Milli İncəsənət Muzeyində Toğrul Nərimanbəyov yad
olundu
İyunun 14-də
Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət
Rəsm Qalereyasının təşkilatçılığı
ilə təsviri sənətimizin görkəmli nümayəndəsi,
SSRİ Xalq rəssamı, dövlət mükafatları
laureatı Toğrul Nərimanbəyovun (1930-2013) anım
günü keçirildi.
Tədbiri giriş
sözü ilə Azərbaycan Dövlət Rəsm
Qalereyasının direktoru Qalib Qasımov açaraq qeyd etdi
ki, sənət işığına
toplaşdığımız dünya şöhrətli rəssam
Toğrul Nərimanbəyov təsviri
sənətimizin inkişafı və dünyada
tanınmasında böyük xidmətlər göstərib. Görkəmli
sənətkar mahir boyakar,
monumentalçı və teatr rəssamı
kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin
inkişafına dəyərli töhfələr verib. Onun əsərləri
müxtəlif muzey və kolleksiyalarda
nümayiş etdirilərək gənc rəssamlar
nəslinin formalaşmasına müsbət təsir göstərməkdədir.
Rəssamlar
İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov
çıxış edərək Toğrul
Nərimanbəyovun əsərlərinin özünəməxsusluğundan
danışdı. Qeyd etdi
ki, görkəmli sənətkarın əsərlərində
millilik canlı və ruhludur.
Onun yaradıcılığında
milliliklə bəşəriliyin vəhdəti öz əksini tapıb. Bənzərsiz tablolarında gah
İçərişəhərin qədim, dar
və sirli küçələrini, gah Xəzərin
dalğalarını, gah da
Parisin, Lüksemburqun,
digər ölkə və şəhərlərin mənzərəsini
görürük. Buna
görə də rəssamın əsərləri bütün dünyanı gəzib-dolaşır.
Daha sonra Xalq rəssamı Arif Hüseynov, Əməkdar
incəsənət xadimi Ziyadxan
Əliyev və başqaları çıxış edərək sənətkarın
yaradıcılığından bəhs etdilər. Bildirdilər
ki, T.Nərmanbəyovun sənət
axtarışı formaları Azərbaycan və dünya rəssamlığının ən
yaxşı ənənələrinə söykənir. “Göyçay bağlarında”, “Bahar yarmarkası”, “Narlar və
armudlar”, “Çiçəklər”,
“Köhnə çinar”, “Qız
qalası” kimi heyranedici
natürmort və peyzajlarda
təbiət ətri duyulur. O həm də
bir çox teatr tamaşalarının səhnə tərtibatçısı
kimi tanınıb. Kuba,
Hindistan, Polşa, Çexiya, Slovakiya, Almaniya, Fransa, İtaliya, Moskva və ABŞ-da dəfələrlə fərdi sərgiləri
keçirilib.
Anım tədbirində
çıxışlardan sonra musiqi nömrələri təqdim edildi.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2018.- 15 iyun.-
S.3.