Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi (bundan sonra – Nazirlik) mədəniyyət, incəsənət,
tarix və mədəniyyət abidələrinin qorunması,
nəşriyyat və kinematoqrafiya sahələrində (bundan
sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini
həyata keçirən mərkəzi icra hakimiyyəti
orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını və bu Əsasnaməni rəhbər
tutur.
1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən
və hüquqlarını həyata keçirərkən
dövlət və yerli özünüidarəetmə
orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4. Nazirliyin müstəqil balansı, istifadəsində
olan dövlət əmlakı, xəzinə və bank
hesabları, üzərində Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş
möhürü, kargüzarlıq xidmətinin gerbsiz
möhürü, müvafiq ştampları və blankları
vardır.
1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti
Azərbaycan Respublikasının dövlət büdcəsi və
qanunda nəzərdə tutulmuş digər mənbələr
hesabına maliyyələşdirilir.
1.6. Nazirlik Bakı şəhərində
yerləşir.
2. Nazirliyin fəaliyyət istiqamətləri
2.0. Nazirliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1. müvafiq sahədə vahid
dövlət siyasətinin formalaşmasında iştirak etmək
və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.0.2. müvafiq sahədə
normayaratma fəaliyyətini həyata keçirmək;
2.0.3. müvafiq sahədə dövlət
tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni
həyata keçirmək;
2.0.4. strukturuna daxil olan Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti vasitəsilə mədəni irsin
qorunmasına, “İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqlarının əraziləri istisna olmaqla, dövlət
mühafizəsində olan daşınmaz tarix və mədəniyyət
obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına,
konservasiyasına, yenidən qurulmasına, texniki təchizat
vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı
təmir-bərpa işlərinin layihələndirilməsinə
dövlət nəzarətini həyata keçirmək;
2.0.5. müvafiq sahənin
inkişafı üçün tədbirlər görmək.
3. Nazirliyin vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə uyğun olaraq,
Nazirliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə
normayaratma fəaliyyətindən irəli gələn vəzifələri
yerinə yetirmək;
3.1.2. dövlət proqramlarının
və inkişaf konsepsiyalarının həyata keçirilməsini
təmin etmək;
3.1.3. müvafiq sahədə dövlət
proqramlarının layihələrinin hazırlanmasında
iştirak etmək;
3.1.4. digər icra hakimiyyəti
orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini,
həmçinin müvafiq sahədə fəaliyyət
göstərən qurumların və birliklərin fəaliyyətini
əlaqələndirmək;
3.1.5. müvafiq sahədə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin həyata keçirilməsini
təmin etmək;
3.1.6. müvafiq sahədə
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri
istisna olmaqla, qanunla onun səlahiyyətinə aid edilmiş
dövlət nəzarətini və dövlət monitorinqini həyata
keçirmək, icazə və digər hüquqmüəyyənedici
sənədlər vermək;
3.1.7. mədəniyyət sahəsində
dövlət reyestrini aparmaq;
3.1.8. mədəniyyət sahəsində
sahibkarlığın inkişafına dair tədbirlər
görmək;
3.1.9. fəaliyyət istiqamətləri
ilə bağlı insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsini təmin etmək, onların
pozulmasının qarşısını almaq;
3.1.10. Azərbaycan və dünya mədəniyyət
nümunələrindən və mədəni sərvətlərdən
insanların sərbəst bəhrələnməsi
üçün sosial əhəmiyyətli tədbirlər təşkil
etmək;
3.1.11. müvafiq sahədə təhlil
və tədqiqat işlərinin aparılmasını təmin
etmək, müsbət nəticələri təcrübədə
tətbiq etmək;
3.1.12. qabaqcıl beynəlxalq təcrübə
nəzərə alınmaqla, müvafiq sahədə
elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.13. müvafiq sahəyə
ayrılan büdcə vəsaitindən, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.14. aidiyyəti dövlət
qurumları ilə birlikdə, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəniyyət
sənayesinin inkişafına yönəldilmiş investisiya
layihələri həyata keçirmək və ya investisiya
mühitinin yaxşılaşdırılması məqsədilə
investisiya qoyuluşu üçün əlverişli mühit
yaratmaq;
3.1.15. dövlət sirrinin və məxfilik
rejiminin qorunması üçün zəruri tədbirlər,
habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik
tədbirləri görmək;
3.1.16. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.17. Azərbaycan mədəni irsinin bərpasına,
qorunmasına, inkişafına və təşviqinə
yönəldilmiş tədbirlər görmək;
3.1.18. müvafiq sahədə kadr
hazırlığını təmin etmək, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə
təhsili üçün tədbirlər görmək;
3.1.19. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər görmək;
3.1.20. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan
müraciətlərə baxmaq və tədbirlər görmək;
3.1.21. yüksək bədii dəyərli
əsərlər yaradılması üçün dövlət
sifarişlərini həyata keçirmək;
3.1.22. istedadlı şəxslərin
peşəkar inkişafını dəstəkləmək;
3.1.23. mədəniyyət fəaliyyətində
beynəlxalq təşkilatların, bələdiyyələrin,
fiziki və hüquqi şəxslərin, o cümlədən
qeyri-kommersiya qurumlarının iştirakını dəstəkləmək;
3.1.24. Azərbaycan Respublikasının muzey fonduna daxil
edilmiş muzey əşyalarının və
kolleksiyalarının uçotu və saxlanması
qaydasını müəyyən etmək;
3.1.25. dövlət mülkiyyətində
olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının
və sərgi salonlarının fondlarını zənginləşdirmək
və komplektləşdirmək məqsədilə maddi mədəniyyət
və nəşr nümunələrini satın almaq,
onların qorunmasını, uçotunu, mühafizəsini, təbliğini
və nümayişini təmin etmək;
3.1.26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada mədəni sərvətləri
(daşınmaz mədəni sərvətlər istisna olmaqla)
Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısına və mədəni sərvətlərin
mühafizə siyahısına daxil etmək;
3.1.27. xüsusi əhəmiyyətli
mədəniyyət obyektlərinin (daşınmaz mədəni
sərvətlər istisna olmaqla) milli mədəni irs obyektlərinə
aid edilməsini həyata keçirmək;
3.1.28. mühafizə olunan mədəni
sərvətlərin (daşınmaz mədəni sərvətlər
istisna olmaqla) siyahısını aparmaq;
3.1.29. “Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən müvafiq sahədə
elektron məlumat sistemi yaratmaq;
3.1.30. mədəniyyət nümunələrini
ekspertiza yolu ilə Azərbaycan Respublikasında milli mədəni
sərvətlərə aid etmək;
3.1.31. qeyri-maddi mədəni irs
nümunələrinin dövlət reyestrini aparmaq;
3.1.32. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin
sistemləşdirilməsini, qorunmasını, təbliğini
və onların milli mədəni irsə aid edilməsini həyata
keçirmək;
3.1.33. mühafizə olunan mədəni
sərvətlərin siyahısını öz rəsmi
internet saytında yerləşdirərək, onun mütəmadi
yenilənməsini və rəsmi nəşrlərdə dərc
olunmasını təmin etmək;
3.1.34. mədəni sərvətlərin
ixracının mümkünlüyünü mədəni sərvətin
mühafizə şəhadətnaməsi ilə müəyyən
etmək;
3.1.35. Azərbaycan xalqının mənəvi dəyərlərinə,
mədəniyyətinə və incəsənətinə ləkə
gətirən, onları alçaldan və böhtan xarakterli
materialların nəşrinin (yayımının)
qarşısının alınması üçün zəruri
tədbirlər görmək;
3.1.36. kino və videofilmlərin qanunsuz nümayişinin,
pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin
qarşısının alınması ilə bağlı tədbirlər
görmək, tamaşaçı auditoriyasının yaş
kateqoriyalarını müəyyənləşdirmək məqsədilə
Azərbaycan Respublikasının ərazisində kütləvi
nümayiş (kinozal, videozal, videoyayım məntəqələri,
efir və kabel televiziyası) üçün nəzərdə
tutulmuş bütün filmləri qeydə almaq və
onları filmlərin dövlət reyestrinə daxil etmək;
3.1.37. mədəniyyətin
inkişafında xidmətləri olan mədəniyyət
işçilərinin, yaradıcı şəxslərin və
kollektivlərin bioqrafiyası, peşə və
yaradıcılıq fəaliyyəti barədə məlumat
bazası yaratmaq;
3.1.38. milli filmlərin və
kinoxronikanın ilkin materiallarının və daşınar
maddi mədəniyyət nümunələrinin saxlanması
qaydasını və rejimini müəyyən etmək;
3.1.39. turizm baxış obyektləri
olan mədəni, təbii və tarixi irsdən, digər aidiyyəti
qurumların rəylərini nəzərə alaraq, səmərəli
istifadə etmək;
3.1.40. mədəni dəyərlərin
təşviqini və təbliğini təmin etmək;
3.1.41. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə
inteqrasiyasını, mədəniyyətlərarası dialoqun
inkişafını və vahid mədəniyyət məkanının
qurulmasını təmin etmək məqsədilə
müvafiq sahədə layihələr həyata keçirmək;
3.1.42. “Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan
xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri
ilə bağlı xüsusi işarələrdən istifadəyə
icazə vermək;
3.1.43. mədəniyyət müəssisələrindən
və mədəniyyət məkanlarından əhalinin istifadə
imkanlarının sadələşdirilməsinə yönəldilmiş
layihələr həyata keçirmək;
3.1.44. mühafizə olunan mədəni
sərvətlərin siyahısına daxil edilən hər bir
mədəni sərvətə mühafizə şəhadətnaməsi
vermək;
3.1.45. Nazirlik sisteminə daxil olan ali və orta ixtisas təhsili
müəssisələrinin, uşaq musiqi, incəsənət,
rəssamlıq və muğam məktəblərinin fəaliyyətinə
nəzarəti həyata keçirmək, Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi Nizamnaməsinə
uyğun qaydada, təsdiqi təhsil müəssisəsi rəhbərinin
səlahiyyətində olan tədris planları istisna olmaqla,
digər tədris plan və proqramlarını təsdiq etmək,
təhsil müəssisələri şəbəkəsinin
inkişafı və maddi-texniki bazasının gücləndirilməsi
üçün tədbirlər görmək;
3.1.46. tabeliyindəki dövlət təhsil
müəssisələrinin maliyyələşdirilməsini
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirmək;
3.1.47. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilə birlikdə müvafiq sahədə ümumi estetik tərbiyənin,
təhsilin, o cümlədən əlavə təhsilin
gücləndirilməsi məqsədilə, həmçinin
iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnoloji və digər
tədbirlər vasitəsilə uşaq və gənclərin
mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən
bəhrələnməsini stimullaşdıran layihələr
həyata keçirmək;
3.1.48. “Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla,
milli mədəni irsə aid, o cümlədən muzey,
arxeologiya, etnoqrafiya, kitabxana və kino fondlarına, yaxud arxivlərinə
məxsus mədəni sərvətlərdən hüquqi və
fiziki şəxslərin kommersiya və qeyri-kommersiya məqsədləri
üçün istifadə etməsinə razılıq vermək;
3.1.49. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ilə birlikdə Azərbaycan mədəniyyətinin
beynəlxalq tədbirlərdə təqdimatını və təşviqini
təmin edən tədbirlər görmək;
3.1.50. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ilə birlikdə xarici dövlətlərin mədəniyyət
tədbirlərinin keçirilməsinə dəstəyi,
xarici dövlətlərdə Azərbaycan mədəniyyəti
tədbirlərinin keçirilməsini təmin etmək;
3.1.51. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ilə birlikdə xarici dövlətlərdə Azərbaycan
mədəniyyət mərkəzlərinin
inkişafını təmin etmək və fəaliyyətini əlaqələndirmək;
3.1.52. Azərbaycan Respublikası Prezidentinin
aktları ilə müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
3.2. Nazirlik strukturuna daxil olan Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti vasitəsilə, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla:
3.2.1. dövlət mühafizəsində
olan daşınmaz tarix və mədəniyyət abidələrinin
qorunması işini təşkil edir;
3.2.2. hər hansı texniki
avadanlıq və cihaz tarix və mədəniyyət abidələrinin
təhlükəsiz istismarına mane olduqda, təhlükəsiz
istismara mane olan halların dərhal aradan
qaldırılmasını avadanlıq və qurğu sahibindən
aidiyyəti orqanların tələb etmələrinə
razılıq verir;
3.2.3. təhlükə potensiallı
təbiət və texnogen xarakterli hadisələrin başvermə
ehtimalının yüksək olduğu dövlət
mühafizəsində olan daşınmaz tarix və mədəniyyət
abidələrinin mühafizə zonalarına münasibətdə
mühafizə tədbirlərinə razılıq verir;
3.2.4. dövlət mühafizəsində
olan daşınmaz tarix və mədəniyyət obyektlərinin
(abidələrinin) bərpası, rekonstruksiyası, konservasiyası
və yenidən qurulması zamanı tikiləcək və təmir
ediləcək obyektlərin ehtimal olunan qiymətlərinin
müəyyən edilməsini həyata keçirir;
3.2.5. təbii və texnogen qəzalar
nəticəsində zərər çəkmiş ərazilərdə
dövlət mühafizəsində olan daşınmaz tarix və
mədəniyyət abidələrində (bina və
qurğularda) bərpa və yenidənqurma işlərini təşkil
etməklə bağlı sifarişçi
funksiyalarını yerinə yetirir;
3.2.6. dövlət mühafizəsində
olan daşınmaz tarix və mədəniyyət abidələrinə
aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə
və ya qeyri-yaşayış sahəsinin yaşayış
sahəsinə keçirilməsinə razılıq verir;
3.2.7. konservasiya mühafizə dərəcəsi
olan daşınmaz mədəni sərvətlərdən məhdud
dairədə istifadəyə nəzarət edir;
3.2.8. mühafizə dərəcəsi
olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisi
və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin
qorunmasına dair mühafizə müqavilələri
bağlayır;
3.2.9. Azərbaycan Respublikasının ərazisində
arxeoloji qazıntılar aparılması və arxeoloji mədəni
sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda
elmi tədqiqat işlərini yerinə yetirən şəxslərdən
görülmüş tədqiqat işləri barədə
hesabat qəbul edir;
3.2.10. dövlət mühafizəsində
olan daşınmaz tarix və mədəniyyət abidələrinin
dövlət uçotunu aparır, bu əmlak barədə
texniki məlumatları dəqiqləşdirir;
3.2.11. qəza vəziyyətinə
düşmüş dövlət mühafizəsində olan
daşınmaz tarix və mədəniyyət abidələrinə
aid mənzilin (yaşayış binasının) mülkiyyətçisi
onu mümkün olan ən qısa müddətdə təmir
və ya bərpa etmək vəzifəsini yerinə yetirmədikdə,
mənzilin (yaşayış binasının) qəza vəziyyətində
olması barədə məhkəmədə iddia
qaldırılmasına razılıq verir;
3.2.12. qabaqlayıcı mühafizə
dərəcəsi tətbiq edilmiş dövlət mühafizəsində
olan daşınmaz tarix və mədəniyyət abidələrinin
sökülməsinə, məhv edilməsinə,
parçalanmasına, yeni quruluşa salınmasına,
başqa yerə köçürülməsinə və
zahiri görkəminin dəyişdirilməsinə
razılıq verir;
3.2.13. dövlət mühafizəsində
olan daşınmaz tarix və mədəniyyət abidələrinin
mühafizə zonalarında tikinti zamanı mədəni irs
obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti
işlərinin dərhal dayandırılması barədə
məlumatları toplayır, dərhal dayandırılan tikinti
işlərinin davam etdirilməsinə və zəruri tədbirlər
görülməsinə razılıq verir;
3.2.14.“Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət
abidələrindən elmi, mədəni, dini, xidməti və
turizm məqsədləri üçün istifadəyə, o
cümlədən onların icarəyə verilməsinə və
yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsinə
razılıq verir;
3.2.15. mədəni irs abidələrinin
mühafizə zonalarını müəyyən edir;
3.2.16. “Reklam haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin
ərazilərində və onların mühafizə
zonalarında, memarlıq abidələrinin (binalarının)
dam hissəsində reklam daşıyıcılarının
yerləşdirilməsinə razılıq verir;
3.2.17. tarix və mədəniyyət
abidələrinin mühafizəsini təmin edir, yeni aşkar
olunmuş abidələrin dövlət mühafizəsinə
götürülməsi və onların əhəmiyyət dərəcələrinə
görə bölgüsü barədə təkliflər verir;
3.2.18. “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, magistral mühəndis
kommunikasiyalarının (neft, qaz kəmərlərinin və
s.) çəkilişi və digər inşaat işləri
zamanı bir hektardan çox ərazini əhatə edən sahələrdə
arxeoloji abidə aşkar olunarsa, həmin zonada inşaat və
təsərrüfat işlərinin aparılmasına icazə
verir;
3.2.19. “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, inşaat və digər təsərrüfat
işləri görülərkən daşınmaz tarix və
mədəniyyət abidələri aşkar edildiyi halda,
onların yerləşdiyi ərazidə inşaat və digər
təsərrüfat işlərinin aparılmasına icazə
verir;
3.2.20. Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət
mühafizəsində olan daşınmaz tarix və mədəniyyət
abidələrinə, onların ərazilərinə və
mühafizə zonalarına münasibətdə
abadlaşdırma barədə qərarın təsdiq edilməsinə
razılıq verir;
3.2.21. Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət
mühafizəsində olan daşınmaz tarix və mədəniyyət
abidələrinin mühafizə zonalarına münasibətdə
tikintiyə icazə verilməsinə razılıq verir;
3.2.22. “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin
köçürülməsinə icazə verir;
3.2.23. tarix və mədəniyyət
abidələrinin mühafizəsi qaydalarını
pozduqlarına görə hüquqi və fiziki şəxslərin
məsuliyyətə cəlb edilməsi üçün tədbirlər
görür.
4. Nazirliyin hüquqları
4.1. Öz vəzifələrini
yerinə yetirmək üçün Nazirliyin
aşağıdakı hüquqları vardır:
4.1.1. müvafiq sahədə
normayaratma fəaliyyətindən irəli gələn
hüquqları həyata keçirmək;
4.1.2. Azərbaycan Respublikasının müvafiq sahə
üzrə beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış etmək;
4.1.3. dövlət və yerli
özünüidarəetmə orqanlarına, fiziki və
hüquqi şəxslərə müvafiq sahə üzrə
zəruri məlumatlar (sənədlər) barədə
sorğu vermək və onlardan belə məlumatları (sənədləri)
almaq;
4.1.4. beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək,
xarici dövlətlərin müvafiq sahə ilə
bağlı təcrübəsini öyrənmək;
4.1.5. fəaliyyət istiqamətlərinə
uyğun olaraq, rəy və təkliflər vermək, təhlillər,
ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik
materiallar hazırlamaq;
4.1.6. bu məqsəd
üçün nəzərdə tutulmuş vəsait dairəsində
ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə
cəlb etmək;
4.1.7. xüsusi bülletenlər və
digər nəşrlər buraxmaq;
4.1.8. istifadəsində olan dövlət
əmlakına dair hüquqları həyata keçirmək;
4.1.9. aidiyyəti dövlət
qurumlarının və təşkilatların mütəxəssislərini
cəlb etməklə, fəaliyyət istiqamətlərinə
uyğun idarələrarası komissiyalar, koordinasiya və
ekspert şuraları, komissiyalar və işçi qruplar
yaratmaq, müvafiq sahəyə dair metodik materiallar və
tövsiyələr hazırlamaq;
4.1.10. müvafiq sahənin əsas
istiqamətlərinin kompleks təhlilini və
proqnozlaşdırılmasını həyata keçirmək,
aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə bu
sahəyə investisiya qoyuluşu üzrə təkliflər
hazırlamaq;
4.1.11. Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
4.2. Nazirlik, strukturuna daxil olan Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti vasitəsilə, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla:
4.2.1. tarix və mədəniyyət
abidələrinin təhlükəsizliyini təmin etmək
üçün onların mühafizə zonasında
qabaqlayıcı tədbirlər görülməsi barədə
qərar qəbul edir;
4.2.2. təsadüfən aşkar
edilmiş abidələrin mülkiyyətçisindən və
ya istifadəçisindən abidə barədə məlumat
alır;
4.2.3. dövlət və bələdiyyə
mülkiyyətində olan abidələrin konservasiyası, təmiri,
bərpası, rekonstruksiyası və regenerasiyası
haqqında qərar qəbul edir.
5. Nazirliyin fəaliyyətinin təşkili
5.1. Nazirliyin Aparatı və onun strukturuna
daxil olan qurumlar və tabeliyindəki digər qurumlar (hüquqi
şəxslər, təşkilatlar və sair), habelə
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət
Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini
bilavasitə və həmin qurumlar vasitəsilə həyata
keçirir.
5.2. Nazirliyin strukturunu, Nazirliyin Aparatının və
strukturuna daxil olan qurumların işçilərinin ümumi
say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən
edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki
qurumların (hüquqi şəxslərin, təşkilatların
və sair) siyahısını Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən Azərbaycan
Respublikasının mədəniyyət naziri (bundan sonra –
nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsi və
hüquqların həyata keçirilməsi üçün
şəxsən məsuliyyət daşıyır.
5.4. Nazirin birinci müavini və iki müavini vardır. Nazir müavinlərini Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir.
5.5. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.6. Nazir:
5.6.1. Nazirliyin fəaliyyətini təşkil edir və
ona rəhbərlik edir;
5.6.2. müavinləri arasında vəzifə
bölgüsü aparır, onların, habelə nazirliyin digər
vəzifəli şəxslərinin və Nazirliyin strukturuna
daxil olan qurumların rəhbərlərinin kadr, maliyyə, təsərrüfat
və digər məsələlər üzrə səlahiyyətlərini
müəyyənləşdirir və qarşılıqlı
fəaliyyətini təmin edir;
5.6.3. Nazirliyin Aparatının struktur bölmələrinin,
strukturuna daxil olan qurumların (əsasnamələrini Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi qurumlar istisna olmaqla),
tabeliyində olan qurumların və Elmi-Texniki
Şurasının əsasnamələrinin təsdiqi barədə,
həmçinin bu Əsasnamənin 5.12-ci bəndində
Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid
edilməmiş məsələlər barədə qərar
formasında normativ hüquqi aktlar qəbul edir;
5.6.4. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki
qurumların (hüquqi şəxslərin, təşkilatların
və sair) nizamnamələrini təsdiq edilmək
üçün təqdim edir;
5.6.5. Nazirliyin Aparatının işçilərini, Azərbaycan
Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən
azad etdiyi hallar istisna olmaqla, Nazirliyin strukturuna daxil olan
qurumların rəhbərlərini və onların müavinlərini,
işçilərini, Nazirliyin nomenklaturuna daxil olan digər
işçiləri vəzifəyə təyin və vəzifədən
azad edir, onlar barəsində həvəsləndirmə və
intizam tənbehi tədbirləri görür, müvafiq sahədə
fərqlənən işçiləri Nazirliyin təsis etdiyi
döş nişanları və fəxri fərmanlarla təltif
edir;
5.6.6. əmr və sərəncam
formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və
onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi
aktların icrasını təşkil edir, yoxlayır və
buna nəzarəti həyata keçirir;
5.6.7. Nazirliyin vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.6.8. fəaliyyət istiqamətləri
üzrə dövlət sifarişinə dair sənədləri
təsdiq edir;
5.6.9. müəyyən edilmiş
struktur, əməkhaqqı fondu və işçilərin say
həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil
olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər
qurumların strukturunu, ştat cədvəlini və
ayrılmış büdcə təxsisatı daxilində xərclər
smetasını təsdiq edir;
5.6.10. Apellyasiya Şurasının sədrini, habelə
Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında
Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin
rəhbərini və tərkibini təsdiq edir;
5.6.11. Azərbaycan Respublikasının və xarici
ölkələrin dövlət orqanları, idarə, müəssisə
və təşkilatları, hüquqi və fiziki şəxsləri
ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə
Nazirliyi təmsil edir, danışıqlar aparır,
verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq
sənədləri imzalayır;
5.6.12. Nazirliyə həvalə edilmiş məsələlərlə
bağlı müvafiq il üçün
dövlət büdcəsinin və büdcədənkənar
vəsaitlərin formalaşdırılması ilə
bağlı təkliflər verir;
5.6.13. dövlət büdcəsindən
ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini
təmin edir.
5.7. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna
daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə
edilmiş vəzifələrin yerinə yetirilməsi və
funksiyaların həyata keçirilməsi üçün
birbaşa məsuliyyət daşıyırlar.
5.8. Nazir öz səlahiyyətlərinin bir hissəsinin
həyata keçirilməsini, yaxud vəzifələrinin
müvəqqəti icrasını birinci müavininə və
ya müavinlərindən birinə həvalə edə bilər.
5.9. Nazirlikdə nazirdən (Kollegiyanın sədri),
nazirin birinci müavinindən, nazir müavinlərindən,
Naxçıvan Muxtar Respublikasının mədəniyyət
nazirindən və Nazirliyin rəhbər işçilərindən
ibarət Kollegiya yaradılır. Nazirliyin
Kollegiyasının tərkibinə mütəxəssislər
və alimlər, yaradıcılıq ittifaqlarının rəhbərləri
də daxil edilə bilərlər.
5.10. Nazirliyin Kollegiyası üzvlərinin
sayını və Kollegiyanın tərkibini Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.11. Nazirliyin Kollegiyası öz
iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri
müzakirə edir və müvafiq qərarlar qəbul edir.
5.12. Nazirliyin Kollegiyası qərarlar formasında
aşağıdakı normativ hüquqi aktları qəbul
edir:
5.12.1. Nazirliklə digər şəxslər (qurumlar)
arasında münasibətləri tənzimləyən normativ
hüquqi aktlar;
5.12.2. qəbul edilməsi Azərbaycan
Respublikasının Prezidenti tərəfindən Nazirliyə
tapşırılmış konkret normativ hüquqi aktlar;
5.12.3. bir neçə dövlət
orqanının fəaliyyətini tənzimləyən vahid
(birgə) normativ hüquqi aktlar;
5.12.4. aidiyyəti dövlət orqanları
ilə razılaşdırılmalı olan normativ hüquqi
aktlar;
5.12.5. nazirin təşəbbüsü
ilə Nazirliyin Kollegiyasının müzakirəsinə
çıxarılan bu Əsasnamənin 5.6.3-cü yarımbəndində
nəzərdə tutulmuş normativ hüquqi aktlar;
5.12.6. bu Əsasnamənin
5.12.1–5.12.5-ci yarımbəndlərinə uyğun olaraq,
Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi
aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi
barədə normativ hüquqi aktlar.
5.13. Nazirliyin Kollegiyasının
iclasları kollegiya üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları
onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir. Kollegiyanın qərarı qəbul
edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin
səsi həlledici sayılır.
5.14. Nazirliyin Kollegiyasının üzvləri
arasında fikir ayrılığı yarandığı
hallarda nazir bu barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını
həyata keçirir. Nazirliyin Kollegiyasının üzvləri şəxsi
fikirlərini Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə çatdıra bilərlər.
5.15. Nazirliyin Kollegiyasının
iclaslarına digər icra hakimiyyəti orqanlarının və
təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının
nümayəndələri də dəvət edilə bilərlər.
5.16. Müvafiq sahədə elmi nailiyyətlərin və
qabaqcıl təcrübənin öyrənilməsi və həyata
keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla
fəaliyyət göstərən Elmi-Texniki Şura
yaradıla bilər.
5.17. Sahibkarlıq fəaliyyəti göstərən
fiziki və hüquqi şəxslərin özlərinin
sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və
onun qurumlarının qərarlarından, digər hərəkət
və ya hərəkətsizliyindən (Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra
hakimiyyəti orqanlarının Apellyasiya Şuraları
haqqında Nümunəvi Əsasnamə”də nəzərdə
tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə,
habelə dövlət qulluğuna qəbulla bağlı
keçirilən müsahibənin nəticələrindən
namizədlərin verdikləri şikayətlərə baxmaq
üçün Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla
fəaliyyət göstərən və kollegial orqan olan
Apellyasiya Şurası yaradılır.
Mədəniyyət.-
2018.- 8 iyun.- S.10-11.