Ordum varsa, yurdum var...

 

    Saz-söz ustalarının Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə sənət töhfəsi

 

    İyunun 11-də Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olundu. Konsert Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə keçirildi.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Konsertdən öncə professor Məhərrəm Qasımlı çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışdı. Qeyd etdi ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Nizami ordunun yaradılması milli dövlət quruculuğunun ən vacib şərtlərindən biridir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanına əsasən, 26 iyun tarixinin Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunduğunu qeyd edən M.Qasımlı hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından silahlı qüvvələrimizin Cənubi Qafqazda ən güclü ordu olduğunu vurğuladı: “Ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində silahlı qüvvələrimiz son illər qüdrətini daha da artırıb. Bu gün ordumuzun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

M.Qasımlı əlavə etdi ki, 2016-cı ilin Aprel döyüşləri dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə silahlı qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində strateji yüksəkliklər işğaldan azad edilib. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşına həkk olunub.

Daha sonra konsert proqramı təqdim olundu. Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyiÇeşməfolklor qrupunun, aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad İsrafilov, Cahangir Quliyev, Tərmeyxan Qurbanov, Altay Məmmədli, Nəbi Nağıyev, Şöhrət Kərimov, Gözəl Kəlbəcərli, Şaiq İncəli, Avdı Musayev, Qələndər Zeynalov, Bəhmən Göyçəli, Roman Azaflı, Səyyad Aydınoğlu digərlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

ProqramdaQəhrəmanı”, “Cəngi Koroğlu”, “Şahsevəni”, “Cəlili”, “Ovşarı”, “Kamandar divanisi”, “Koroğlu dübeyti”, “Göyçə gözəlləməsi”, “Ağır Şərili”, “İrəli, əsgər qardaşım”, “Göyçə gülü “Ana yurdumsaz havaları səsləndirildi.

 

 

  Fariz HÜSEYNOV

 

  Mədəniyyət.- 2018.- 13 iyun.- S.4.