Parisdə
“Bakı Prosesi”nin 10 illiyinə həsr olunmuş mərasim
keçirilib
“Mədəniyyətlərarası
dialoqun inkişafı sahəsində həyata keçirdiyi
konkret layihələr Azərbaycanın avanqard qabiliyyətini əks
etdirir”
Parisdə Heydər
Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin
təşkilatçılığı ilə mədəniyyətlərarası
dialoqa dair “Bakı Prosesi”nin 10
illik yubileyi qeyd edilib.
Tədbiri açan
vəkil Alen Tremolyer diqqətə çatdırıb ki,
2008-ci ildə mədəniyyətlər və dinlər arasında
dialoq sahəsində daha konkret fəaliyyətlərə
başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən “Bakı Prosesi” təşəbbüsü
irəli sürülüb.
Alen Tremolyer “Bakı
Prosesi” haqqında daha ətraflı danışmaq
üçün sözü Azərbaycan Respublikasının
mədəniyyət naziri Əbülfəs Qarayevə verib.
* * *
Əbülfəs
Qarayev belə mühüm tədbirin təşkilinə
görə Heydər Əliyev Fonduna, ölkəmizin
Fransadakı səfirliyinə və UNESCO yanında daimi nümayəndəliyinə
təşəkkür edib. Bildirib ki, bu il
təkcə “Bakı Prosesi”nin 10 illiyi deyil, eyni zamanda, Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Nazir ölkəmizdə müxtəlif dinlərin
nümayəndələrinin ta qədimdən sülh şəraitində
birgə yaşadıqlarını diqqətə
çatdırıb. O, Azərbaycanın son on il ərzində müntəzəm olaraq
dünya ölkələrinin siyasi, mədəniyyət və
dini liderlərini bir araya gətirdiyini vurğulayıb.
Qeyd
olunub ki, 2008-ci ildə Bakıda Avropa, eləcə də bir
sıra İslam ölkələri mədəniyyət nazirlərinin
konfransında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mədəniyyətlərarası dialoqun təşviqi
məqsədilə “Bakı Prosesi” təşəbbüsünü
irəli sürüb. 2010-cu ildə BMT-nin 65-ci
sessiyasında Azərbaycan Prezidentinin Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi
çağırışı “Bakı Prosesi”ni
regional təşəbbüsdən qlobal təşəbbüsə
çevirdi. Dünya Mədəniyyətlərarası Dialoq
Forumu ideyası UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya
Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi
və 2011-ci ilin aprel ayında Bakıda ilk Forum keçirildi.
Həmin ildən etibarən hər iki ildən bir keçirilən
Forumda ümumilikdə 160 ölkədən 6 min dövlət
və hökumət rəsmisi, beynəlxalq təşkilatların
rəhbərləri, mədəniyyət nazirləri və səfirlər,
parlamentlərin üzvləri, diplomatlar, QHT və media
nümayəndələri, jurnalistlər, ekspertlər
iştirak ediblər.
Mədəniyyət
naziri ölkəmizin ev sahibliyi etdiyi digər
beynəlxalq tədbirlərdən də söz açıb.
O, 2016-cı ildə Bakıda keçirilən BMT-nin
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda 147 ölkədən 3 min
nümayəndənin iştirak etdiyini diqqətə
çatdırıb. Qeyd olunub ki, BMT-nin Baş Məclisi “Dinlərarası
və mədəniyyətlərarası dialoqun,
qarşılıqlı anlaşmanın və sülh naminə
əməkdaşlığın təşviqi” adlı qətnaməsi
ilə “Bakı Prosesi”ni yüksək qiymətləndirib
və onu mədəniyyətlərarası dialoqun dəstəklənməsi
üçün mühüm qlobal platforma adlandırıb.
Nazir bu il
Azərbaycan hökumətinin digər mühüm beynəlxalq
tədbiri – Bakı Beynəlxalq Humanitar Forumunu “Bakı Prosesi”
ilə birləşdirmək qərarına gəldiyini bildirib.
Nazir Bakı şəhərinin
2025-ci ildə “Ekspo” Dünya Sərgisinə ev
sahibliyi etmək üçün namizədliyinin irəli
sürüldüyünü də diqqətə
çatdırıb. Qeyd edib ki, universal sərgi dialoq,
qarşılıqlı fəaliyyət üçün yeni
bir güclü platforma ola bilər. “Əgər
bizə 2025-ci il Dünya Sərgisinə ev
sahibliyi etmək imkanı verilərsə, biz ondan bütün
xalqlara eyni imkanlar yaradan əsl universal tədbir olması və
hər kəsin bəhrələnməsinə, mədəniyyətlər
və sivilizasiyalar arasında dialoqa töhfə verməsinə
çalışacağıq”, - deyə Əbülfəs
Qarayev vurğulayıb.
* * *
Sonra BMT-nin
Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global
Compass”ın təsisçisi və “Bakı Prosesi”nin
işçi qrupunun üzvü Jan-Kristof Bas
çıxış edərək bu prosesə ilk gündən
qoşulduğunu bildirib. O, “Bakı Prosesi”nin
əhəmiyyətindən danışıb, bu platformanın
mədəniyyətlərarası dialoq haqqında
düşünən dünyanın bütün ölkələrindən
olan böyük şəxsiyyətləri birləşdirdiyini
deyib: “Azərbaycan 10 ildir ki, dünyanın müxtəlif
ölkələrindən rəsmi şəxsləri, elm xadimlərini,
iş adamlarını təcrübələrini
bölüşmək, əməkdaşlığı
inkişaf etdirmək və mədəniyyətlərarası
dialoqu – xalqlar və mədəniyyətlər arasında
sülhü təşviq etmək üçün bir araya gətirir”.
Jan-Kristof
Bas Azərbaycanın ənənələr, eləcə də
müasirlik məkanı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan ideyalar məkanıdır.
Mədəniyyətlərarası dialoqun
inkişafı sahəsində həyata keçirdiyi konkret
layihələr bu ölkənin avanqard qabiliyyətini əks
etdirir. Azərbaycan 100 il əvvəl
müsəlman Şərqində qadınlara səsvermə
hüququ verən ilk ölkədir.
* * *
“Bakı Prosesi”nin 10 illik yubiley tədbiri konsert proqramı ilə
davam edib. Konsertdə azərbaycanlı gənc
pianoçu Elçin Şirinovu Andrea Di Biase (bass) və Deyv
Hamblet (zərb) müşayiət ediblər. Proqramda milli və xarici musiqilər səsləndirilib.
Heydər
Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı,
mətbəxinə dair fransız dilində nəşrləri,
eləcə də milli və klassik musiqimizdən ibarət
hazırladığı disklər tədbir
iştirakçılarına hədiyyə edilib.
Mədəniyyət.- 2018.- 13 iyun.- S3.