirəsinə”
simfoniyası, “Sevil” operası ona böyük şöhrət
qazandırıb.
Bəstəkar həmçinin
məşhur mahnıların, dram tamaşalarına və
filmlərə musiqilərin müəllifidir. Həyatının
son illərində Fikrət Əmirov balet sənəti sahəsində
daha çox işləyib. O, 1973-cü ildə “Nəsimi
dastanı” baletini, 1979-cu ildə isə Şərq
nağıllarının motivləri əsasında “Min bir gecə”
baletini yazıb. Bu balet dünyada sənətkarın
adını dillər əzbəri edib.
Tədbirdə Xəzər
Universitetinin kamera orkestrinin müşayiəti və
tanınmış ifaçıların iştirakı ilə
bəstəkarın əsərlərindən ibarət konsert
proqramı təqdim edilib.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.8.