Qəlboxşayan
ahəng, təkrarsız həzinlik...
Unudulmaz xanəndə Qulu
Əsgərovun 90 illik yubiley
gecəsi
İyunun 13-də Beynəlxalq
Muğam Mərkəzində
tanınmış xanəndə, pedaqoq Qulu Əsgərovun 90 illik
yubileyinə həsr olunan tədbir keçirildi. Mərkəzin “Unudulmayanlar”
layihəsi çərçivəsində reallaşan
tədbirdə əvvəlcə xanəndənin ömür və sənət yolu
haqqında videoçarx nümayiş
etdirildi.
Yubiley gecəsinin
aparıcıları - Xalq artisti
Mələkxanım Əyyubova və Əməkdar incəsənət
xadimi Hafiz Quliyev xanəndənin həyat və
yaradıcılıq yolundan
danışdılar. Bildirildi ki, Qulu Rüstəm
oğlu Əsgərov 18 dekabr
1928-ci ildə Salyan şəhərində
dünyaya göz
açıb. Gənc yaşlarında rayon
teatrında çıxış edib. Gənc istedadların 1953-cü ildə keçirilən
respublika olimpiadasının qalibi olub. 1953-1958-ci illərdə
Asəf Zeynallı adına Musiqi Texnikumunda görkəmli xanəndələr Seyid Şuşinski, Nəriman
Əliyevdən ifaçılıq ənənələrini mənimsəyib
və muğamın sirlərinə dərindən yiyələnib.
Qeyd olundu ki, Qulu
Əsgərov yaradıcı sənətkar idi.
Xanəndə uzun müddət Azərbaycan
Dövlət Opera və Balet
Teatrında solist kimi
çalışıb. Məcnun, İbn Salam, Kərəm
(“Leyli və Məcnun”,
“Əsli və Kərəm” – Ü.Hacıbəyli),
Aşıq Qərib (“Aşıq Qərib” - Z.Hacıbəyov),
Şah İsmayıl (“Şah
İsmayıl” - M.Maqomayev)
obrazlarını böyük aktyorluq məharətilə hərtərəfli
canlandırmağa nail olub.
Onun lent
yazıları Azərbaycan Televiziyasının fondunda qorunur. Sənətkar
11 iyun 1987-ci ildə vəfat edib.
Tədbirdə
daha sonra akademik Vidadi Xəlilov, Xalq artisti Canəli Əkbərov,
Əməkdar incəsənət xadimi Rafiq Sadıqov xanəndənin
ifaçılıq sənətindən danışdılar. Onun muğam
ifaçılığı sənətinə verdiyi töhfələr yüksək qiymətləndirildi.
Vurğulandı ki, Qulu
Əsgərovun səsində bir ahəng,
təkrarsız həzinlik və çox
aydın diksiya vardı. Xanəndənin
ustalıqla tar çalmağı və bəstəkarlıq
qabiliyyəti də olub. O həm də xanəndəlik
sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən
gözəl pedaqoq idi.
Davamçıları muğam sənətində
böyük uğurlar
əldə edərək Qulu Əsgərov ənənələrini
yaşadırlar.
Çıxışlardan
sonra xalq artistləri
Mələkxanım Əyyubova, Teyyub Aslanov, Əməkdar artist
Ehtiram Hüseynov, muğam müsabiqəsinin qalibləri
Almaxanım Əhmədli, Mirələm Mirələmov
və Rəvan Əlvanoğlu vaxtilə Qulu
Əsgərovun ifa etdiyi
“Bəyənmir məni”, “Yada sal məni”, “Vurulmuşam ala gözə”, “İlk eşqim”, “Sev ki, sevən mərd olar”, “Əziz dostum” və
s. mahnılarını səsləndirdilər.
İfaçıları Xalq artisti Möhlət Müslümovun
rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına Xalq çalğı alətləri
ansamblı müşayiət edirdi.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2018.- 15 iyun.-
S.6.