Ölkələrimizin strateji
tərəfdaşlığı bütün
sahələri əhatə edir
Mədəniyyət
naziri Qazaxıstan nümayəndə heyəti ilə
görüşüb
İyunun 14-də mədəniyyət
naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikası
Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri
Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşdü.
Mahmud Kasımbekov
ölkəmizə səfəri çərçivəsində
iyunun 13-də Heydər Əliyev Mərkəzində
Qazaxıstan Prezidentinin həyat və fəaliyyətindən
bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan
dilində nəşrinin təqdimat mərasimi ilə
bağlı təəssüratlarını
bölüşdü. Qeyd olundu ki, ölkələrimiz
arasında ənənəvi mehriban münasibətlər ulu
öndər Heydər
Əliyevlə Nursultan Nazarbayevin möhkəm dostluq telləri
üzərində daha da möhkəmlənib. İki ölkə
rəhbərinin bu münasibətlərin inkişafına
göstərdiyi səylər, tarixi səfərlər,
qarşılıqlı əlaqələr bu gün də
yüksələn xətt üzrə inkişaf edir.
Əbülfəs
Qarayev Azərbaycanla Qazaxıstan arasında mədəniyyət
sahəsində mövcud əlaqələrdən söz
açdı. Ölkələrimiz arasında dostluq münasibətlərinin
qədim tarixi köklərə malik olduğunu diqqətə
çatdıran nazir vurğuladı ki, bu tarixi
bağlılıq səbəbindən iki qardaş ölkə
bütün beynəlxalq tədbirlərdə birgə rəylə
çıxış edir. Azərbaycanın Qazaxıstanla hərtərəfli
əməkdaşlığı mövcuddur və bu əlaqələr
daha da genişlənir.
Nazir Azərbaycan-Qazaxıstan
əlaqələrinin yüksək səviyyədə
olmasının əsasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayevin
sıx dostluğunun dayandığını vurğuladı.
Diqqətə çatdırdı ki, iki ölkə arasındakı
bu dostluq Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji
tərəfdaş ölkələrdir. Bu,
xalqlarımızın ortaq mədəni irsinin, dəyərlərinin
təbliği və tanıdılmasında da özünü
göstərir. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin
Efiopiyada keçirilən 11-ci sessiyasında ölkəmizin təşəbbüsü
ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və
Qırğızıstan tərəfindən UNESCO-ya birgə
təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik
çörəyin hazırlanma və paylaşma mədəniyyəti”
təşkilatın Qeyri-maddi mədəni irs üzrə
reprezentativ siyahısına daxil edilib.
Əbülfəs
Qarayev həmçinin TÜRKSOY-un layihələrində
ölkələrimizin fəal iştirakını da yüksək
qiymətləndirdi. Qeyd etdi ki, “İstanbul - Avropa Mədəniyyətinin
Paytaxtı - 2010” mədəniyyət ili çərçivəsində
I Beynəlxalq İstanbul Opera Festivalında TÜRKSOY-un təşəbbüsü
ilə hazırlanmış “Koroğlu” operasının
nümayişində və ümumilikdə bu layihədə Azərbaycan və Qazaxıstan
yaxından iştirak edib. Bu tamaşa Bakı, Bişkek,
Almatı və Ankara şəhərlərində də
böyük uğurla nümayiş olunub. Nazir ölkələrimiz
arasında əlaqələrin bundan sonra da davamlı
inkişaf edəcəyinə əminliyini bildirdi.
Qonaq nümayəndə
heyətinin üzvlərindən Qazaxıstanın mədəniyyət
və idman naziri Arıstanbek Muxamediulı isə gələcəkdə
iki ölkə arasında müştərək mədəni
layihələrin həyata keçirilməsi istiqamətində
fikirlərini bölüşdü.
Görüşdə
Azərbaycanda və Qazaxıstanda qarşılıqlı mədəniyyət
günlərinin keçirilməsi, habelə kino və teatr
sahəsində əməkdaşlıqla bağlı bir
sıra məsələlər müzakirə edildi.
Lalə AZƏRİ
Mədəniyyət.-
2018.- 15 iyun.- S.3.