Musiqi təhsilində aparılan optimallaşdırma bəhrəsini verir

        

    Uşaq musiqi incəsənət məktəblərini yüksək nailiyyətlərlə bitirən məzunlara şəhadətnamələr təqdim olundu

    İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə L. M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbində 2017-2018-ci tədris ili üzrə uşaq musiqi incəsənət məktəblərini yüksək nailiyyətlərlə bitirən məzunlara şəhadətnamələrin təqdim olunması ilə bağlı mərasim keçirildi.

    Mərasimdən əvvəl Prezident təqaüdçüsü olan şagirdlərin ifalarında konsert təqdim edildi.

    Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev məzunları təbrik edərək onlara gələcək həyatlarında yeni uğurlar arzuladı. Bildirildi ki, Azərbaycanda ümumilikdə 212 musiqi incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 59 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 15 mindən çox müəllim məşğul olur: “Son dövrdə biz musiqi məktəblərində optimallaşma həyata keçirdik bunun nəticəsində təhsilin keyfiyyətinin artırılmasına nail olduq. Biz bu işi davam etdirəcəyik. Hiss edirik ki, müəllimlər öz işlərinə ciddi yanaşırlar. Şagirdlərin əldə etdikləri nailiyyətlər gələcəkdə onların təhsili üçün önəm daşıyır. Bu il musiqi məktəblərindən 2 minə yaxın şagird məzun olur. Bu məzunların sırasında 110-dan artıq Prezident təqaüdçüsü var. Onların 51-i Bakı şəhərində fəaliyyət göstərən məktəblərin payına düşür”.

    Nazir qeyd etdi ki, musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir. Çünki sabahın musiqiçiləri bu gün yetişməlidir musiqimizin gələcəyi onların təhsilindən asılıdır:     “Bu gün musiqi incəsənət məktəblərinin əksəriyyəti ölkə rəhbərliyinin göstərişi ilə təmir olunaraq yeni avadanlıqlarla təmin edilib. Bir neçə musiqi məktəbinin təmirdən sonra açılış mərasimində Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edib. Bu da təhsilin daha da inkişaf etməsinə töhfədir. Gənc istedadlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

    Qeyd olundu ki, musiqi incəsənət məktəblərini fərqlənmə ilə bitirən uşaqlar musiqi sahəsində təhsillərini davam etdirməlidir: “Təhsili fərqlənmə ilə bitirənlər üçün bu şəhadətnamələr müəyyən yollar açır, onların təhsilinə, eləcə beynəlxalq müsabiqələrdə iştirakına şərait yaradır. Bir neçə il əvvəl biz heç bu sahədə fərqlənmə şəhadətnamələri barədə düşünmürdük. Bunu tətbiq etməklə müsbət nəticələr əldə etdik. Çünki bu zaman şagirdlər öz qarşılarına müəyyən məqsəd qoyurlar. Sevindirici haldır ki, bu gün dünyada      Avstriyadan Çinə qədər bir çox ölkələrdə gənc istedadlarımız beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edir, uğur qazanırlar”.

    Əbülfəs Qarayev vurğuladı ki, musiqi təhsili sahəsində çalışan mütəxəssislər öz işlərini düzgün qurmalı, məktəblərdə yaradıcı mühit yaratmalı musiqi mədəniyyətimizin gələcəyi naminə bacarıqlarını əsirgəməməlidir: “Vaxtilə Azərbaycanın musiqi məktəblərində təhsil almış insanlar bu gün dünyanın mötəbər səhnələrində çıxış edirlər. Balet ustalarımız, vokal ifaçılarımız Rusiya, İtaliya, Fransa, ABŞ-da çıxış edərək ölkəmizin mədəniyyətini təmsil edirlər. Onların xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.     Bu yaxınlarda dövlət başçısının sərəncamı ilə xaricdə yaşayan incəsənət ustalarımıza fəxri adların verilməsi bu diqqətin təzahürüdür. Bu sənətkarların xaricdə konsertləri zamanı onların adları qarşısında bir daha Azərbaycan sözü yazılacaq bununla da bizim qədər güclü sənət məktəbimizin, musiqi ənənələrimizin olduğu bütün dünyaya nümayiş olunacaq. İnanıram ki, məktəbi fərqlənmə ilə bitirən şagirdlərin sırasında da bu ənənəni davam etdirən, soraqları böyük səhnələrdən gələnlərlə fəxr edəcəyik. Buna görə pedaqoqlar fədakarlıqla işlərini davam etdirməlidir”.

    Nazir çıxışının sonunda bir daha bütün məzunları təbrik etdi, musiqi məktəblərinin kollektivlərinə uğurlar arzuladı.

    Daha sonra Əbülfəs Qarayev uşaq musiqi incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunlara şəhadətnamələri təqdim etdi.

 

 

    Lalə AZƏRİ

 

    Mədəniyyət.- 2018.- 15 iyun.- S.5.