Şəhid
qəhrəmanın xatirəsi yad edilib
İyunun 5-də Azərbaycan
Hərb Tarixi Muzeyində “Azərbaycan
bayrağı” ordenli kəşfiyyatçı
Ülfət Kərimovun anım gününə həsr olunan “El qəhrəmanları”
adlı tədbir keçirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə şəhid
Ülfət Kərimovun keçdiyi döyüş yolundan
danışıb. Bildirib ki,
Kəlbəcərdə doğulub boya-başa çatan
Ülfət Kərimov erməni qəsbkarlarına
qarşı döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini, hərbi
texnikasını məhv edib. Kəşfiyyatçı kimi
xidmət edən Ülfət Kərimov 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi
istiqamətində əhalinin kəndi tərk edə bilməsi
üçün ermənilərlə
qeyri-bərabər döyüşə girib.
Əhalinin kəndi sağ-salamat tərk
etməsinə nail olsa
da, özü
Aşıq Şəmşirin məzarı
yaxınlığında düşmən tankını məhv
edərkən şəhid olub. Ü.Kərimov
1993-cü il sentyabrın 13-də
ölümündən sonra “Azərbaycan
Bayrağı” ordeni ilə təltif edilib.
Anım mərasimində
çıxış edənlər qəhrəmanın döyüş yolundan, Vətən
uğrunda fədakarlığından
söhbət açıblar. Qeyd edilib ki, Ülfət Kərimov
kimi qəhrəmanlarımızın həyat
yolu gənclərimiz üçün
örnəkdir. Çünki onlar xalqımızın azadlığı,
müstəqilliyi, torpaqlarımızın müdafiəsi üçün canlarını fəda ediblər.
Tədbirdə
qəhrəman şəhidə həsr olunmuş
film nümayiş olunub, sərgi təşkil edilib.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.
Qəhrəmanın ailə
üzvləri adından qardaşı Zöhrab
Kərimov çıxış edərək, tədbirin təşkilatçılarına
və iştirakçılarına təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.7.