“Azərbaycan əlyazmaları dünya kitabxanalarında”
İyunun 13-də
AMEA-nın Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda “Azərbaycan
əlyazmaları dünya
kitabxanalarında” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr olunub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dünya
kitabxanalarındakı Azərbaycanla bağlı əlyazmaların
araşdırılmasının vacibliyindən bəhs edib. Vurğulanıb ki, bu əlyazmaların milli,
dövlətçilik mövqeyindən, elmi
baxımdan öyrənilməsi imkanlarını bizə
dövlət müstəqilliyimiz bəxş edib.
Bu səbəbdən də əlyazmaların
problemlərinin müzakirə olunduğu
konfransın AXC-nin yubileyinə həsr
edilməsi tamamilə təqdirəlayiqdir.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli əlyazmaların
toplanılması, araşdırılması, tədqiqi sahəsində
həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Tədbirdə
Əlyazmalar İnstitutu direktorunun
elmi işlər üzrə müavinləri,
filologiya elmləri doktorları Aybəniz
Əliyeva-Kəngərlinin “Cümhuriyyət dövrünün
ədəbi konsepsiyası (M.Ə.Rəsulzadənin
ədəbi görüşləri)”, Paşa
Kərimovun “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi”
və digər mövzularda məruzələr
dinlənilib, müzakirələr aparılıb.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Mədəniyyət.- 2018.- 15 iyun.- S.5.