Xalq Cümhuriyyətinin 100 illiyi
şərəfinə
Bakıda ən böyük
“Libraff Park Akademiya” kitab
mağazasının açılışı və “TEAS Press” nəşrlərinin təqdimatı keçirilib
İyunun 8-də
Bakıda “Libraff Park Akademiya” kitab mağazasının
açılışı və Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə “TEAS Press” tərəfindən nəşr
edilmiş kitabların təqdimatına həsr olunmuş mərasim
keçirilib.
Tədbirdə
mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz
Abdullayev, millət vəkilləri və ədəbi
ictimaiyyətin nümayəndələri, elm,
mədəniyyət xadimləri iştirak
edib.
Tədbirdə
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS)
sədri Tale Heydərov
çıxış edərək bildirib
ki, açılışı keçirilən
bu mağaza
“Libraff”ın Azərbaycandakı ən böyük
kitab mağazasıdır: “Libraff” mağazaları Bakının müxtəlif
yerlərində, ticarət mərkəzlərində, hava limanında və Gəncədə
oxucuların ixtiyarına verilib”.
Vurğulandı
ki, “Libraff” təkcə
kitab mağazası deyil,
çoxfunksiyalı layihədir: “Kitab
satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın
və mütaliənin inkişaf etdirilməsi
layihənin əsas funksiyalarından biridir.
Burada oxucular yalnız
kitab almaq deyil, eyni zamanda
mütaliə etmək imkanı əldə edəcəklər.
Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki,
bura oxucuların sevimli
məkanlarından birinə çevriləcək”.
Bildirilib ki, “Libraff” kitab
mağazalarının təşkilində “TEAS Press”in
yaradılmasının böyük rolu olub. Nəşriyyat evinin kitabları, o
cümlədən “Üç alma” və “Yay” brendləri
oxucular arasında rəğbət
qazanıb.
Cümhuriyyətin
100 illiyi ilə əlaqədar nəşr
olunan kitablar barədə
məlumat verən TEAS sədri qeyd edib ki, bu
nəşrlər ölkə başçısı tərəfindən
elan edilən “Azərbaycan Xalq
Cümhuriyyəti
ili”nə töhfədir.
Mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev “Libraff” kitab
mağazasının açılışının Azərbaycan
ədəbiyyatı və oxucular üçün əlamətdar hadisə olduğunu deyib: “Belə
gözəl kitab mağazasını bizə
bəxş edən insanları və oxucuları təbrik edirəm.
Bu məkan çox
gözəl zamanda, Xalq
Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli
tədbirlər çərçivəsində fəaliyyətə
başlayır. Kitab cəmiyyətdə çox vacib rol oynayır. Kitab nəsildən-nəslə
vasitədir. İnanıram ki, burda təkcə kitab
satışı həyata keçirilməyəcək, eyni zamanda gözəl tədbirlər,
imza günləri təşkil olunacaq. Bunun üçün burda bütün imkanlar var. Müasir Azərbaycanın
inkişafında yüksək standartlara cavab verən belə bir kitab mağazasının açılması
həm də intellektual göstəricidir”.
Xalq
yazıçısı Çingiz Abdullayev də “Libraff” kitab mağazasının açılmasını
ədəbiyyat adamları, yazıçılar və oxucular üçün xoş bir hadisə kimi dəyərləndirib. Qeyd
edib ki, Azərbaycanın
inkişafı eyni zamanda
insanların mütaliə mədəniyyətinin yüksəldilməsindən,
kitab mağazalarının çox olmasından asılıdır:
“Uşaqlarımız kitab oxumasa,
gələcəyimiz olmayacaq. Mən hələ
neçə il əvvəl
inanırdım ki, gec-tez
Bakıda bu cür
gözəl kitab mağazaları
açılacaq”.
Daha sonra Xalq Cümhuriyyətinin
100 illiyinə həsr edilmiş
kitabların təqdimatı keçirilib.
“TEAS Press”in
bölmə rəhbəri, professor Kərim
Şükürov Xalq
Cümhuriyyəti ilə bağlı Türkiyə
arxivlərinin materialları və Osmanlı dövrü
mətbuatı əsasında hazırlanan dörd
toplu, eləcə də 1923-1927-ci illərdə
İstanbulda Məhəmməd Əmin Rəsulzadənin
rəhbərliyi ilə nəşr olunmuş “Yeni Kafkasya”
dərgisinin materiallarının yer
aldığı dördcildlik haqqında ətraflı
məlumat verib.
Mədəniyyət.- 2018.-
13 iyun.- S.8.