Sənət və ailə sevgisini eyni paylaşan aktrisa
Xalq artisti Sofiya
Bəsirzadənin 100 illiyi
qeyd olundu
Sofiya Bəsirzadə
bütün yaradıcılığı
boyu səhnədə
və kinoda əsasən ikinci planda görünsə də, xarakterik obrazlar yaradıb. Onun səhnə görkəminin
təravəti həmişə
göz oxşayıb.
Bu fikirlər iyunun 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli
teatr və kino aktrisası, Xalq artisti Sofiya
Bəsirzadənin 100 illiyinə
həsr edilmiş tədbirdə səsləndi.
Mədəniyyət
Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı
ilə birgə təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Dövlət
Teatr Muzeyi tərəfindən hazırlanan,
aktrisanın həyat və yaradıcılığının
əks olunduğu fotosərgi ilə tanış oldular.
Sənətkarın
yaradıcılıq yolundan
bəhs edən videoçarxın nümayişindən
sonra çıxış
edən Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətov bildirdi ki, hamımızın
“Sofa xanım” deyə
müraciət etdiyimiz
gözəl bir xanımın, görkəmli
aktrisamızın 100 illik
yubileyini qeyd edirik.
Qeyd
olundu ki, Sofiya Bəşir qızı Bəsirzadə
(Vəzirova) 1918-ci il fevralın 28-də
Kazan quberniyasının köhnə
Çukan kəndində
doğulub. İki yaşı olanda
ailəsi Bakıya köçüb. 134 saylı məktəbin yuxarı siniflərində
oxuyanda dram dərnəyinə
üzv yazılır.
1936-cı ildə Bakı Teatr Məktəbinə daxil olan Sofiya xanım
həmin ilin noyabrından Akademik Dram Teatrının tamaşalarında
kütləvi səhnələrdə,
epizodik rollarda səhnəyə çıxır.
Ümumiyyətlə, səhnədə 100-dən çox obraz yaradan aktrisanın oyunu hər zaman tamaşaçıların
alqışı ilə
qarşılanıb.
Aktrisanın
Nisə xanım (“Lənkəran xanının
vəziri” - M.F.Axundzadə),
Sevər, Gülgün,
Tanya, Gülsabah, Gülnisə
(“Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “Dönüş”
və “Solğun çiçəklər” - C.Cabbarlı),
Nina, Rübabə (“Şeyx
Sənan”, “Səyavuş”
- H.Cavid), Məryəm,
Tamara, Tatyana (“Fərhad və
Şirin”, “Vaqif”, “İnsan” - S.Vurğun), Səadət (“Müsibəti-Fəxrəddin”
- N.Vəzirov), Anna Dmitriyevna
(“Canlı meyit” - L.Tolstoy) və s. rolları ifadə vasitələrinin zənginliyi
baxımından hər
zaman seçilib.
Onun kino
tariximizdə yaratdığı
rollar da yaddaqalan və seviləndir. “Yol əhvalatı”, “Bəxtiyar”,
“Bizim Cəbiş müəllim”, “Romeo mənim
qonşumdur”, “Şərikli
çörək” və
digər filmlərdə
yaratdığı rollar
bu gün də sevilərək xatırlanır. Uzun illər Milli
Dram Teatrının səhnəsində,
ömrünün son illərində
isə Bakı Bələdiyyə Teatrında
çalışan aktrisanın
yaradıcılığı yüksək qiymətləndirilib.
O, 1955-ci ildə Əməkdar
artist, 1974-cü ildə Xalq
artisti fəxri adlarına layiq görülüb. S.Bəsirzadə
2000-ci il yanvarın 4-də vəfat
edib.
Xalq artistləri
Hacı İsmayılov,
Səidə Quliyeva, İlham Namiq Kamal aktrisa ilə
bağlı xatirələrini
bölüşdülər. Bildirildi ki, sənət və ailə sevgisini eyni paylaşan aktrisa hər iki sahədə
özünü təsdiq
etməyi bacarıb.
Xoş xasiyyəti, sənətinə
sona qədər sevgisi, həmkarlarına ehtiramı ilə yaddaşlarda qalan sənətkar ruhən həmişə bizimlədir.
Çıxışlarda sənətkarın adının
fərqli ifadə olunmasına da aydınlıq gətirildi.
Bildirildi
ki, aktrisanı çox vaxt Sofa kimi təqdim etsələr də, özü adının tarixçəsini həmişə
böyük sevgi ilə xatırlayardı.
Deyərdi ki, əmisi o vaxt Türkiyəyə səyahət
etmiş və Ayasofya məbədini ziyarət etdikdən sonra dünyaya gələn qardaşı
qızına Sofiya adının verilməsini
arzulamışdı...
Vurğulandı ki, onun Azərbaycan
müəlliflərinin əsərləri
ilə yanaşı, Avropa və rus klassiklərinin tamaşalarında oynadığı
rollar da əvəzedilməzdir. Məhz bu
səbəbdən də
bu gün yubiley çərçivəsində
N.Qoqolun “Müfəttiş”
tamaşası nümayiş
olunacaq. Aktrisa vaxtilə
bu tamaşada ən gözəl rollardan birini - Mariya Antonovnanı ifa edib.
Tədbirdə
aktrisanın ailəsi
adından çıxış
edən oğlu Camal Vəzirov, gəlini İradə Vəzirova tədbirin təşkilatçılarına və
iştirakçılara təşəkkürlərini
bildirdilər. Qeyd olundu
ki, S.Bəsirzadə ömrünün
sonuna qədər tamaşalarda oynayıb.
Çəkildiyi filmlər bu
gün də maraqla qarşılanır.
Sonda tədbir
iştirakçıları teatrın səhnəsində
N.Qoqolun eyniadlı pyesi əsasında hazırlanan “Müfəttiş”
tamaşasını izlədilər.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.-
13 iyun.- S.7.