Özbək ədəbiyyatının
görkəmli nümayəndəsi
XX əsr özbək
ədəbiyyatının inkişafında xidmətləri
olan müəlliflər arasında tədqiqatçı,
pedaqoq, şair, nasir, tərcüməçi, Xalq
yazıçısı Aybəkin (Musa Daşməhəmmədov)
adı ehtiramla çəkilir.
Musa Daşməhəmmədov
10 yanvar 1905-ci ildə Daşkənd şəhərində
dünyaya göz açıb. İlk
təhsilini dini məktəbdə
alıb, yeni tipli məktəbdən
məzun olub. 1930-cu ildə Orta Asiya Dövlət Darülfünunun İctimai
fənlər fakültəsinə qəbul edilir.
1935-ci
ildə ali təhsilini başa
vurur və bu təhsil
ocağında pedaqoji fəaliyyətə
başlayır. 1937-ci ildə Özbəkistan Dil
və Ədəbiyyat Elmi Tədqiqat İnstitutuna elmi işçi vəzifəsinə qəbul olunur.
Aybək
1938-1941-ci illərdə Özbəkistanın Elmi-pedaqoji
nəşriyyatında ədəbi tərcüməçi və
redaktor olur. O, daha sonra bir
neçə il Özbəkistan Elmlər
Akademiyasının İctimai elmlər
bölümünə və Yazıçılar Birliyinə
rəhbərlik edir. Uzun
müddət “Şərq ulduzu” və
“Özbək dili və ədəbiyyatı”
dərgilərinin baş redaktoru
işləyir.
Bədii
yaradıcılığa erkən çağlardan
başlayan Aybək ilk
şeirini 1920-ci ildə yazır və
“Ərməğan” jurnalında dərc etdirir.
Qısa vaxt ərzində “Duyğular”,
“Könül nəğmələri, “Məşəl”
və s. kitabları işıq üzü görür. Gənc
ədibin yaradıcılığı 20-ci illərin ən
çətin, qarmaqarışıq dövrlərinə təsadüf
edir. Bu dövrdə
yazdığı əsərlər ilə müəllif
zamanın ən mühüm hadisələrinə
şair münasibətini bildirib.
Araşdırmalarda
bildirilir ki, Aybəkin
30-cu illər yaradıcılığı mövzu
və ideya baxımından əvvəlki
onilliklə eyniyyət təşkil edir. Amma problemin ictimai-siyasi kəskinliklə qoyuluşu
bu dövr
yaradıcılığının əsas göstəricisinə
çevrilir. “Özbəkistan”,
“Qışlaq qızı - student” və s. şeirlərində dövrün
hiss və duyğuları, arzu
və istəkləri özünün poetik əksini tapır.
Böyük Vətən
müharibəsi (1941-45) də şairin
yaradıcılığında çox geniş və canlı
işıqlandırılıb. Ağır müharibə illərində
qələmini süngüyə çevirən şair xalqı alman
faşizminə qarşı amansız olmağa
səsləyən səfərbəredici şeirlər
yazır. Döyüşçüləri igidliyə, qəhrəmanlığa
səsləyir. O, 1942-ci ildə Özbəkistanın mədəniyyət
və incəsənət nümayəndələri ilə döyüş bölgələrinə gedir. Dörd ay cəbhədə olur.
“Günəş qaralmaz” romanı, “Alovlu illər” adlı şeirlər toplusu və “Cəbhə boyunca”
sənədli gündəliyi ön cəbhədəki
təəssüratlarını əks etdirir.
Müharibə dövründə yazdığı “Vətəni
sev”, “Günlər gələr ki...”, “Zəfər bizimdir”,
“İgidlərə”, “Vətən haqqında”, “Əlvida, əsgər”
və s. bədii nümunələrdə
əsgərlərin göstərdikləri qəhrəmanlıqlar
axıcı dillə ifadə olunur.
Ədibin
yaradıcılığında poemaları da
xüsusi yeri tutur. “Həmzə”, “Qızlar”, “Zəfər və
Zöhrə”, “Həqiqət söyləyənlər”, “Babam”, “Quli və Nəvai”,
“Babur” və s.
poemaları özbək epik
janrının inkişafına dəyərli töhfələrdir.
M.Aybək tərcüməçilik
sahəsində də özünü
sınayır. A.Puşkinin “Yevgeni Onegin”, M.Lermontovun “Maskarad”, “Demon”, H.Heynenin “Lirik şeirlər”ini və s.
özbək dilinə tərcümə edir.
Eyni zamanda 1959-cu ildə
yazıçının “Müqəddəs qan”
romanı Azərbaycan dilinə tərcümə olunur. Onun bir
çox şeir və
poemaları da müxtəlif dövrlərdə
dilimizə tərcümə edilib, oxucular tərəfindən rəğbətlə
qarşılanıb.
O, bir ədəbiyyatşünas alim
kimi də tanınıb. Ayrı-ayrı vaxtlarda yazdığı “Lirika
haqqında”, “Abdulla Qədirinin
yaradıcılıq yolu”, “Özbək
klassikləri” və digər elmi məqalələri
elmi-ədəbi mühitdə maraq doğurub.
1943-cü ildə
Özbəkistan Elmlər Akademiyasına həqiqi üzv seçilən ədib üç
dəfə “Lenin” ordeni,
iki dəfə “Qırmızı Əmək
Bayrağı” ordeni ilə təltif edilib. “Nəvai” romanı 1946-cı ildə
Dövlət mükafatına layiq görülüb. 1965-ci ildə isə ona Özbəkistanın Xalq
yazıçısı fəxri adı verilib.
Musa Aybək 1968-ci
ildə Daşkənddə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2018.- 8 iyun.- S.15.